"İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək, bildiyiniz kimi, bütün Azərbaycan xalqını çox məmnun etdi. Bu, təbiidir. Çünki iki qardaş ölkə daim bir-birinin yanındadır". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. Qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın ilk saatlardan bizə verdiyi siyasi və mənəvi dəstək, əlbəttə ki, bizi çox ruhlandırdı: "Eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin rəhbəri hörmətli Mustafa Şentop və parlament üzvləri də bizə həmrəylik və dəstək göstərmişlər. Yəni, bu müharibə günləri bir daha göstərdi ki, bizim xalqlarımız nə qədər bir-birinə bağlıdır, nə qədər bir-birinə sevgi ilə və hörmətlə yanaşır".
Əlbəttə ki, Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişdir. Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin daha da möhkəmləndirilib genişləndirilməsi dövlət başçımızın həyata keçirdiyi xarici siyasətin prioritetini təşkil edir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənir. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçib. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Dövlət başçısı parlamentlərarası əlaqələrimizin də çox uğurla inkişaf etdiyini bildirib: "Həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir yerdəyik, bir-birimizi dəstəkləyirik".
Müasir dövrümüzdə Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilir. İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər, imzalanan müqavilələr xüsusi mərhələnin əsasını qoymuşdur. Ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s. layihələri bu baxımdan ən yaxşı nümunələrdir. İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə TANAP Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyır.
Görülən işlər, həyata keçirilən tədbirlər iki dövlət arasında əlaqələrin gücləndirilməsinə təkan verməklə yanaşı, Azərbaycanın rifahı və gələcək inkişafında önəmlidir. Təbii ki, bu uğurların reallaşmasında hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır. Bu gün Türkiyə-Azərbaycan dostluğu dünyaya nümunədir. Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qoyulmuş dostluq və qardaşlıq münasibətləri Prezident İlham Əliyevin siyasi xəttinin prioritetini təşkil edir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyə qardaş, dost ölkə olaraq Azərbaycanın yanında oldu. Təbii ki, buna qədər də Türkiyə Azərbaycanın yanında olduğunu əməli fəaliyyətdə sübut etmişdir. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərmiş, dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana böyük dəstək vermişdir. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasına hər zaman etirazını bildirmiş, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xüsusi fəallıq göstərilmişdir. Cənab Prezident qeyd edib ki, bu gün bizim bölgəmizdə yeni vəziyyət yaranmışdır, yeni reallıq yaradılmışdır: "Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, artıq həll edildi, bitdi. İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik, xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Əminəm ki, birgə səylərlə buna da nail olacağıq"
Göründüyü kimi, Türkiyə-Azərbaycan əlaqələri daimidir və bu əlaqələr hər zaman yüksələn xətt üzrə inkişaf edir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB