Bakının cənub girişində yaşıllıq salındı - FOTOREPORTAJ

Bakının cənub girişində yaşıllıq salındı - FOTOREPORTAJ

Novruz bayramı qabağı Torpaq çərşənbəsi günündə Bakı şəhərinin əsas girişi olan Yeni Salyan şossesinin kənarında, Jurnalist şəhərciyinin yanında 400-dək ağac əkilib. Ərazidə təşkil olunan ağacəkmə kampaniyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri, həmçinin Jurnalist şəhərciyindəki binalarda yaşayan sakinlər iştirak edib.

Əkilən ağaclar arasında şam və küknar sortları, nar, zeytun, badam, ərik, yapon əzgili kimi yerli iqlim şəraitinə və torpağa uyğun tinglərə üstünlük verilib. Əkilən ağaclara peyin verilib, tinglər küləyə qarşı dirəklərlə bərkidilib.

Ağac əkilməsi kampaniyasında MEDİA rəhbəri Əhməd İsmayılov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak ediblər və ərazidə ağac əkiblər. Tədbirdə iştirak edən jurnalistlərə bayram səməni səbəti hədiyyə edilib. Eyni zamanda, öz bağ sahələrində ağac əkmək üçün müraciət edən media nümayəndələrinə hədiyyə olaraq əlavə meyvə tingləri paylanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın qəzetimizə verdiyi məlumata görə, ərazidə yaşıllaşdırma işləri mütamadi davam etdiriləcək, süni suvarma sistemi quraşdırılacaq, ağacların qurumamasına nəzarət ediləcək.

Qeyd edək ki, paytaxtın mərkəzinə əsas giriş yolu olan Yeni Salyan şossesinin ətrafı (Bibiheybət məscidi ilə Su İdmanı Sarayının arası) çılpaq və boz çöllükdən ibarətdir. Burada yolun dəniz tərəfi köhnə yararsız neft buruqları və köhnə tikililərlə doludur, ərazi isə bərk gilli torpaqdan ibarətdir. Şəhərimizə girişdəki bu cansıxıcı mənzərə nəticəsində paytaxta daxil olanlarda ilk təəssürat çox pis formalaşır.

Dəfələrlə burada yaşıllıq və ya park salmaq barədə təkliflər irəli sürsək də, ərazinin sahibi olan ARDNŞ tərəfindən heç bir tədbir görülmür. Yolun əks tərəfində isə bir neçə ildir ETSN tərəfindən yaşıllıq salınır.

Bu ərazinin yaşıllaşdırılması şəhərimizə daxil olan qonaqlarda ilk təəssüratın müsbət formalaşmasına təsir edərdi. Bundan başqa, buradakı pis ekoloji şəraitin sağlamlaşdırılması ərazidə yaşayan sakinlər üçün də faydalı olardı. Ümidvarıq ki, Dövlət Net Şirkəti də həmin ərazinin yaşıllaşdırılması üçün işlərə başlayacaq.

Elçin

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə