"Prezidentin keçirdiyi mətbuat konfransı mühüm əhəmiyyətə malik idi" MƏQALƏ
Prezident İlham Əliyev hər dəfə siyasət və informasiya məkanına çıxanda gündəm dəyişir, yeni gündəm yaradır.
Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Dörd saatdan çox davam edən mətbuat konfrasında dövlət başçısı 35-dən çox media nümayəndəsinin 50-ə yaxın sualına ətraflı cavab verdi. İlham Əliyev sualları yüksək diplomatik məharət, natiqlik nümayiş etdirərək, səlis, təfərrüatlı, dəqiqliklə, məntiqlə, tam əsaslandırılmış şəkildə, özü də müxtəlif dillərdə cavablandırdı.
Bu mətbuat konfrasında prezident bir daha Şanlı Azərbaycan Ordusundan söz açdı. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, erməni işğalına son qoyması məhz öz ordusunun, öz əsgərinin gücü, iradəsi hesabına həyata keçirildi. Əlbəttə ki, bu, Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində baş verdi.
Qalib xalqın şanlı Ordusunun Ali Baş Komandanı İlham Əliyev Müzəffər Ordunun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəldiyini vurğuladı: "Hədəf ərazi bütövlüyümüzün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq".
Dövlətimizin başçısı tarixi ədaləti bərpa edərək işğalçıları vətən torpağından qovan, ölkəmizinin ərazi bütövlüyünü bərpa edən Azərbaycan əsgərin qəhrəmanlıq nümunəsi olduğunu bildirdi: "Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində biz qələbəni qısa müddət ərzində əldə edə bildik".
Azərbaycan Ordusu döyüşlər zamanı göstərdiyi dözüm və peşəkarlıq bir daha ölkə başçısının dilindən dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bildirildi ki, Azərbaycan əsgərinin peşəkarlığı: silahdan istifadə etmə məharəti və inanılmaz fiziki qüvvəyə malik olması, yüksək döyüş hazırlığı sayəsində düşmənin müdafiə xətlərini yarmaq mümkün olmuşdur.
Böyük uğurlarımız olsa da, eyni zamanda, müharibə dövründə müəyyən çatışmazlıqlar da olub, çünki bizim ordumuz müharibələrdə iştirak etmirdi. Əlbəttə ki, bu çatışmazlıqlar Ali Baş Komandanımız tərəfindən anında həll edilib. Prezindent İlham Əliyevin fikrincə, Müharibə Azərbaycan Ordusuna yeni təcrübə qazandırıb.
Vətən Müharibəsi ölkə başçısının ordu quruculuğuna verdiyi önəmin nə qədər əhəmiyyətli olduğunu, İlham Əliyevin uzaqgörən siyasi lider olduğunu bir daha sübuta yetirdi. Əldə olunmuş Böyük Qələbə strateji planlaşdırma və peşəkar komandanlığın vəhdəti nümunəsi olduğunu hər kəsə göstərdi. Vahid komandanlıq, planlaşdırma olmadan qələbənin əldə olunması mümkünsüz olardı. Bütün elementlərin düzgün kombinasiyası: kəşfiyyat, artilleriya, pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları – qələbəyə gətirib çıxarıb. Zaman keçdikcə məxfilik qrifi götürüləcək və informasiya daha çox olacaq. Amma bizə məlum olan faktlar da Ordumuzun peşəkarlığı və şücaəti ilə qürur duymağa əsas verir.
Əldə olunmuş Böyük Qələbədə bütün qoşun növlərinin: xüsusi təyinatlıların, sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələrinin, daxili qoşunların, təhlükəsizlik xidmətinin, kəşfiyyat xidmətinin, Naxçıvan ordusunun xüsusi qüvvələrinin öz payı var. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi. Ordu korpusları da ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində çox böyük rola malikdir.
Pilotsuz uçuş aparatları təkcə zərbə və kəşfiyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi funksiyalarını yerinə yetirirdi.
Ümumilikdə, Strateji planlaşdırma qələbənin əldə olunmasını təmin edən əsas amillərdən biridir. Planlaşdırma düzgün olmasaydı qələbənin əldə olunması çox çətin olardı. Ona görə ki uzunmüddətli istehkamlardan əlavə təbii relyef də çətinlik törədir.
Beləliklə, İlham Əliyevin mətbuat konfransı göstərdi ki, Azərbaycanın ölkəmizə qarşı yönələn istənilən təxribata layiqli cavab verməyə qadir olan MÜZƏFFƏR ORDUSU var.
Rəhilə Bəxşiyeva
149 nömrəli məktəbin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə