Uşaq tərbiyəsində bu məqama ciddi diqət yetirilməlidir - ARAŞDIRMA

Uşaq tərbiyəsində bu məqama ciddi diqət yetirilməlidir - ARAŞDIRMA

Yaşa və faydalılığına görə seçilməyən oyuncaqlar uşaqlarda hansı problemlər yarada bilər?

Böyük əksəriyyətimizin evində körpə var, körpə olduğu evdə də sözsüz ki, oyuncaqlar da var. Bir çoxumuz uşaqlarımıza oyuncaq alarkən hər nüansa diqqət yetiririk, bəzilərimiz isə “oyuncaq olsun” fikrilə gördüyümüzü alırıq. Ya da yeni çıxan, reklam olunan, dəbə minən istənilən oyuncağı alırıq. Bəs bunun təhlükəsindən nə dərəcədə xəbərdarıq?

Psixoloq: "Zərərli oyuncaqlar uşaqlarda ciddi problemlər yaradır"

Adamın əhvalını pozan, əsəbləşdirən, səs-küylü əcaib musiqilər çox vaxt uşaq oyuncaqlarında quraşdırılır. Ökəmizdə satılan oyuncaqların demək olar ki, hamısı bizə yad ölkələrin məhsuludur. Təbii ki, oyuncaqlara da yad mədəniyyətə aid musiqilər və səslər qoyulur. Hətta ən zərərli musiqi növü olan rok mahnıları qoyulan oyuncaqlar da çox satılır. Körpə gözünü açandan yad nəğmələr, mahnılar, sözlər eşidir, o ruhda böyüyür.

Oyuncaqlara qoyulan belə musiqilər psixologiyanı darmadağın edir. Çünki altşüur ətrafdan qəbul olunan səsləri yaddaşa yazır və sonralar bu məlumatlar əsasında xarakter və xüsusisyyətlər formalaşır.

Təsəvvür edin ki, uşaqlar üçün avtomat, tapanca istehsal edən ölkələr hər biri öz dilində “əllər yuxarı”, “atəş” sözünü diqtə edirlər. Dili yenicə açılmış, hər sözü beyninə yazan körpə isə bunun mənasını bilmədən sözün əsirinə çevrilir, yaş irəlilədikcə bu sözlərin “ölüb-öldürmək” olduğunu anlayır. Əslində isə, alt şüurda bu assossasiya artıq çoxdan baş verib və bu da uşağın psixologioyasının formalaşmasında öz təsirini göstərib.

Psixoloq Aida Qarayeva bildirir ki, bizim ölkədə körpə anadan olan kimi ona “şıq-şıq” dediyimiz oyuncaqlar alırlar: “Hərə əlinə bir şıq-şıq alıb dayanır körpənin beşiyinin başında, başlayırlar cingildətməyə, şıqqıldatmağa. Təsəvvür edin ki, yetişkən bir insan dəmirkəsənlə dəmir kəsiləndə oradan çıxan səsdən necə narahat olursa, körpə də o şıqqıltıdan narahat olur. O yeni doğulub, bu günədək yaşadığı yer, ana bətni çox sakit və rahat bir yerdir, ora adaptasiya olmuş körpənin birdən birə səs-küylü bir mühitə düşməsi olduqca mənfi nəticələr verə bilər”.

Mütəxəssisin sözlərinə görə, o cür oyuncaqları körpəyə yalnız bir yaşından sonra vermək olar: “Bir şərtlə ki, həmin oyuncaqlar keyfiyyətli materialdan olsun. Çünki keyfiyyətsiz, zərərli tullantılardan hazırlanan oyuncaqlar uşaqlarda dəri-zöhrəvi xəstəlikləri, hətta xərçəngə belə səbəb ola bilər”.

Uyğun olmayan oyuncaqlar uşağa necə təsir edir?

Kanadada aparılan bir elmi araşdırma zamanı məlum oldu ki, hərəkətli oyuncaqlar uşaqların inkişafında və hərəkətlərinin doğru istiqamətləndirilməsində olduqca böyük əhəmiyyətə malikdir. Amma bir şərtlə ki, bu cür oyuncaqlar uşağa zamanında verilsin. Belə ki, bir yaşından qabaq körpəyə hərəkət edən oyuncaqların verilməsi düzgün deyil.

Kanadalı mütəxəssislər bildirir ki, yaxşı olar ki, körpə iməkləsin və ya yerisin, daha sonra ona hərəkət edən oyuncaqlar verilsin. Körpələr üçün iməkləməyə və yeriməyə başlamaq azadlıqlarına qovuşmanın ilk addımıdır. Hərəkət qabiliyyətləri artdıqca, gördükləri hər hərəkətli obyekti tutmaq və araşdırmaq üçün həvəslidirlər. İməkləməyə başlayan uşaq hərəkət edən oyuncağın arxasınca iməkləyə-iməkləyə hərəkət etmiş olur və fizikin cəhətdən daha yaxşı inkişaf edir.

Əgər körpə hələ yerimir və ya iməkləmirsə ona hərəkət edən oyuncağı vermək düzgün deyil, çünki oyuncağın arxasınca gedə bilməyəndə körpə əsəbi hal alır. Ona görə də, pultlu maşın və ya digər oyuncaq almaqdansa, sadə, formasını dəyişdirmək mümkün olan oyuncaqlar məsləhətdir.

Bu gün oyuncaq istehsalı olduqca inkişaf edib, hər gün yeni bir oyuncaq dizayn edilərək bazara çıxarılır. Qız uşaqları daha çox gəlincik və ya miniatür ev əşyalarına üstünlük verir, oğlanlar isə daha çox konstrukturlar, silah, mexaniki, elektronik oyuncaqlarla maraqlanır. Gəlinciklərə gəldikdə, qız uşaqlarına valideynlər daha çox Barbi kuklaları alırlar. Bu bizim mədəniyyətə yad formada bir gəlincikdir. Təəssüf ki, ölkəmizdə oyuncaq fabriki yoxdur deyə məcburən xarici oyuncaqlar alınır, amma yenə də oyuncağın uşağın böyüdüyü, tərbiyə aldığı mühitə, mədəniyyətə uyğun olmasına fikir verilməlidir.

Sovet dövründə Bakıda Oyuncaq Fabriki fəaliyyət göstərirdi və orada milli mədəniyyətimizə aid oyuncaqlar, gəlinciklər və bu kimi məhsullar istehsal olunurdu. Yaxşı olardı ki, həmin fabrik bərpa olunsun və uşaqlarımız ilk yaşlardan öz milli mədəniyyətimizə məxsus oyuncaqlarla böyüsün.

Hansı yaşda hansı oyuncaqlar vacibdir?

Mütəxəssislər uşaqlara yaşa görə oyuncaq alınmasını məsləhət görürlər. Pedaqoqlar oyuncaqların yaşa görə bölünməsini bu cür sıralayırlar:

0-6 ay - Zamanının böyük bir hissəsini yataraq keçirən yeni doğulmuş körpəniz üçün yuxu, inkişafı baxımından çox vacibdir. Məhsuldar bir yuxu üçün, körpənizin yuxusuna mane olan bütün faktorları ortadan qaldırmalı, ona rahat və etibarlı bir mühit yaratmalısınız. Bu ərəfədə ona zəngli, musiqili və şıqqıltılı oyuncaqlar verməyin. Onun üşün ən yaxşısı sadə formalı, səs-küyü olmayan zərif parçadan olan oyuncaqlardır.

6-12 ay - Bu dövrdə körpənin duyğu orqanları inkişaf edir. Buna görə də fərqli rənglərdə və fərqli parça və məhsullardan hazırlanmış oyuncaqlarla oynaması, toxunma duyğusu və anlayış qabiliyyətinin inkişafı baxımından olduqca faydalıdır. Bu dövdə ona iç-içə keçə bilən qablarla və ya fərqli boyda və şəkildəki qutularla oynamaq üçün şərait yaradın. Bu, körpənin bir çox bacarığını inkişaf etdirməsini təmin edir. Onları bir-birinə vuraraq, iç-içə və ya üst-üstə qoyaraq fərqli əyələncələr yarada bilər.

12-24 ay - Səsli oyuncaqlar, bu dövrdə uşağın olduqca marağına səbəb olur. Çalışmaq lazımdır ki, qulağa xoş gələn musiqilərlə zəngin oyuncaq alasınız. Bunun üşün daha əlverişlisi odur ki, heyvan səsləri çıxaran oyuncaqlara üstünlük verilsin. İt hürməsi, pişik miyovlaması, cücə cikkildəməsi, xoruz banlaması kimi səsləri bu vasitə ilə öyrənə bilər. Bu uşağınıza həm ətraf aləmi kəşf etməyə kömək edər, həm də yad musiqilərin kobud təsirindən qoruyar.

2-5 yaş - 2 yaşına qədər tək oyun oynamağı seçən uşaqlar üçün ilk yoldaşlıq əlaqələri bu dövrdə başlayır. Artıq özlərinə tərəf müqabili axtarmağa başlayan bu yaşda olan uşaqlar bu vasitə ilə paylaşmağı, dostluğu öyrənir. Mümkün qədər övladınızı həyatla uzlaşmayan, fantastik oyun qəhrəmanlarının oyuncaqlarından uzaq tutun. Körpə nə qədər realist ruhda böyüsə, bir o qədər əqli və fiziki cəhətdən sağlam olar. Bu yaşda uşaqlara daha çox konstruktiv oyuncaqlar almaq lazımdır. Uşaqlar bu dövrdə boyama kitablarını da çox sevirlər.

5-6 yaş - Bu yaşda domino, dama, şahmat kimi nizamlı oyunlar vacibdir. Digər stolüstü oyunlar- futbol, xokkey və sair ikitərəfli oyunları öyrətmək lazımdır. Konstruktor oyunları daha yaxşıdır. Kubik-rubik tipli əl qurğuları da xeyli faydalıdır. Bundan başqa, əl işləri edə biləcək dəstlər ala bilərsiniz ki, özü nə isə düzəltsin.

Ekspert: “Düşündürən və inkişaf etdirən oyuncaqlar seçilməlidir”

Sağlam Cəmiyyət Hərəkatının eksperti, Nübar İsmayılovanın fikrincə, oyuncaqlar, bir tərəfdən körpə üçün əyləncəli anlar yaradar, digər tərəfdən də olduqca təsirli və tərbiyəvi vəzifəni boynuna götürür: “Uşaqların ruhi, əqli və fiziki inkişafı baxımından ən təbii və ən aktiv öyrənmə zamanı oyuncaqlarla təmas əsnasında yaranır. Körpələrin ilk oyuncaqları arasında mütləq zərif, sadə, keyfiyyətli materialdan, yumşaq oyuncaqlar olmalıdır. Mümkün qədər parlaq rəngli oyuncaqlardan uzaq durun”.

Mütəxəssis bildirir ki, yaşına uyğun oyuncaq seçimi körpənin zəka inkişafını sürətləndirir: “Çünki, bu oyuncaqlar məhz uyğun yaş üçün nəzərdə tutulub. Oyuncaq seçimi edərkən həmişə keyfiyyəti əsas planda tutmalı, uçağın psixoloji inkişafı üçün faydalı olanı seçmək lazımdır. Əgər yaxşı oyuncağa pulunuz çatmırsa, onda heç olmasa pisini də almayın. Uşağınızın xarici multfilmlərdə görüb istədiyi oyuncaqları yox, onun sağlamlığına və inkişafına faydalı olacaq oyuncaqları almağa çalışın”.

Ekspertin fikrincə, 3 və ya daha yuxarı yaşlı uşaqlar üçün oyuncaq alarkən daha çox stolüstü oyun növlərinə, ikitərəfli və çoxtərəfli kollektiv oyunlara, həmçinin, konstruktor dəstlərinə, beyinin inkişafına kömək edən kubik-rubik tipli məhsullara üstünlük vermək lazımdır. Bir sözlə uşaqları düşündürən, dünyagörüşünü artıran, kollektivçiliyə yönəldən, əqli, fiziki və psixoloji inkişafına kömək edən oyunlar alınmalıdır. Əlbəttə, buraya kiçik idman qurğularını və ləvazimatlarını, velosipedləri və s bu kimi məshulları da əlavə etmək lazımdır. Valideynlər ağıllı olduqda uşaq da ağıllı, sağlam və savadlı böyüyür, cəmiyyətə layiqli fərd kimi yetişir”.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə