Qarabağa həyat yenidən qayıdacaq

44 günlük Vətən müharibəsindən sonra biz bir daha şahid olduq ki, işğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib. Azad olunan rayonların demək olar ki, əksər kəndlərindən əsər-əlamət qalmayıb. Tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilib. Prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlara ilk səfəri zamanı bu barədə ürəkağrısı ilə söz açaraq həmin torpaqlardan sanki bir vəhşi qəbilənin keçdiyini bildirmişdi.

44 günlük Vətən müharibəsindəki qələbəmiz illərdir ki, doğma el-oba nisgili ilə yaşayan məcburi köçkünləri ən müqəddəs arzularına qovuşdurdu. İndi onlar tezliklə kəndlərinə, evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Azərbaycan Prezidenti İlham Əliyevin hələ illər öncədən qarşıya qoyduğu, müəyyən etdiyi vəzifələrdən biri işğaldan azad edildikdən sonra rayon və şəhərlərimizin yenidən qurulması, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi idi. Bu vəzifənin real olaraq həyata keçirilməsinə isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə başlanılmışdı. 2016-cı ilin Aprel qələbəsindən sonra Cocuq Mərcanlı kəndinin yenidən qurulması “Böyük Qayıdış”ın ilk addımı idi. Cocuq Mərcanlının qısa zamanda yenidən qurulması ondan xəbər verirdi ki, gün gələcək işğal altındakı torpaqlarımız da azad olunacaq və həmin ərazilər bərpa ediləcək.

O gün yetişdi və “Böyük Qayıdış”ın növbəti mərhələsi, işğaldan azad olunan ərazilərin yenidən qurulması başladı. “Böyük Qayıdış”ın ilk addımları hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra atılmağa başlanıldı. İşğaldan azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələrinin işlənməsi tikinti-abadlıq işlərinin Qarabağın bütün ərazisində eyni vaxtda aparılacağından xəbər verir. Bunun üçün dövlət tərəfindən nəzərdə tutulmuş vəsaitlərin böyük bir hissəsi artıq icraçı şirkətlər üçün ayrılıb. Qısa müddət ərzində Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, ilk növbədə, Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququndan faydalanacaqlar. Türkiyə, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layihələr üzrə fəaliyyətə başlaması bunun əyani göstəricisidir. İlk növbədə, bütün regionda yollar, körpülər, su elektrik stansiyaları, su və qaz təminatı kimi həyati vacib infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji" konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Hazırkı pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir.

Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən avtomobil və dəmir yollarının bərpası ölkəmizin infrastruktur bütövlüyünü təmin edəcək və region ölkələri arasında birbaşa əlaqələri xeyli asanlaşdıracaq. Bütün bu tədbirlərin həyata keçməsi ölkənin infrastrukturunu canlandırmaqla yanaşı, həm də Cənubi Qafqazı yeni simalı geosiyasi regiona çevirəcək. Azərbaycanın Qərblə Şərq və Şimalla Cənub arasındakı geostrateji mövqeyi və əhəmiyyəti daha da güclənəcək. Həmçinin ölkəmizin dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi mühüm rol oynadığını nəzərə alsaq, Füzuli, Laçın və Zəngilanda inşa ediləcək yeni hava limanları nəqliyyat dəhlizləri kontekstində Azərbaycanın bu sahədəki potensialına daha da güc qatacaq.

Bildiyimiz kimi cənab Prezident azad olunan ərazilərdə aparılan işlərlə bağlı bütün prosesləri ən xırda detallarına qədər nəzarətdə saxlayır, şəhər və qəsəbələri gəzərək həm xalqımız, həm də dünya ictimaiyyətinə mühüm mesajları verir. Bu mənada Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın ölkəmiz üçün gördükləri işlər böyük əhəmiyyət daşıyır. Bu gün işğaldan azad edilən torpaqlarda bütün infrastrukturun, ümumilikdə rayon və şəhərlərimizin modern əsaslarda yenidən qurulması yaxın gələcəkdə Qarabağın cənnətə çevriləcəyindən xəbər verir. Bu istiqamətdə dövlətin atdığı addımlar təqdir olunmalı, region ölkələrinin iqtisadiyyatının inkişafına təsir edəcək təşəbbüslər alqışlanmalıdır. Biz gənclər əminik ki, Qarabağ yenidən dirçələcək, ölkəmizin ən çox inkişaf etmiş iqtisadi bölgələrindən birinə çevriləcək.

Rüfət Əhmədov,

YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...