Ulu Öndər Heydər Əliyevin siyasi irsi öyrənilməli və daim təşviq olunmalıdır
Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Azərbaycan özünün müstəqilliyini 1991-ci il, oktyabrın 18-də bəyan edib. YAP isə 1992-ci il, noyabrın 21-də yaradılıb. Həmin illər Azərbaycan üçün ən ağır və məsuliyyətli dövr idi. YAP məhz həmin günlərdə müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürərək yarandı və bugün əminliklə demək olar ki, partiyanın o dövrlərdə qarşısını qoyduğu hədəflər bugün tamamilə reallaşdırılıb. Azərbaycan bu gün 1990-cı illərin əvvəllərindəki o dövlət deyil. İstər iqtisadi baxımdan, istər bölgədə və dünyada oynadığı rol baxımından, istərsə də xalqın öz hakimiyyətinə inamı baxımından Azərbaycan bugün tamamilə fərqli bir imicdədir. Bunu ən mötəbər qurumların sorğuları və rəyləri də sübut edir.
Şübhəsiz ki, müstəqil Azərbaycan Respublikasının bugününün memarı Ulu Öndər Heydər Əliyevdir. Belə ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar vardır. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparır, ən taleyüklü məqamlarda qalib rolunu oynayırlar. Bu baxımdan ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Qeyd edək ki, Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gələrkən sözün əsl mənasında uçurumun kənarında olan ölkəyə rəhbərlik edəcəyini anlayırdı. Ölkə daxili çaxnaşmalarla qaynayır, vətəndaş müharibəsinin sadəcə bir addımlığında mövqe tuturdu. Digər tərəfdən isə erməni qəsbkarlarının təcavüzkar hücumları davam edir, ölkənin bir ucundan bir ucuna məcburi köçkünlərin axını baş tuturdu. Bir tərəfdən də Azərbaycan Heydər Əliyevdən öncəki dövlət rəhbərlərinin naşı və yarıtmaz fəaliyyəti nəticəsində qonşu ölkələrlə də münasibətləri korlamış və daha da dəhşətlisi informasiya blokadasında qalmışdı. Bu isə elə bir vəziyyətə gətirib çıxarmışdı ki, Azərbaycan haqlı olduğu halda təcavüzkar kimi dünyada tanınır, hətta sanksiyalara məruz qalırdı. Əlbəttə ki, problemlərın sayı-hesabı yox idi. Amma bu problemlərin həlli Heydər Əliyevdən başqası tərəfindən də mümkün deyildi. Və tarix bu fikrin reallığını sübut etdi. Beləliklə, bu gün Azərbaycan dünya siyasi arenasında layiqli yer tutan, etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanınır. Təbii ki, ölkəmiz bu mərhələyə - bugünkü yüksəliş və inkişaf dövrünə asanlıqla çatmayıb. Azərbaycanın müstəqil, qüdrətli ölkə kimi tərəqqi yoluna çıxmasında lider amili əvəzsiz – həlledici rol oynayıb. Bəli, biz bu gün böyük qürurla – iftixarla qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Yəni, Ulu Öndər müstəqil Azərbaycanın banisi, xalqımızın və dövlətimizin xilaskarıdır.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Qarabağı azad etmiş gənc nəsil Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Bu illər ərzində gənclərimizin məhz vətənpərvərlik ruhunda tərbiyə alması, onlarda olan düşmənə nifrət hissi bizi böyük Qələbəyə apardı və Azərbaycanın tarixi ədaləti bərpa etməsinə töhfə verdi. Qeyd edim ki, Vətən müharibəsində gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bir yumruq kimi birləşdi. 44 günlük müharibənin əsas qəhrəmanları məhz gənclərimiz oldu, gənc hərbçilərimiz fədakarlığı və qəhrəmanlığı ilə tarix yazdılar. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda vətənpərvər və milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Bu gün hər bir azərbaycanlı gündən-günə qüdrətlənən və çiçəklənən bir ölkədə yaşamaqdan, müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmaqdan qürur duyur və fəxr edir ki, millətimizin, Vətənimizin, dövlətçiliyimizin taleyi etibarlı əldədir. Hamımız ürəkdən əminik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox-çox uğurların sevincini yaşayacaq, daha möhtəşəm qələbələrin şahidi olacağıq. İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparacaq liderdir. Onun misilsiz fəaliyyəti Azərbaycanın bugününün təminatıdır. Bugün isə Azərbaycan Cənubi Qafqazın lider ölkəsi, bölgədə sülhün təminatçısıdır. Bununla yanaşı, Prezident İlham Əliyevin neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi ideyası və bu fenomenal ideyanın bu gün çox məharətlə reallaşdırılması faktı Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirən mühüm faktorlardan biridir. Ölkə başçısının da dəfələrlə bildirdiyi kimi, bugün Azərbaycan dövlət siyasətinin mərkəzində insan amili dayanır. Bu ölkəmizin sosial yönümlü siyasət aparmasının da əyani təzahürüdür. Sonda bir daha vurğulamaq istərdim ki, ötən həftə keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı da Azərbaycanın yeni dövrə qədəm qoymasının sübutu idi. Hazırda bölgədə yaranan yeni geosiyasi vəziyyətdə bu tarixi zərurət idi. Qurultayda ölkə başçısı, Partiya sədri cənab İlham Əliyev tərəfindən partiya üzvlərinin qarşısına bir sıra vəzifələr qoyuldu, tələblər irəli sürüldü. Tam əminik ki, bu vəzifələrin hər biri tam məsuliyyətlə icra olunacaq və Azərbaycanın uğurlu gələcəyində hər bir YAP üzvü aktiv rol alacaq.
Familli Xumarə
YAP Pirallahı rayon təşkilatının könüllüsü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB