Seçim sizindir, həzərat
Tarixən dünyamız müxtəlif öldürücü xəstəliklərin və dəhşətli müharibələrin şahidi olub. Baş verən xəstəliklərdən və müharibələrdən milyonlarla insan həyatını itirib, şikəst və əlil olaraq həyatlarını mənəvi sarsıntılar içində yaşamaq məcburiyyətində qalıb. Gözəgörünməz düşmən hesab olunan xəstəliklər müharibələrdən daha amansız olduğunu demək olar. Çünki epidemiya xarakterli xəstəliklər gözlənilmədən insanları haqlayır və onların həyatlarına son qoyur. Hələ 2500 il əvvəl Hippokrat qələmə aldığı əsrində qripi “yoluxucu öskürək epidemiyası” kimi təqdim edirdi. Ümumilikdə, bəşəriyyət (1-20 əsr-red) müxtəlif epidemiyalara yoluxma səbəbindən 800 milyona yaxın insan həyatını itirib. Vəba xəstəliyinin bəşəriyyətin inkişafına vurduğu ziyanın acı nəticələrini bu gün də insanlıq yaşamaqdadır. 1347-1351-ci illərdə Avropa əhalisinin 40 faizi vəbanın qurbanı olmuşdur. Ən böyük ziyanı isə Böyük Britaniya çəkmişdir. Bu bölgənin 12 milyon əhalisi vəba xəstəliyinə yoluxmaları səbəbindən həyatlarını itirmişlər. Hindistanın, Orta Şərqin və Çinin 80 milyona yaxın əhalisi vəbanın qurbanı olmuşdur. Deyilənlərə və yazılanlara görə,1534-cü ildə “İspan qripi”nin geniş yayılması səbindən Amerika qitəsində yaşamış hindulların demək olar ki, hamısı qırılmışdır. “Kolera” epidemiyasının yayıldığı 1860-cı ildən 1961-ci ilə qədər olan dövrdə dünyanın 60 milyon əhalisi bu virusun qurbanı olmuşdur. Hinduların həyatına son qoymuş “İspan qripi” sonradan Avropa və Asiya qitələrində peyda olmuş və yalnız 1918-1920-ci illərdə 50 milyon insanın həyatına son qoymuşdur. Yazılı məlumatlara görə, “İspan qripi”nin yayıldığı 6 ay ərzində 25 milyon insan həyatı ilə vidalaşmalı olub. 1980-ci ilin əvvəlindən isə daha bir ölümcül xəstəlik - QİÇS peyda oldu. ÜST-nın məlumatına görə, bu xəstəlikdən bu günə qədər 30 milyondan çox insan həyatını itirib. BMT-nin yaydığı hesabata görə, hal-hazırda 58 milyon insan HİV daşıyıcısıdır, hər il 5 milyon insan bu virusa tutulur və 3 milyon insan QİÇS-dən ölür.
Bu günə qədər bəşəriyyət xəstəliklərdən 800 milyon insan itirib
Müasir dövrümüzdə “Su çiçəyi” , “Ebola”, “Quş qripi” kimi xəstəliklərin mövcudluğu barədə məlumatlara rast gəlmişik. Nəhayət, 2020-ci ilin əvvəlindən dünya daha bir xəstəliyin- “Covid-19” koronavirus epidemiyasının yayılmasından və böyük öldürücü gücə malik olmasından xəbər tutdu. Dünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, bu günə qədər 120 milyona yaxın insan bu xəstəliyə tutulub, 2 milyon 800 min insan isə virusun qurbanı olub. Bəzi ölkələrin virusun qarşısının alınması üçün vaksinlər istehsal etmələri və tədricən insanları peyvəndləmələri o ümidləri yaradır ki, yaxın vaxtlarda bəşəriyyət növbəti öldürücü epidemiya bəlasından xilas ola biləcək. Yəni bu fakt bir daha onu təsdiq edir ki, ən dəhşətli xəstəliklər, epidemiyalar məhz tibbin, elmin inkişafı ilə aradan qaldırılır. Bununla belə gigiyenanın rəhbər tutulması, normal qidalanma virusun yayılmasının qarşısını alan amillərdəndir. Təbii ki, virusa qarşı mübarizə də effektiv nəticə əldə etmək üçün həm də, sosial məsafə qaydalarına riaət olunmalıdır. Dünya Səhiyyə Təşkilatının tövsiyyələrinə və Azərbaycan Respublikasının Nazirlər kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara görə, virusa yoluxmamaq üçün vətəndaşlar əsasən evdə olmalı, kütləvi tədbirlərə, qonaqlıqlara, gəzintilərə getməməli, ictimai nəqliyyatdan istifadə, mağazalarda alış-veriş edərkən ehtiyatlı davranmalıdırlar. Küçəyə çıxarkən mütləq qoruyucu maskadan istifadə olunmalıdır. Nəzərə almaq lazımdır ki, irəli sürülən tələblər, tətbiq olunan qaydalar insanları xəstəlikdən qorumaq məqsədi daşıyır. Bu baxımdan, hər bir ölkə vətəndaşı bu çətin vaxtda fərdi məsuliyyət nümayiş etdirərək tətbiq olunan karantin qaydalarına ciddi riayət etməli, özünü və ailə üzvlərini qorumağa çalışmalıdır. Qaydalara riayət olunsa, nə dövlət, nə cəmiyyət, nə də əhali zərər görməz. Birmənalı şəkildə demək olar ki, ölkəmizdə koronavirusla bağlı məsələ ilk gündən diqqət mərkəzindədir. Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci ilin 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Eyni zamnda, epidemiyanın ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.
Sosial şəbəkələrdə peyvəndlə bağlı ağzıgöyçəklik edirlər
Azərbaycan “Covid-19” virusunun qarşısını almaq məqsədilə Pekində yerləşən Sinovac şirkətinin "CoronaVac" peyvəndini almağı daha məqbul hesab edib. "Sinovac" peyvəndinin əsas üstün cəhətlərindən biri standart soyuducuda 2-8 dərəcədə saxlanıla bilinməsidir. Artıq ölkə əhalisinə vaksinasiya başlayıb. Məlumatlara istinadən demək olar ki, Azərbaycan Çindən 2 milyon insan üçün 4 milyon doza alıb. Vaksin bir insana iki dozada vurulacaq. Dozalararası müddət 21 gün müəyyənləşdirilib. Təəssüf hissi ilə bildirmək lazımdır ki, bəzi vətəndaşlar vaksin olunmaq istəmirlər. Bu azmış kimi sosial şəbəkələrdə peyvəndlə bağlı bir növ ağzıgöyçəklik edirlər. Yazırlar ki, vaksin insanları kodlaşdırmaq, bir növ xarici kəşfiyyat orqanları tərəfindən idarə edilməsi üçün vurulur. Maraqlıdır ki, elə insanlar var ki, sosial şəbəkələrdə yayılan və yazılan cəfəng yanaşmalara inanırlar. Bundan çıxış edərək, vaksin barədə öz iddialarını əlavə edib, tirajlayırlar. Özləri və ya yaxınları virusa yoluxub, çabalar edəkən dövlət qurumlarını qınayırlar. Ancaq başa düşmürlər ki, yuxarıda qeyd etdiyim kimi, dövlət pandemiya dövründə hansı addımı atır və qərarlar qəbul edirsə, hamısını insanların sağlamlığının qorunması üçün edir. Söz yox ki, pandemiya dövründə müəyyən sahələrdə qapanmaların tətbiq edilməsi əhalinin müəyyən təbəqəsinin maddi durumuna təsir edir. Lakin nəzərə almaq lazımdır, dövlətimiz bu kimi məsələləri də nəzərə alıb və həssas təbəqə qrupuna yardımlar göstərir.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, hökumət koronavirus böhranının təsirlərini azaltmaq üçün bütün zəruri tədbirləri görür: “Bunun üçün cənab Prezidentin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. O qeyd edib ki, Azərbaycan dövləti də bu qlobal şokun təsirini azaltmağa, daha az itki verməklə dövrü geridə qoymağa çalışır. Bunun üçün vacib şərtlərdən biri də virusun özündən də sürətlə yayılan informasiya ilə manipulyasiya etməməkdir. Çünki panika bəzən problemin miqyasını dəfələrlə artırır. Xatırladım ki, dünyada Çindən sonra ən çox virusa yoluxma halı olan üç ölkədən biri - İranla sərhədimiz 765 km-dir. Xüsusən də nəzərə almaq lazımdır ki, İranda da ən çox yoluxma halı olan vilayətlərdən biri - Gilan ostanı Azərbaycanla sərhəddədir. Bu halda Azərbaycan insanlarının sağlamlığını qorumaq və iqtisadiyyata olan mənfi təsirləri azaltmaq üçün dövlətlə bərabər hamı birlikdə çalışmalıdır. Xüsusən də, bu aralarda kəmfürsətçillik etmək daha çox qəbahətdir. Məsələn, Çinin və dünyanın aparıcı biznesləri sosial məsuliyyətini başa düşərək problemin həlli üçün dəstək tədbirləri həyata keçirirlər. İnanırıq ki, Azərbaycan dövləti qlobal miqyasda yaranmış bu sınaqdan da uğurla çıxacaq”.
Bir sözlə, görünən fakt ondan ibarətdir ki, Azərbaycan dövləti pandemiyanın insan sağlamlığına vura biləcəyi zərəri aradan qaldırmağa və iqtisadi problemləri minimuma endirmək üçün lazım olan bütün tədbirləri ən yüksək səviyyədə edir. Qalır ancaq bu məsələlərin həllində vətəndaş məsuliyyəti. Vətəndaşlar öz məsuliyyətlərini dərk edib, qaydalara riayət edərlərsə, xalqımız və dövlətimiz bu ağır, üzücü problemdən də uğurla çıxacaq. Bu baxımdan, sağlamlığınız öz əlinizdədir, həzərat!
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB