YAP sadəcə Azərbaycanın deyil, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır

YAP sadəcə Azərbaycanın deyil, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır

Son aylarda ölkə gündəmi vacib məqamlarla zəngin idi. Belə ki, Vətən Müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə yekunlaşmasından sonra Cənub Qaz Dəhlizi layihəsinin son mərhələsi olan TAP-ın istismara verilməsi, Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı ilə bağlı Anlaşma Memorandumunun imzalanması, ölkə başçısı tərəfindən 35 ölkənin media nümayəndəsinin iştirakı ilə 4 saatlıq mətbuat konfransının keçirilməsi və s. ölkə gündəmini uzun müddət zəbt etmişdi. Bu mənada yadda qalan anlardan biri də şübhəsiz ki, 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı oldu. 2020-ci ildə növbədənkənar parlament seçkilərindən ötən dövr ərzində və Vətən müharibəsində qazandığımız Zəfərdən sonra ölkədə yaranmış yeni ictimai-siyasi vəziyyət bu Qurultayın keçirilməsini zərurətə çevirdi. Təxminən üç saat davam edən qurultayda çıxış edən Prezident İlham Əliyev son on yeddi il ərzində əldə olunan uğurlara, postmüharibə dövründə ölkə qarşısında duran starteji vəzifələrə, aparılan struktur islahatlarına və mövcud problemlərə bir daha aydınlıq gətirdi, qarşıya konkret vəzifələr qoydu. Beləliklə, ölkə başçısı çıxışında həm keçmişin qələbələrinin, həm də uğursuzluqlarının təhlilini apardı.

Məlumat üçün bildirmək istərdim ki, Yeni Azərbaycan Partiyasının yaranmasını Azərbaycanın müstəqilliyindən cəmi bir il fərqləndirir. Partiyanın gəldiyi yola nəzər saldıqda açıq şəkildə müşahidə olunur ki, necə mürəkkəb bir dövrdə yaranmış və eləcə də 29 il ərzində necə mürəkkəb bir yol keçmişdir. Bu gün elə bir reallıq yaranıb ki, Yeni Azərbaycan Partiyası hakim partiyaya çevrilib və nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən güclü partiyası roluna bürünüb. Təbiidir ki, keçirilən VII qurultay partiyanın həyatında və tarixində ən mühüm hadisələrdən biri olaraq yaddaşlara həkk olundu. Ölkə başçısı çıxışı zamanı partiyanın gəldiyi keşməkeşli və çətin yollardan bəhs etdi. Eyni zamanda partiyanın hakimiyyətə gəlməsindən öncə Azərbaycandakı mövcud vəziyyət, vaxtilə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkəmizin 15 müttəfiq respublika arasında sosial-iqtisadi-mədəni və digər sahələrdə qazandığı uğurlar, SSRİ dövründə Heydər Əliyevin xidmətləri və ən nəhayət Sovetlər Birliyinin çökməsi və buna paralel olaraq Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etməsi, tarixən torpaq verdiyimiz Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qarabağın işğalı haqqında qısa və dəqiq məlumatlar verdi.

1990-cı illərdə biz məğlub ölkənin məğlub vətəndaşları idik. O illər Azərbaycan tarixinin ən dəhşətli illəri idi. Həmin dövrdə 20 yanvar faciəsini yaşadıq, Qərbi Azərbaycandan yüz minlərlə həmvətənlilərimiz deportasiya olundu, Qarabağın itirilməsi və buna paralel olaraq o torpaqlardan vətəndaşlarımızın qəddarcasına qovulmalarının şahidi olduq. Yeni Azərbaycan Partiyası Qarabağın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı dövründə paytaxt Bakıda deyil, Naxçıvanda yarandı. Hər bir partiyanın qarşısına qoyduğu məqsədi ədalətli seçim yolu ilə hakimiyyətə gəlməkdir. Bu nöqteyi nəzərdən baxsaq Yeni Azərbaycan Partiyası elan olunanda doğurdan da Azərbaycanın gələcək taleyi üçün ağrılı məsələlər ortaya çıxmış, vətəndaş müharibəsi, ölkənin parçalanması təhlükəsi yaranmışdı. Belə bir dövrdə Ulu Öndərin hakimiyyətə gəlməsi ilə 1993-cü ildən 2003-cü ilədək Azərbaycanın həyatında mühüm dönüşlər oldu. Ən böyük uğur isə ölkəmizin parçalanmaması, vətəndaş müharibəsinin qarşısının alınması və ölkəmizin dünyanın demokratik dəyərlərini qəbul etməsi idi. Ulu Öndər həyatının son gününə kimi Azərbaycanın gələcəyi üçün çalışmış, bütün ömrünü ölkəsinin varlığına həsr etmişdir. 2003-cü ilin 1 oktyabr tarixində ümumilli lider Heydər Əliyevin xalqa müraciətində dediyi kimi,” İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Doğurdan da məhz belə oldu. Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra Ulu öndərin siyasi kursunu davam etdirərək Azərbaycanı olduğu yerdən daha da irəliyə apardı. Hər sahədə-istər sosial-iqtisadi, istər ictimai-siyasi sahədə islahatlar həyata keçirdi, Ordu quruculuğunda, gənclərin vətənpərvər ruhda tərbiyə almasında xüsusi addımlar atdı. Bunun nəticəsidir ki, bugün Azərbaycan qalib ölkə, Azərbaycan Ordusu isə müzəffər ordudur. Əlbəttə ki, ordu sadəcə silah-sursatı ilə güclü ola bilməz. Ordunun əsl gücü və onu opponentindən fərqləndirən cəhəti onun fərdlərinin mənəvi-psixoloji üstünlüyü ilə bağlıdır. Bu müharibə sübut etdi ki, Azərbaycanla Ermənistan Ordusu arasındakı əsl fərq də elə budur. Orduların psixoloji hazırlığı. Əlbəttə ki, iki ordunun hərbi arsenalı arasındakı fərq də müqayisəyə gəlməz dərəcədədir. Amma xüsusilə bu müharibə zabit və əsgərlərimizin mənəvi hazırlığının və son 17 ildə yetişmiş gənclərin vətənpərvərlik ruhunda tərbyəsinin nə dərəcədə effektiv olduğunu sübut etdi.

Xatırlatmaq istərdim ki, Qurultayda çıxış edən cənab İlham Əliyevin gündəliyində bir çox məsələlər öz əksini tapmışdı. Azərbaycanın müstəqillik qazandığı ilk illərdə ölkəmizin yaşadığı çətinliklər, səriştəsiz hakimiyyət əlində qalan xalqın çarəsizliyi, erməni təcavüzü və dünyanın münaqişənin həllinə verdiyi ədalətsiz qiymət, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra baş verən dəyişikliklər-siyasi-sabitlik, iqtisadi yüksəliş, ictimai həyatın normala dönüşü və son 17 il ərzində baş verən reallıqlar, Vətən müharibəsi -ərazi bütövlüyümüzün bərpası, iqtisadi sıçrama, siyasi islahatlar və Azərbaycanın bölgədə oynadığı rol və s. kimi məsələlər ölkə başçısı tərəfindən şərh olundu. Beləliklə, YAP-ın VII qurultayı Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrün bitməsini şərtləndirən proses və hadisələrin obyektiv təhlili, həmçinin bu dövr ərzində əldə olunmuş bir çox uğur və nailiyyətlərimizin düzgün qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edən hadisə oldu.

Qurultayda ən çox diqqət çəkən məsələlərdən biri də ölkə başçısı tərəfindən qarşıya qoyulan hədəflərlə bağlı idi. Ölkə başçısı bildirdi ki, YAP sadəcə Azərbaycanın deyil, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır və partiyanın böyük ənənələri var. Bundan sonra da partiya ölkədə gedən proseslərin mərkəzində olmalı, gənc nəslin təlim-tərbirəsinsə mühüm rol oynamalı, “Böyük Qayıdış” proqramı icra edilərkən YAP gəncləri aktiv olmalı və müstəqilliyimizin möhkəmləndilməsində fəal iştirak etməlidir. Bəli, YAP gəncləri bugünə kimi ölkəmizin qarşısına çıxan istənilən situasiya qarşısında adekvat reaksiya vermiş, ölkə başçımızın həyata keçirdiyi siyasətin təbliği və tətbiqi üçün əlindən gələni etmişdir. İstər pandemiya dövründə həyata keçirilən layihələr və aksiyalarla, istər Vətən müharibəsi və post-müharibə dövründə fəaliyyətləri ilə xalqın təqdirini qazanmış və ölkənin ən aktiv gəncləri statusunu qazanmışdır. Şübhəsiz ki, bundan sonra da bu fəaliyyəti davam etdirmək və ölkə başçısı ətrafında sıx birləşmək YAP gənclərinin əsas vəzifələri olaraq qalacaqdır.

Şəbnəm Eldarova

YAP Pirallahı rayon təşkilatının könüllüsü

Bütün xəbərlər Facebook səhifəmizdə