44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad etdi və bu gün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və xalq-iqtidar birliyi bu qələbənin qazanılmasında əsas amillərdəndir. Azərbaycan ordusunun qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan döyüş meydanında uduzduğunu aydın dərk etdi. Dünya mətuatında, efirində Azərbaycanla bağlı olan həqiqətlər milyonlara insanlara çatdırıldı. Bütün dünya erməni vandalizmini və barbarlığını, erməni faşist ideologiyasını gözləri ilə görmüş oldu. Dünyanın hər yerindən Azərbaycan səsi, sorağı eşidildi. Azərbaycanın uğurları, qalibiyyəti, işğaldan azad olunan ərazilərimizdə yerləşən abidələrin ermənilər tərəfindən dağıdılması, təbii ehtiyatların talanması və s. dünya ictimaiyyətinə ardıcıl olaraq çatdırıldı.
Ötən əsrin son illiyində baş verən ictimai-siyasi proseslər nətcəsində xalqın milli varlığını, onun tarixini əks etdirən abidələrin Ermənistan təcavüzkarları tərəfindən necə dağıdılması da əsas manjetə çevrildi. Ermənilərin ərazilərimizi tərk edərkən ağacları kəsərək özləri ilə aparması, heyvanları belə qəddarlıqla tələf etmələrinin canlı şahidinə çevrildilər. Beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını bir daha ortaya qoymuş oldu. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın bir çox ölkələrindən ölkəmizə ezam olunmuş KİV nümayəndələrinin gözü qarşısında baş verdi. Erməni terroristlərinin dinc əhaliyə qarşı törətdikləri cinayətlər sənədlərin dili ilə izləyicilərə çatdırıldı.
Ermənilərin cinayətkar izi bu torpaqlardan silinməyib və məqam yetişdikcə dünya ictimayyəti bu vəhşiliklərlə tanış olacaqlar. Azərbaycan xalqı da 30 ilə yaxın bir zamandan sonra işğaldan azad olunmuş torpaqlarımızda bu vəhşiliklərlə daha yaxından tanış olur. Bildiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə media və QHT rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib.
Ermənistan qanunsuz silahlı birləşmələri tərəfindən dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına küllü miqdarda ziyan vurmuşdur. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun konvensiyasına zidd olsa da işğal altında və Ermənistanda qalan Azərbaycan mədəniyyət abidələrinin əksəriyyəti məhv edilib.
Səfər çərçivəsində nümayəndələr Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşlarının minatəmizləmə əməliyyatları ilə tanış olublar. Nümayəndə heyəti Ağdam rayonunda olarkən erməniləri həyata keçirdiyi terrorçuluğun, vandallığın şahidinə çevriliblər. Belə ki, Ağdam rayonunda Şahbulaq qalasında olan nümayəndələrə Qarabağ ərazisindəki ən məşhur abidələrdən olan XVIII əsrə aid Şahbulaq qalası haqqında məlumat verilib. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Pənahəli xan Şuşa qalasını inşa edənə qədər Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib. Hazırda Şahbulaq qəsr kompleksindən təpə üzərində ucalan qala və məscid binası qalıb. Düşmən 1993-cü ildə Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi, Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, lakin buna nail olmayıb. Yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.
Nümayəndə heyəti səfər çərçivəsində erməni vəhşiliyi, erməni təcavüzvarlığı ilə qarşılaşıblar. Bəli, bu gün 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımıza səfər edirik. Səfər çərçivəsində Ağdam rayonunda olan Cümə məscidi də ziyarət olunub. Qeyd edək ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib və bu məscid "Qarabağ məscid memarlığı" məktəbinə aiddir. Nümayəndə heyətinə məscidlə bağlı məlumat verilib. Ağdam məscidi ermənilər tərəfindən dağıntılara məruz qalıb, minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Cümə məscidi ölkə əhəmiyyətli abidələr siyahısındadır.
27 ildən sonra Ağdam da Azərbaycana qaytarıldı, özü də qan tökülmədən qaytarıldı. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olarkən çıxışı zamanı vurğuladığı kimi "Ağdam şəhərini və Ağdam rayonunun işğal altında olmuş torpaqlarını biz bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək məcbur etdik ki, Ağdam rayonundan çəkilsin".
Ağdam şəhərinə səfəri zamanı dövlət başçısının Məkkədən gətirdiyi "Qurani-Kərim"i Ağdam məscidinə bağışladı. Artıq Ağdamda abadlıq-quruculuq işləri həyata keçiriləcək. Bu məkanların infrastrukturu yenidən qurulacaq, müasirləşəcək, yeni yollar çəkiləcəkdir. Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa edəcək, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşacaqdır. Zaman yetişəcək biz işğaldan azad olunan məkanlarımızın müasir, inkişaf etmiş mənzərəsi ilə qarşılaşacağıq. O zaman bu gün gördüklərimizdən fərqli bir məkanla tanış olacağıq.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB