"Pandemiya dövründə ailədə stres ona görə yaranıb ki..." - MÜSAHİBƏ
Psixoloq, konfiliktoloq Cəmilə Hacıyevanın SİA-ya müsahibəsini təqdim edirik:
- Bu gün ailə möhkəmliyini saxlayan dəyərlər unudulubmu?
- Ümumiyyətlə, ailənin möhkəmliyi iki fərdi xarakterə sahib insanın davranış düşüncə və xarakterindən asılıdır. Çünki ailə dedikdə, iki fərqli və fərdi şəxs gözümüzün qarşısına gəlir. Yəni, bu iki fərqli xasiyyətə, yaşam tərzinə, düşüncəyə malik insanların bir araya gəlməsi nəticəsində ailənin bünövrəsi qoyulur və yeni bir ailə strukturu formalaşır. Təbii ki, iki insan arasında anlaşılmazlıqlar ola bilər. Lakin bu anlaşılmazlıq dərin nüanslara gedib çatırsa, bu zaman danışaraq problemləri həll etmək yoluna fokslanmalıdırlar. Əgər özləri bu problemlərin öhdəsindən gələ bilmirlərsə, məsləhət görərdim ki, bir ailə psixoloqundan məsləhət alsınlar. Təbii ki, effektiv nəticə göstərəcək. Çünki ailələr əgər özləri öz problemlərinin həllində çətinlik çəkirlərsə, bu zaman ailə psixoloqları onlara öz mənəvi dəstəyini verəcək. Fikrimcə, ailələrdə bu düşüncə var ki, mən niyə ailə psixoloquna müraciət edim? Çalışırlar ki, ailədaxili münaqişələri ilə bağlı problemlərini öz ailələri içərisində həll etsinlər. Ailə müdaxiləsi olduqda konfiliktlər, anlaşılmazlıqlar daha da böyüməyə başlayır. Ailə psixoloqunun fərqi bundan ibarətdir ki, məsələyə olduğu kimi yanaşmaq və iki insanı qınamadan, mühakimə etmədən, dinləyib dediklərindən nəticə çıxaran şəxsdir və münaqişənin həlli yolunda fikirlər irəli sürən mütəxəssisdir. Bu, onlar üçün çox faydalı olacaq və ailənin dağılmasının qarşısını alacaq.
- Nəyə görə ailələr artıq uzun ömürlü olmur?
- Təbii ki, bu məsələnin arxasında çox səbəblər dayanıb. Ailə qurmadan öncə sevgili, nişanlı olan müddətdə bu iki insan bir-birlərini yaxşı tanımağa üstünlük vermirlər və ya bir-birlərini olduğu kimi təqdim etmirlər. Artıq iki fərd bir-birlərini olduğu kimi təqdim etmədiyi təqdirdə ailə quran zaman bu “məni” gizlədə bilmirlər və bu zaman iki insan arasında problemlər, münaqişələr yaranır. Hətta bu prosesi cütlüklər belə ifadə edirlər ki, "evlilikdən sonra dəyişib mən onu belə tanımamışam". Bu da ailədə çaxnaşmalara səbəb olur.
- Boşanan cütlüklər ortaq qərara gəlmir?
- Bu sualı açıqlayarkən bildirmək istəyirəm ki, onlar ailədə münaqişələr olduğu zaman o münaqişəni dalaşaraq deyil əksinə danışaraq həllinə fokslanırlarmı? Yəni ailədə belə bir problem varsa müzakirə edilirmi? İki tərəf də problemin həllinə cəhd göstərirmi? Məhz fikrimcə ən önəmli fakt budur. Əgər bir ağacın kökü yoxdursa, o heç vaxt böyüyüb budaqlana bilməz. Biz problemin nədən qaynaqlandığını tapırıq. Biz ağacın kökünü və problemin qaynağını tapırıq. Çox ailələrlə işləyən bir psixoloq olaraq söyləyə bilərəm ki, öndən gələn fikir budaqdır. Biz onun kökünü axtarmalıyıq ki, dərinliklərdə nə gizlənir. Düşünürəm ki, insanların ailə psixoloquna müraciət etməsi onların həyatına çox müsbət təsir edəcək. Bu halda məsələ boşanmaya qədər uzanmayacaq və böyüməyəcək.
- Boşanan cütlüklər niyə ortaq qərara gəlməyib düşmən kimi ayrılırlar? Pandemiya dövründə boşanmaların sayının artmasının səbəbi nədir?
- Pandemiya dövründə insanların işlərinin müvəqəti olaraq dayanması, maddi sıxıntı çəkməsi, xəstələnmək qorxusu, evə qapanma isə özündə gərginlik stress yaradıb ki, bu problem də ən birinci ailələrə təsir edib. Pandemiya dövründə ailədə problemlərin olması bizə göstərir ki, əslində bu problemlər əvvəlcədən olub, lakin pandemiya dövrü bu problemi aşkara çıxardıb. Bu səbəblər və buna əlavə olaraq pandemiyanın gətirdiyi mənfiliklər ailədə boşanmaya gətirib çıxardır. Fikrimcə, ailələr stresli və gərgin anlarda qərar verməyə tələsməsinlər. Azərbaycanda ailə psixoloquna getmək yaxşı qarşılanmır, lakin son dövrlərdə bu fikir dəyişib.
- Boşanma zamanı depressiyaya düşən insanlar nə etməlidir ki, bu müddətin üstəsindən asanlıqla gələ bilsinlər ?
- Ümumiyyətlə vurğulamalıyam ki, boşanma prosesi asan bir müddət deyil və müəyyən müddət boşanan insanlarda kədər stress və ya əsəbi hallar müşahidə edilə bilər. Bunun səbəbi isə ailəyə verilən əmək və zamandır. Lakin şəxsdə mənəvi boşluq, depressiya varsa bu zaman o yaşadığı situasiyanı qəbul etməyi bacarmalıdır. O dərk etməlidir ki, artıq boşanıb və bu hər iki şəxs üçün doğru seçimdir və bu bir qərardır. İnsan öz-özünə deməlidir ki “mən bu hadisəni yaşadım və qəbul etməliyəm”. Pandemiya dövründə ailədə problemlərin olması bizə göstərir ki, əslində bu problemlər əvvəlcədən olub, lakin pandemiya dövrü bu problemi aşkara çıxardıb. Bu səbəblər və buna əlavə olaraq pandemiyanın gətirdiyi mənfiliklər ailədə boşanmaya gətirib çıxarır. Fikrimcə, ailələr stresli, gərgin anlarda qərar verməyə tələsməsinlər.
Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB