Siyasi proseslərin zamanında həyata keçirilməsi düşünülmüş siyasətin nəticəsidir

Azərbaycanda baş verən hadisələr, verilən qərarlar, atılan addımların uğurunun arxasında qərarların zamanında qəbul edilməsidir. Bəlkə də bu gün atılan hər hansı addım 1 il, 2 il və hətta deyərdim ki, 1 ay öncə atılsaydı bu qədər effektiv nəticə əldə etmək olmazdı. Biz bunun 26 il danışıqlar prosesindən sonra torpaqlarımızn işğaldan azad olunması barədə hücum Əmrinin verilməsində də əminliklə şahidi olduq. Bütün bunlar ölkə başçısının düşünülmüş, uzaqgörən siyasətindən irəli gəlir. Mart ayının 5-də Azərbaycan Prezidenti İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi də ölkənin siyasi sistemində yaranmış dialoqun yeni mərhələsinin inkişafında geniş imkanların, yeni siyasi imicin formalaşmasında tam zamanında verilən tarixi qərardır.

Bir qədər keçmişə nəzər salaraq qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gələn və Azərbaycanda müstəqilliyin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində xüsusi rol oynayan mühüm hadisədir. Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, monolit siyasi təşkilat olaraq ötən müddətdə yüksək nüfuz qazanaraq siyasi mübarizələrlə dolu şərəfli yol keçmişdir. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini vermiş və bundan sonra da verəcək. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə genişlənir. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Artıq monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilata çevrilən, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirir.

Yarandığı gündən Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir.

Qısa zamanda Yeni Azərbaycan Partiyası təkcə ölkəmizdə deyil, bütün regionda ən iri siyasi təşkilata çevrildi. Partiyanın sıraları gündən-günə artır. Və bu gün qarşıya qoyulan məqsəd Partiya sıralarına perspektivli, sağlam düşüncəli gənclərin cəlb olunmasıdır.

Ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası regionda ən iri siyasi partiyadır. Partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin söylədiyi kimi "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır". Partiyanın dünəni zəngin və şərəflidir, bu günü fəal quruculuq və xalqa xidmət qayğılarından ibarətdir. Biz gələcəyə aydın proqramla, güclü rəhbərimiz, partiyanın sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək iri addımlarla irəliləyirik.

Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.

Qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ən gənc rayon təşkilatı olsa da, rayonun ictimai-siyasi həyatında mühüm rol oynayan, keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində aktivliyi ilə seçilən təşkilatdır. Bu gün YAP Pirallahı rayon təşkilatı üzvlərinin sayı 6 min nəfərdən artıqdır ki, bu da əhalisinin sayı cəmi 20 mindən bir az çox olan rayon üçün böyük göstəricidir. Ümumiyyətlə, rayonumuz yarandığı gündən sürətli inkişaf yolundadır. Ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza 7 dəfə səfəri və bu səfərlərindən birinin Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə olması rayonumuza olan xüsusi diqqət və qayğının nəticəsidir.

Bu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı öz qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir. Zəfər Qələbəsi ilə başa vurduğumuz 2020-ci ildən sonra 2021-ci ildə də qarşımızda daha məsuliyyətli və əlamətdar hadisələrlə zəngin öhdəlik və tapşırıqlar qoyulmuşdur. Vətən müharibəsi dövründə qələbənin əldə olunmasında mühüm rol oynayan milli həmrəyliyimizin ölkəmizin ictimai-siyasi həyatına təsir qüvvəsindən yararlanaraq siyasi dialoq sisteminin inkişaf etdirilməsi üçün digər siyasi partiya və təşkilatlarla əməkdaşlığı daha da genişləndirmək məqsədilə atılan addımların uğuru kimi dəyərləndirilən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərarı qarşıda duran vəzifələrin öhdəsindən gəlməklə yanaşı ölkədə siyasi sabitliyin davamlı olaraq inkişaf etdirilməsində mühüm rol oynayacaq.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının

Aparat rəhbəri İlqam Əskərov

Bütün xəbərlər Facebook səhifəmizdə