Siqaretin bahalaşdırılması siqaretçəkməni azaldacaqmı? - ARAŞDIRMA

Siqaretin bahalaşdırılması siqaretçəkməni azaldacaqmı? - ARAŞDIRMA

Ekspertlər tütün əleyhinə mübarizədə qiymətin bahalaşdırılmasının effektiv olmadığını, tamam başqa tədbirlər görülməli olduğunu düşünürlər

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, tütünçəkmə XX əsrdə 100 milyondan artıq insanın həyatına son qoyub. Tütündən yaranan xəstəliklər hər il hər 5 milyondan artıq insanın həyatına son qoyur. Hazırda dünyada 1,5 milyardan artıq insan tütün istehlakçısıdır. Proqnozlara görə, 2050-ci ilədək bu rəqəm 2 dəfə artacaq. XXI əsrdə 1 milyard insanın tütündən yaranan xəstəliklərdən həyatını itirəcəyi gözlənilir.

Azərbaycanda siqaretçəkmə səviyyəsi niyə yüksəkdir?

ÜST-ün siyahısına görə, Azərbaycan ən çox tütün istehlak edən ölkələr arasında 85-ci, adambaşına düşən siqaretlərin sayına görə isə 22-ci yeri tutur. Təxmini hesablamalara görə, vətəndaşlarımızın hər 4 nəfərindən 1-i siqaret çəkən hesab olunur. Başqa sözlə, Azərbaycanda 2,5 milyon siqaret istehlakçısı olduğu güman edilir. Bu sıraya daхil olanların içində gənclər və yeniyetmələrin də əhəmiyyətli payı var.

Tütünə qarşı maarifləndirici kampaniyalar aparılsa da, respublika qanunvericiliyi tütün məmulatlarının reklamını qadağan etsə də, siqaret çəkənlərin sayı azalmaq əvəzinə artır. Son vaxtlar siqaretin qiymətinin davamlı artması da siqaret çəkənlərin sayının azalmasına təsir göstərməyib.

Rusiya, ABŞ, Çin, Yaponiya, İndoneziya, Türkiyə və Avropa İttifaqı ölkələrindən fərqli olaraq, Azərbaycanda siqaret çəkənlərin tam əksəriyyətini kişilər təşkil edir. Bizdə siqaret çəkmə az qala kişilik atributu sayılır. Lakin son vaxtlar qadın siqaretçəkənlərin də sayı artır. Yeniyetmələr isə bu zərərli ənənəni necə görürlərsə, elə də davam etdirirlər.

Mağazalarda 18 yaşdan aşağı şəxslərə niyə siqaret satılır?

Adi müşahidələrimiz cəmiyyətin yaşlı təbəqəsinin də azyaşlılara və yeniyetmələrə siqaret çəkməyə görə irad tutmadıqlarını da göstərir. Hətta hər birimiz yəqin ki, azyaşlı uşaqların yaşlı kişilərdən siqaret yandırdığının və həmin yaşlının da həvəslə ona kibrit uzatdığının şahidi olmuşuq.

Bundan başqa, bir çox valideynlər uşaqlarının gözü önündə siqaret çəkir və ona pis nümunə olurlar. Uşaqda hələ balacalıqdan siqaretin böyüklük atributu olması fkri formalaşır. Onlar çalışırlar ki, yaşlarından böyük görünsünlər.

Azərbaycanda Milli Məclisin qərarı ilə 18 yaşına çatmamış vətəndaşlara siqaretin satılmaması barədə qanun qəbul olunub. Lakin reallıqda bu qanunun tələblərinə riayət olunmur. Bu adi müşahidələr zamanı da, ictimai təşkilatların monitorinqləri zamanı da ortaya çıxır.

Hər birimiz adi müşahidələr zamanı da belə halların şahidi oluruq. Bunu satıcılara irad tutduqda və ölkə parlamenti tərəfindən qəbul olunmuş qanunu xatırlatdıqda onlar müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa çalışırlar. Satıcıların əksəriyyəti deyirlər ki, uşaqlar siqareti adətən ataları üçün alırlar. Buna nəzarət mexanizmi yoxdur.

Psixoloq: “Qiyməti bahalaşdırmaq siqaretçəkmə faizini azaltmır”

Psixoloq Natiq Əliyevin fikrincə, yeniyetmələr dostlarından fərqlənməmək kimi psixodavranış motivinə malikdirlər: “Əgər yeniyetmənin dostları arasında siqaret çəkənlər çoxluq təşkil edirsə, onun buna meyilinin artacağı ehtimalı yüksəkdir. Azərbaycanda yetkinlik yaşına çatan oğlanların 2/3-i siqaret çəkir. Bu səbəbdən də, əksər yeniyetmələrin ətrafında siqaret çəkənlər üstünlük təşkil edir və siqaret yalançı psixotipə çevrilir. Hətta, iş arası fasilənin “perekur” adlandırılması da buna təsir göstərir”.

Psixoloqun sözlərinə görə, tütün məmulatlarının qiymətinin davamlı bahalaşdırılması bu problemin aradan qaldırılmasına ciddi təsir göstərmir: “Siqaret əksər gənclər üçün həzz və yaşından böyük görünmə obyektinə çevrilib. Burada siqaretin 2 manat və ya 3 manat olmasının elə də rolu yoxdur. Yəni, siqaretlərin bahalaşdırılmasının səbəb kimi, guya insanların sağlamlığını qorumaq kimi qələmə vermək mümkün deyil. Bu, sadəcə, tütün firmalarının və aksizlərin qaldırılması nəticəsində dövlət büdcəsinin gəlirlərinin artmasına xidmət edir. Yəni, burada məqsəd deyildiyi kimi deyil. Əgər müvafiq orqanlar həqiqətən əhalinin sağlamlığını istəyirsə, tütünlə mübarizədə tamam başqa metodlar tətbiq olunmalıdır. Bu barədə xarici ölkələrin müsbət təcrübələri var. Onlardan istifadə etmək olar”.

Həkim: “Siqareti tərgidənlərə dərmanlar pulsuz verilməlidir”

Həkim-terapevt Rizvan Məmmədov deyir ki, siqaret çəkməyin yeniyetmələrin orqanizminə zərəri daha böyükdür və bir çox ağır xəstəliklərin birbaşa səbəbi tütündür: “Siqareti birdən-birə tərgitmək orqanizmdə digər хəstəliklərin baş qaldırmasına səbəb ola bilər. Ona görə də, gündə 2 ədəd siqaretdən vaz keçilməlidir. Bu təcrübəyə əməl olunsa, 1-2 aydan sonra siqareti tamamilə tərgitmək olar. Son vaxtlar təbii tərkibli müxtəlif müalicə vasitələri hazırlanıb ki, bunlar da orqanizmə zərər vermədən siqareti tərgitməyə yardımçı olur. Belə dərmanların qiyməti o qədər də baha deyil, ən uzağı 1 aylıq siqaret xərci qədər olar”.

Mütəxəssisin fikrincə isə, yalnız inzibati metodlarla bu problemin qarşısını almaq mümkün olmayacaq: “Siqareti bahalaşdırmaqla problem həll olunmur. Bunu 30 ildir görürük. Siqaretçəkmə faizi azalmaq əvəzinə artır. Hökumət, siqareti tərgitmək istəyənlərə müvafiq dərmanlar və digər vasitələrlə kömək göstərməlidir, onlara müəyyən məsələlərlə güzəştlər tətbiq olunmalıdır. Tütünlə mübarizədə müsbət təcrübəsi olan ölkələrdə belə edirlər. Elə qonşularımız Rusiyada və Türkiyədə də belə tədbirlərlə tütünçəkmə səviyyəsi azaldılır. Burada əsas faktorlardan biri də, ictimai qınaq və maarifləndirmədir. Qapalı məkanlarda siqaret çəkilməsinin qadağan olunması yaxşı tədbirdir. Başqa tədbirlər də görülə bilər”.

Sosioloq: “Yeniyetmələr daha çox bekarçılıqdan siqaretə başlayırlar”

Sosioloqların fikrincə, yaşı 18-ə çatmamış yeniyetmələr və gənclər arasında siqaret çəkənlərin sayının artmasının bir səbəbi də onların asudə vaxtının səmərəli təşkil edilməməsidir. Sağlam Cəmiyyət Hərəkatının eksperti, sosioloq Leyla İsmayılovanın fikrincə, valideynlər bu məsələyə ciddi diqqət verməlidirlər.

“İnkişaf etmiş ölkələrdən fərqli olaraq, fərqli olaraq, Azərbaycanda valideynlərin azı 70 faizi övladının idman seksiyası və başqa yaradıcı dərnəklərdə məşğul olmasını təşkil etmir. Buna görə də, uşaqlar özbaşına qalır, onlar böyüklərə oxşamağa çalışaraq siqaret çəkirlər”- sosioloq deyir.

Mütəxəssisin sözlərinə görə, məktəblərdə kütləvi dərnəklərin, idman spartakiadalarının, fənn olimpiadalarının daha tez-tez təşkili də yeniyetmələrin zərərli vərdişlərdən aralı durmasına stimul yarada bilər: “Valideynlər isə övladlarını nəzarətdə saxlamalı, onların zərərli vərdişlərdən uzaq olması üçün səy göstərməlidir. Belədə, sağlam cəmiyyətin formalaşmasında böyük rolumuz ola bilər”.

Elektron siqaretlər sağlamlığa daha çox zərərlidir, yoxsa tütünçəkmə?

Son vaxtlar elektron siqaretlərin satışı artır. Elektron siqaretin xüsusi hazırlanmış tüstüsü var. Onun tüstü vermə effekti öz xüsusiyyətlərinə görə seçilir. Belə ki, elektron siqaretdə yanma prosesi olmur və bu səbəbdən ziyanverici qazlar buraxmır. Həmçinin, onun tərkibində qətran və tütündə olan digər təhlükəli maddələr yoxdur.

Elektron siqaretlərin tam zərərsiz olduğu iddia edilir, belə ki, istehsalçılar elektron siqaretdə istifadə olunan mayenin qida yağlarından hazırlandığını deyir. Bəzi mütəxəssislər tərkibində zərərli maddə ola biləcəyi ehtimalını irəli sürürlər. Lakin bir çoxları belə məlumatların iri tütün şirkətləri tərəfindən mətbuata ötürüldüyünü düşünürlər. Faktdır ki, tərkibində 3 mündən artıq kimyəvi maddə olan tütün tüstüsü, 3 maddədən ibarət elektron siqaret mayelərinin tüstüsündən azı 100 dəfə daha zərərlidir.

Yeri gəlmişkən, bir qədər əvvəl heç bir əsas olmadan Azərbaycana idxal olunan elektron siqaret mayelərinin aksiz qiymətləri 10 dəfə artırılıb. Ekspertlər bu addımın cəmiyyət üçün zərərli olduğunu, mayelərin kəskin bahalaşmasının elektron siqaretə keçmiş on minlərlə vətəndaşı yenidən tütün çəkməyə qaytaracağını bildirirlər. Bu isə, istehlakçıların zərərinə, tütün firmalarının xeyrinədir.

Siqareti tərgidənlərə kömək üçün dövlət proqramı olmalıdır

Qeyd edək ki, dünyada ən çox tütün istehlak edilən ölkələrdən olan qonşu Türkiyədə bir neçə ildir tətbiq edilən tütündən imtina xəttinə ildə 1 milyona yaxın insan müraciət edir. Müraciət edənlərin demək olar ki, 90 faizi siqaret asılılığından qurtulub. Türkiyə Səhiyyə Nazirliyi bununla ölkədə siqaret çəkən qismi 25 faiz azalda bildi.

Nazirlik yaxın müddətdə siqareti tərgidənlərin sayının 10 milyona qədər çoxaldacağına ümid edir. Nazirliyin qaynar xəttinə müraciət edən vətəndaşa öncə psixoloji dəstək göstərilir, daha sonra müvafiq mərkəzlərə yönləndirilir və tam dəstəklə siqaretdən asılılığı aradan qaldırır. Siqareti tərgitmək üçün lazım olan preparatları hər kəsə fərdi təyin edilir və həkim nəzarətində qəbul edilir.

Siqareti tərgitmək üçün indi bir çox alternativ təklif edilir- dərmanlar, təbii vasitələr, elektron siqaretlər və sair. Ancaq siqareti tərgitmək üçün daha çox möhkəm iradəyə ehtiyac olduğunu da unutmaq lazım deyil.

Azərbaycanda da dövlət tərəfindən belə proqramın həyata keçirilməsinə ehtiyac var. Bu, sağlam cəmiyyət üçün ən faydalı işlərdən olardı. Milyonlarla vətəndaşımız ağır xəstəliiklərə tutulmaqdan qurtulardı. Bunun üçün ilk növbədə siqaretçəkənlərə lazımi vasitələri pulsuz vermək olar, həm də ictimai yerlərdə siqaret çəkməklə bağlı məhdudlaşdırmaları artırmaq olar.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə