Xalqımızın ən əziz bayramı ərəfəsində Bakı və Abşeron ərazisində üç fərqli ünvanda bayram yarmarkaları təşkil olunub. Martın 13-dən 19-dək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən təşkil olunan "Kənddən şəhərə" yarmarkalarının məqsədi əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.
Bu il Novruz yarmarkası karantin rejiminin tələblərinə uyğun təşkil olunub. Fermerlər əvvəlcədən tibbi müayinədən keçirilib, tibbi ləvazimatlarla təmin olunublar. Təbii ki, yarmarkanın sayının da az olması pandemiyanın yaratdığı çətinliklərlə əlaqədardir. Yarmarkalarda müvafiq şərait yaradılıb. Əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, sui-istifadə hallarının aradan qaldırılması üçün tədbirlər görülüb. Bayram yarmarkalarında respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Fermerlər üçün yarmarkalarda həmçinin malının reklamına da imkan var. Paytaxt sakinləri də başqa bir yerə getmədən, bayram nemətlərini bir məkandan əldə edə bilirlər. Satışa çıxarılan məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur. Novruz yarmarkalarında vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə bilirlər. Məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu da yoxlanılıb.
Fəaliyyət göstərən bayram yarmarkalarına mövsümə uyğun olaraq əsasən, meyvə-tərəvəz, ərzaq və digər məhsullar çıxarılmışdır. Qiymətlər pərakəndə satış məntəqələri ilə müqayisədə məhsullardan asılı olaraq 20-30, bəzən də 40-50 faiz aşağıdır. Bayram ərəfəsində yaradılan şərait paytaxt sakinlərində məmnunluq yaradır. Bayram süfrəsi üçün lazım olan hər bir məhsul bu yarmarkalarda var.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB