Yeni Azərbaycan Partiyasının özünəməxsus tarixi vardır. Nadir hadisələrdəndir ki, bir partiya xalqın iradəsi ilə yaradılıb. Və təsis olunmasından bü günə kimi sağlam rəqabətə dayanan siyasət yürüdülür. 2021-ci il martın 5-də YAP-ın VII qurultayı keçirildi. Qurultayda Azərbaycanın bütün bölgələrini, rayon və şəhər təşkilatlarını təmsil edən 194 nümayəndə iştirak etdi. YAP-ın VI qurultayından üç il ötür. YAP-ın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi, bu müddət ərzində YAP ciddi irəliləyişlər əldə etmişdi. Bu illər Azərbaycanın və bölgənin həyatında həlledici, mühüm hadisələr baş verib. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, Vətən müharibəsində parlaq Qələbə qazanılıb. Ötən 3 il ərzində Prezident və parlament seçkiləri keçirilib. Bu seçkilərlə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoyub. Azərbaycan genişmiqyaslı islahatlar aparır, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. İctimai-siyasi iqlim sağlamlaşdırılır. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası qarşıya birinci dərəcəli vəzifə kimi qoyulub və buna nail olunub. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə xoşagəlməz hallara qarşı mübarizədə də qarşıya açıq-aydın hədəflər qoyuldu. Azərbaycanın uğurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaradıb. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib. YAP-ın fəaliyyətinin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması aktual idi. Bu məsələlər partiyanın qurultayı tərəfindən təsdiq edilən yeni Nizamnaməsində öz əksini tapıb. Siyasi arenada üstünlük, verilən söz və vədlərin vaxtında yerinə yetirilməsidir. Bu hallar partiyanın nüfüzunu daha da yüksəldir və genişləndirir.
1990-cı illərin əvvəllərində Azərbaycan ağır siyasi böhran vəziyyətində idi. Daxili və xarici təhlükənin artması təxirəsalınmaz tədbirlərin görülməsini vacib edirdi. Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi müharibəyə cevrilmiş və ölkə daxilində siyasi iradəsizlik hökm sürürdü. AXC-Müsavat hakimiyyəti dövlətin ali maraqlarına zidd siyasət yürüdür, vətəndaş həmrəyliyi pozulmağa başlayır və daxili xaos yaranırdı. Bu iqtidara inamın tamamilə məhv olmasına səbəb olmuşdu. Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni məhvə aparırdı. Tarixi terminlə desək, dövlət süqut mərhələsinə çatmışdı. Belə bir vəziyyətdə Vətənin xilaskara ehtiyacı var idi. Dövrünün ən məhşur siyasətçisi olan Ulu öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri olan zaman artıq Azərbaycanın yenidən qurulmasına calışırdı.
Siyasi böhranın dərinləşməsi Azərbaycanda yeni demokratik cərəyanın yaranmasını labüd etdi. Yeni təfəkkür yeni ideologiya yeni siyasi kurs bəyan edildi. Azərbaycançılıq ideologiyası ilə Yeni Azərbaycanın yaradılması əsas məqsədə çevrildi. YAP Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar – məşhur “91-lər” Ulu Öndərə müraciət etdilər. Yeni Azərbaycan Partiyasının yaradılması üçün Naxçıvanda Ulu öndərin təşəbbüsü ilə partiya təsis qurultayı keçirildi. "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də ilə keçirilən təsis konfransında Heydər Əliyevin partiyanın sədri seçildi. 550 nəfərdən ibarət olan yeni partiya 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alındı. Yeni Azərbaycan Partiyası xalqa yeni ümidlər bəxş etdi. Bu AXC-Müsavat birliyinin nüfuzdan düşməsinə səbəb oldu. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Ancaq əsas tarixi hadisə məhz 9 iyun 1993-cü ildir.Məhz həmin gün xalqın iradəsilə Ulu öndər Bakıya dəvət olundu. 15 iyun Azərbaycan tarixinə Qurtuluş günü kimi düşdü. Heydər Əliyev Ali Məclisin sədri seçildi. Yeni Azərbaycan Partiyasının Bakı dövrü başladı. 1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olmuş, dövlətçiliyin əsasları qoyulmuşdur. 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. Konstitusiya yalnız Ulu Öndərin dövründə qəbul edildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura məhz Ulu Öndər tərəfindən ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən çıxdı, hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı. Ölkəyə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna start verildi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün də ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər. Bu dövr YAP tarixinin ikinci mərhələsi idi.
2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermiş, Prezident İlham Əliyevə etimad göstərmişdir. Son 17 il gənc ölkəmiz üçün əvvəlki dövrə, o möhkəm təmələ əsaslanmış yeni dövrdür.2003-2020-ci illər “Vətən müharibəsi” modelinin tətbiqi üçün hazırlıq dövrü olmuşdur.
Prezident İlham Əliyev: “Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik". “Bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması".Buna görə Azərbaycan və Azərbaycan rəhbərliyinə böyük ölkələr tərəfindən davamlı təzyiqlər edilmişdir. Azərbaycanda yetişən yeni gənc nəsil də bu amal uğrunda tərbiyə olunmuşdur. Azərbaycan son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atıb. Gənc nəsil Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və torpaqlarımızı işğalçılardan azad etdi. Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. Bir çox beynəlxalq QHT-lər sülhü təbliğ etmək adı altında Azərbaycan xalqını faktiki olaraq ərazi itkisi ilə barışdırmağa çalışmışlar. Prezident İlham Əliyev isə həmişə əməkdaşlığın ancaq düşmənin torpaqlarımızdan çıxdığı təqdirdə ola biləcəyini deyib. Azərbaycanda iqtidarın siyasəti xalq tərəfindən məhz ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür.
Aparıcı beynəlxalq maliyyə qurumları neft kəmərlərinin Ermənistan ərazisindən keçməsi üçün Azərbaycana təzyiq etmişlər, Azərbaycanın rəhbərliyini məcbur etmək üçün kreditləri yubatmışlar. Buna baxmayaraq, Azərbaycan rəhbərliyi milli maraqlara cavab verməyən heç bir addım atmamışdır.İqtisadi müstəqilliyin təmin edilməsi qarşıya hədəf olaraq qoyulmuş və bu hədəfə nail olunmuşdur. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik. Çox mötəbər təşkilat tərəfindən dünyanın 60-dan artıq suveren fondlarının təhlili aparılıb və Azərbaycan Dövlət Neft Fondu bütün parametrlər, bütün meyarlar üzrə beşinci yerdədir. Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadi inkişaf baxımından, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlayıb. Əraziləri işğal olunmuş, çox çətin geosiyasi vəziyyətdə olan Azərbaycan bu nailiyyətləri öz zəhməti hesabına qazanıb. Bu il təkcə bərpaolunan enerji növlərinə təqribən 400-500 milyon dollarlıq xarici investisiyalar qoyulub. Azad edilmiş torpaqlarla bağlı çoxsaylı təkliflər öyrənilir. Biz ancaq yüksək texnoloji layihələrə kredit götürməliyik. Azərbaycanda daxili sabitlik əsas amildir. Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq. İnkişaf üçün, daxili sabitlik üçün heç bir əsas yoxdur. Heç dövlət çevrilişi də edə bilmirlər. Azərbaycanda yürüdülən müdrik siyasət, sosial ədalətə riayət edilməsi hesabına xalq-iqtidar birliyi təmin olunub.Azərbaycan Ermənistanı regional layihələrdən, neft-qaz layihələrindən təcrid etdi, onların iqtisadiyyatını çökdürdü. Azərbaycan bölgədə vəziyyəti köklü surətdə dəyişdirə bilib. Bu gün elə bir ölkə yoxdur ki, o ölkə ilə hansısa problemimiz olsun. “Şərq tərəfdaşlığı” ölkələrindən yalnız Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Digər ölkələrin imzaladığı assosiasiya sazişi faktiki olaraq təlimat kitabçasıdır. Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyir və sazişin 90 faizi razılaşdırılıb. Azərbaycanın digər ölkələrlə xarici siyasəti çoxşaxəlidir. Beynəlxalq təşkilatlarda fəal iş aparılaraq İkinci Qarabağ müharibəsi üçün hüquqi bazanı daha da möhkəmləndirilmişdir. AŞPA, İƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, NATO, BMT Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı sənədlər qəbul etmişlər.Avropa İttifaqı ilə bir neçə il bundan əvvəl imzaladığımız “Tərəfdaşlıq prioritetləri” sənədinə, yəni, paraflanmış sənədə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına hörmət prinsipi əks etdirən müddəa saldıra bilmişik.Azərbaycan əleyhinə müharibə dövründə BMT Təhlükəsizlik Şurasında qətnamə hazırlanarkən Qoşulmama Hərəkatına üzv ölkələr bu təşəbbüsün qarşısını almışlar.Azərbaycanın bu təşkilata rəhbərlik etməsi formal deyil. Üzv dövlətlərə dəstək verilmiş, qurumun fəallaşması üçün real addımlar atılmışdır. “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir".
Əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu. Azərbaycan mütləq qələbəni qazandı, düşməni darmadağın etdi.
Həsənov Elzamin Ələmdar oğlu
Xəzər rayonu 230 nömrəli tam orta məktəbin Tərbiyə işləti üzrə direktor muavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB