Heydər Əliyev Fondu və Vatikan arasında əməkdaşlıq yeni mərhələdə

Heydər Əliyev Fondu və Vatikan arasında əməkdaşlıq yeni mərhələdə

Azərbaycanda tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsini uğurla həyata keçirir. Layihə çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, sərgilər təşkil olunur. Bakının Mərdəkan qəsəbəsində XVI əsrə aid Pir Həsən ziyarətgahında, Buzovna qəsəbəsindəki Cümə məscidində, Binə qəsəbəsindəki Möhsün Səlim məscidində əsaslı təmir və bərpa işləri aparılmış, Gəncədəki Həzrəti Zeynəb məscidi yenidən qurulmuşdur. Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidində əsaslı təmir və yenidənqurma işləri aparılmış, Qəbələdə isə yeni məscid inşa olunmuşdur. Azərbaycanla yanaşı, dünya ölkələrində də belə layihələr həyata keçirilib. Strasburq kafedralının XIV əsrə aid olan beş pəncərəsi bərpa edilmişdir. Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi ucaldılmışdır. Bu siyahını kifayət qədər davam etdirmək olar.

Vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilmiş, məbədin fasadında keramik panno yerləşdirilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpa edilməsi isə təbii ki, böyük hadisədir və bu hadisə tarix boyu yaşayacaq. Vatikan rəsmiləri Fondun bu sahədə gördüyü işləri çox yüksək qiymətləndiriblər. Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi tədbirlər təkcə katakombaların bərpası ilə bitmir. Fond, eyni zamanda, Vatikan Apostol kitabxanasında olan Azərbaycana aid əlyazmaların bərpasına da töhfə verib. Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Sebastian katakombalarının bərpası işlərinə 2016-cı ildə başlanılıb. 2018-ci il sentyabrın 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva katakombaların açılışı mərasimində iştirak edib. Muzeydə Heydər Əliyev Fondunun dəstəyi ilə restavrasiya olunmuş 150 sarkofaq və ya onların fraqmentlərindən ibarət eksponatlar nümayiş olunur. Yer altında dörd mərtəbədən ibarət katakombada isə Fondun dəstəyi ilə restavrasiya olunmuş, eramızın IV əsrinə aid sarkofaq və barelyeflər yerləşir. İncildən səhnələrin yer aldığı barelyef erkən xristianlıq dövrü üçün mühüm abidələrdən sayılır. Bildiyimiz kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda bu istiqamətdə əməkdaşlığın növbəti mərhələsinin icrasına başlanılıb. Belə ki, Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin daxil olduğu nümayəndə heyəti Vatikanda səfər zamanı Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Bu onu göstərir ki, Heydər Əliyev Fondu və Vatikan arasında mövcud əməkdaşlıq artıq növbəti mərhələyə qədəm qoyur.

Yeni əməkdaşlıq razılaşması Roma şəhərindəki katakombalardan birinin ictimaiyyət üçün açılması və bu yolla Roma şəhərinin mədəni zənginliyinə daha bir incinin əlavə olunması ilə nəticələnəcək. 2025-ci ildə Roma şəhərində Roma-katolik kilsəsi üçün xüsusi əhəmiyyət daşıyan və hər 25 ildən bir qeyd edilən "Müqəddəs il" yubiley tədbirləri keçiriləcək və "əbədi şəhər"ə dünyanın hər tərəfindən turist və zəvvarlar axışacaq. Beləliklə, Heydər Əliyev Fondu dünya mədəni, tarixi və dini irsinin qorunması, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edən növbəti layihəsinə imza atmış oldu.

Əlbəttə ki, Vatikan ilə Azərbaycan arasında əlaqələr ölkəmizin dövlətlərarası qurduğu dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin göstəricisidir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə