“Bərabərik” layihəsinin ikinci sezonuna start verilir FOTOLAR

“Bərabərik” layihəsinin ikinci sezonuna start verilir FOTOLAR

"2020-ci ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və təşviqatı məqsədi ilə "Qəlbin nəğməsi" adlı musiqili albomu hazırlanıb.Hazırlanan bu musiqili albomda istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərin ifasında musiqi parçaları yer almışdır". Bunu SİA-ya açıqlamasında Layihənin Baş prodüseri Pərvinə İsmayılova deyib.

Onun sözlərinə görə, albomda debüt edən görmə, hərəkət və əqli məhdudiyyətli şəxslər, eləcə də, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərlə yanaşı Azərbaycanın bir sıra tanınmış müğənniləri və Əməkdar artistləri iştirak edib: "Elə həmin ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və MTV Azərbaycan kanalı əməkdaşlıq çərçivəsində "Bərabərik" layihəsini təqdim etdi. Layihənin birinci sezonunda Azərbaycan Respublikasının tanınmış müğənniləri, Əməkdar və Xalq artistləri, musiqişünasları və musiqi ekspertləri, musiqi təhsil müəssisələrinin müəllimləri və professorları iştirak etdi.

İndi isə "Bərabərik" layihəsinin ikinci sezonuna start verilir. Yeni sezonda musiqi sahəsi ilə yanaşı, teatr və idman sahəsindən də iştirakçılarımız olacaqdır.

Xatırladaq ki, efirdə oxunan hər bir ifa canlıdır və fonoqramadan istifadə olunmur. Bunun üçün layihə çərçivəsində silsilə proqramlarda iştirak edən hər bir əlilliyi olan şəxs üçün musiqi ansamblının iştirakı ilə professional səsyazma studiyalarında davamlı olaraq məşqlər keçirilir.

"Bərabərik" layihəsində adından da göründüyü kimi, əlilliyi olan şəxslərlə yanaşı, Azərbaycanın tanınmış müğənnilərinin dueti səhnədə canlı şəkildə nümayiş etdirilir. Hər bir iştirakçının həyat hekayəsi haqqında video süjet hazırlanaraq tamaşaçılarımıza təqdim edilir. Həmçinin, onların ifa etdikləri 5 duetin mahnılarının tarixçəsi də maraqlı şəkildə tamaşaçılarımıza nümayiş olunur. Bununla biz göstərmək istəyirik ki, əlilliyi olan və güclü istedada və bacarığa malik olan şəxs Azərbaycan cəmiyyətində bərabər üzv kimi qəbul edilir və o, digər sağlam istedadlı şəxslərlə birlikdə eyni səhnəyə çıxıb özünü nümayiş etdirə bilər. Əlbəttə ki, bu da gələcəkdə həmin istedadlı gənclərimizin rahatlıqla professional səhnəyə çıxmalarına imkan yaradacaqdır. Bu bir daha təsdiq edir ki, əlillik qüsur deyil, o yaratmaq və özünü inkişaf etdirmək üçün maneə ola bilməz.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə