"YAP-ın qurultayında qəbul edilən tarixi qərarlar..." MƏQALƏ

"YAP-ın qurultayında qəbul edilən tarixi qərarlar..." MƏQALƏ

Yeni Azərbaycan Partiyası xalqın etimadını layiqincə doğrultmuş, müstəqil Azərbaycanımızın firavan gələcəyinin dünəni, bu günü və gələcəyi naminə fəaliyyət göstərən siyasi partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. YAP-ın yaranması zərurəti 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. 1992-ci ildə hakimiyyəti ələ keçirən AXC-Müsavat iqtidarı özünün bədnam idarəçilik fəaliyyəti ilə xalqın bu günə və gələcəyə ümidini, qürurlu millət kimi yaşamağa inamını öldürmüşdü. Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında idi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər. Qeyd etmək vacibdir ki, Yeni Azərbaycan Partiyası tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, onun lideri partiya yarandıqdan heç bir il keçməmiş ölkənin rəhbəri seçildi. Yeni Azərbaycan Partiyası Azərbaycanda sabitliyin qorunması, demokratik siyasi münasibətlər sisteminin bərqərar edilməsi, bazar iqtisadiyyatı modelinin yaradılması, tarixi ənənələrə və müasir dünyanın təcrübəsinə əsaslanan milli dövlətin qurulması kimi bir sıra mühüm vəzifələri uğurla yerinə yetirərək ölkənin siyasi həyatındakı yerini müəyyən etmişdir.

Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkənin ictimai-siyasi həyatında baş vermiş çox mühüm bir hadisədir. Hakim partiyanın ali forumunun keçirildiyi hazırkı dövr Azərbaycan üçün son dərəcə əlamətdardır. İlk növbədə ölkəmiz Vətən müharibəsində əldə olunmuş tarixi qələbə ilə öz ərazi bütövlüyünü bərpa etmişdir. Bu hadisə Cənubi Qafqazda yeni reallıqların yaranmasına və bütün region ölkələrinin, o cümlədən Azərbaycanın inkişafında tamamilə yeni perspektivlərin açılmasına səbəb olmuşdur. Vətən müharibəsində tarixi Qələbəmizi təmin edən əsas amillərdən biri də ölkədə siyasi həmrəyliyə nail olunmasıdır. Məhz bu baxımdan da Yeni Azərbaycan Partiyasının fəaliyyəti xüsusilə mühüm əhəmiyyət kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti və bu zəmində formalaşmış və son dövrlərdə daha da güclənmiş milli birlik Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini təmin edən əsas amillərdəndir. Bu gün də ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Ölkədə siyasi qüvvələr arasında sağlam dialoqun qurulmasına xidmət edən mütərəqqi siyasi islahatların keçirilməsi əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər qurmasına yol açmışdır. Təbii ki, bu zəmində həmin partiyalar arasında bir çox məsələlərdə və ilk növbədə ümummilli maraqlara bağlı məsələlərdə vahid baxış və mövqelərin formalaşması tamamilə məntiqə uyğun bir haldır.

Yeni Azərbaycan Partiyasının VII qurultayı partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcıdır. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması və digər məsələlərlə bağlı önəmli qərarlar qəbul edildi. YAP-ın yeni Nizamnaməsinin təsdiq edilməsi, partiyanın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurasının seçilməsi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulması bu baxımdan xüsusi qeyd edilməlidir.

O cümlədən, 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiyasının bariz nümunəsi, dövlət başçısının “Biz birlikdə güclüyük!” konsepsiyasının əsl ümumxalq ideologiyasına çevrilməsinin əsaslı sübutudur.

Yeni keyfiyyət dəyişiklikləri partiya fəaliyyətinin tənzimlənməsində çeviklik və səmərəliliyi daha da artıracaq. Effektiv idarəetmə mexanizminin yaradılması Yeni Azərbaycan Partiyasının bundan sonrakı dövrdə də ölkənin siyasi həyatında aparıcı qüvvə kimi mühüm nailiyyətlər qazanmasını şərtləndirəcək.

Məmmədova Nəzrin Novruz qızı

YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə