Şəhid ailələrinin problemləri Qaradağ rayonunda diqqət mərkəzində saxlanılır

Azərbaycan Respublikası Prezidentinin cari il yanvarın 7-də “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərmanına uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin Aparatında da Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb.

Rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov SİA-ya açıqlamasında ötən müddət ərzində rayonda bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin dövlət qayğısı ilə əhatə olunduğunu söyləyən Həsrət Almasov bildirib ki, Qaradağ rayonundan 914 nəfər Vətən müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak edib, onlardan 28-i döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək şəhidlik zirvəsinə yüksəlib. Qeyd olunub ki, şəhidlərin hər birinin dəfn və yas mərasimləri təşkil olunub, bütün lazımi addımlar atılıb.

Qeyd olunub ki, mütəmadi olaraq şəhid ailələrinə baş çəkilir, müxtəlif görüşlər təşkil olunur, onların problemlərinin həlli nəzarətdə saxlanılır. “Ötən ay 28 şəhid ailəsi ilə görüş təşkil olub. Görüşdə qaldırılan məsələlərin hər biri dərhal həll edilib. Bu cür görüşlər mütəmadi olaraq təşkil olunacaq və şəhid ailələrinin sosial vəziyyətləri, onları narahat edən məsələlər mütəmadi olaraq nəzarətdə saxlanılacaq”, - deyə şöbə müdiri vurğulayıb.

O qeyd edib ki, ötən müddət ərzində görülən işlər sırasına şəhid ailələrinə maddi yardımların edilməsi, onların evlərinin təmiri, ailə üzvlərinin işlə təmin olunması kimi məsələlər daxildir.

Hərbi əməliyyatlar zamanı Qaradağ rayonundan 154 yaralının olduğunu vurğulayan şöbə müdiri deyib: “Yaralanmış bütün şəxslərin məlumatları ümumiləşdirilib, onlarla davamlı əlaqə yaradılıb və mövcud problemləri aradan qaldırılıb. Bəzilərinin məşğulluq problemləri, işlə təmin olunmaları qısa müddət ərzində həllini tapıb. Bununla yanaşı, hərbi əməliyyatlarda yaralanmış şəxslərlə mütəmadi görüşlər təşkil edilir, onlara maddi və ərzaq yardımları edilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə