Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər

Azərbaycan tarixən birgəyaşayış modelinin universal nümunəsi olub. Bu gün də Azərbaycan dünyada tolerant, multikultural ölkə kimi tanınır və xalqların birgəyaşayışı üzrə nümunə təqdim edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdir. Hətta, Azərbaycanda fərqli dildə danışan insanların belə hər cür hüquq və imtiyazları mövcuddur və onların təhsilə çıxışları da təmin edilir. Buna misal olaraq demək olar ki, Azərbaycanda minlərlə erməni yaşayır. Bütün bunlar Azərbaycanın sülh, əməkdaşlıq, tolerant və multikultural ölkə olmasının sübutlarıdır.

Hər kəsə bəllidir ki, tarixən ermənilər Cənubi Qafqaza, Azərbaycanın ərazilərinə köçürülsələr də, uzun illər xalqımızla birgə yaşayıblar. Keçmiş SSRİ dönəmində isə bu birgəyaşayış daha da dərinləşmişdi. Azərbaycan əməkdaşlığa açıq olan bir ölkədir və heç vaxt ölkəmizdə dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. Bu mənada Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar. Cənubi Qafqazda artıq yeni reallıqlar formalaşıb və Qarabağ erməniləri Azərbaycana reinteqrasiya olunmalıdır.

Ərazilərin mümkün olan ən qısa zamanda minalardan təmizlənməsi və abadlaşdırılması, regional nəqliyyat kommunikasiyalarının açılması və bölgə daxili əməkdaşlığın canlandırılması bütün qonşu dövlətlərlə yanaşı, ilk növbədə, Ermənistanın özünə lazımdır. İkinci Qarabağ müharibəsinə qədər 30 il ərzində iqtisadi blokada şəraitində yaşayan Ermənistan bütün göstəricilər üzrə bölgənin və Avropanın ən geridə qalmış ölkəsi idi. 44 günlük müharibədəki məğlubiyyətdən sonra isə Ermənistanın daha dərin iqtisadi tənəzzülə uğraması və ölkənin iqtisadi-sosial inkişaf göstəricilərinin hələ uzun müddət ən aşağı səviyyədə olacağı labüddür. Belə bir şəraitdə Ermənistanın yeganə çıxış yolu bütöv bir əsr ərzində inadla izlədiyi düşmənçilik yolundan imtina etmək, qonşu dövlətlərə qarşı əsassız iddialarını kənara qoyub səmimi regional əməkdaşlığa qoşulmaqdır. Əks təqdirdə gələcəkdə bu bölgədə Ermənistan adlı dövlətin mövcudluğu belə sual altında qalacaq.

Şübhəsiz ki, davamlı sülh regionun inkişafını təmin edən əsas amildir. 10 noyabr tarixli üçtərəfli Bəyanatın bütün müddəalarının qeyd-şərtsiz yerinə yetirilməsi regionda davamlı sülhə zəmin yaradır. Müasir dövrdə sülhün və sabit inkişafın ən etibarlı zəmanəti qarşılıqlı faydalı əməkdaşlıqdır. Ermənilər artıq reallıqla barışmalı və revanşizm məsələsini kənara qoymalıdırlar. Əks halda Azərbaycan heç bir revanşizmə imkan verməyəcək və ermənilər də bunu dərk etməlidirlər. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Sülh üçün şərt ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək”.

Bu gün müharibənin nəticələri qısa bir müddətdə aradan qaldırılması Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, İran və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığının hərtərəfli inkişafına yol açmaqla Cənubi Qafqaz bölgəsini siyasi sabitlik və davamlı inkişaf regionuna çevirə bilər. Ümumi plan çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaq və yeni nailiyyətlər, uğurlar da olacaq. Bu gün atılan addımlar Azərbaycan xalqının gələcəyinə xidmət edəcəkdir.

Beləliklə, fevralın 26-da keçirilən mətbuat konfransını uğur silsiləsinin davamı, diplomatiya və informasiya müstəvisində növbəti parlaq qələbə kimi qiymətləndirmək olar. Bu konfransın ən mühüm özəlliklərindən biri Azərbaycanın xarici siyasət strategiyasına, qonşuları ilə münasibətlərdə tutduğu mövqeyə tam aydınlıq gətirilməsi oldu. Eyni zamanda, Prezident İlham Əliyev öz liderlik keyfiyyətlərini, milli maraqları və dövlətçilik mənafelərini hər zaman qorumağa hazır olduğunu nümayiş etdirməklə yanaşı, Ermənistana və onun himayədarlarına da aydın mesajlar verdi.

Aygün Kazımova,

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan

Enerji Mənbələri Dövlət Agentliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri,

YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin və CASCHFEN İB-nin İdarə heyətinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...