Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək səviyyəsindədir

2020-ci il sentyabrın 27-dən etibarən 44 gün ərzində müstəqil Azərbaycan Respublikasının yeni şanlı səhifəsi yazılmağa başlandı. Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin bütün istiqamətləri üzrə düşmənə qarşı əks-hücum əməliyyatları həyata keçirməsi ölkəmizin müstəqillik tarixində bir ilk oldu. İşğal altındakı ərazilərimizin öz doğma sahiblərinə qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu ilə yanaşı sərkərdəsi də deyir.

44 günlük Vətən Müharibəsi ilə Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Həqiqətən də bu tarixi bir missiyadır.

Xatırlatmaq istərdim ki, Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından qardaş Türkiyənin dəstəyini hiss etdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını sevindirdi. Prezident çıxışlarında deyirdi, Azərbaycan haqlıdır, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırdı, sevindirdi.

Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim ölkəmizdə də çox müsbət rol oynayır və bu, bölgə ölkələrinin sabitliyi üçün çox önəmlidir.

Məlumat üçün bildirmək istərdim ki, 44 günlük Vətən Müharibəsindən sonra Türkiyə tərəfi ilə Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Yeni kontraktlar imzalanıb və şübhə yoxdur ki, bu, bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək. Bundan əlavə, müharibə başa çatandan dərhal sonra ərazilərin minalardan təmizlənməsində iştirak etmək və bizim istehkamçılara treninqlər keçirilməsi üçün Türkiyə Müdafiə Nazirliyinin yüzdən çox mütəxəssis regiona ezam edilib.

Azərbaycan və Ermənistan arasındakı münaqişənin də ən yaxın şahidlərindən olan Türkiyə münaqişənin ilk günlərindən etibarən bir çox dünya dövlətlərindən fərqli olaraq haqq və ədalətin yanında olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş və Ermənistanın təcavüzkar siyasətini pisləmişdir. Türkiyə Respublikası prinsipial mövqedən çıxış edərək 1993-cü ildə Ermənistanla sərhədlərini bağlamış və hələ bugünə kimi sərhədlərin bərpası baş tutmamışdır. Əslində, Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra onu tanıyan ölkələr içərisində qonşusu Türkiyə də yer almışdı. Ancaq Dağlıq Qarabağda separatçı fəaliyyətlərin güclənməsi və

Azərbaycan torpaqlarının işğalı Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına imkan vermədi. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına çox çalışsa da, buna nail ola bilmədi. Türkiyənin mövqeyi qəti idi: “Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla sərhəd açılmayacaq”.

Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması bölgədə marağı olan böyük güclərin - Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Rusiyanın da maraq dairəsindədir. Bunlardan hər birinin Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasından özünə məxsus gözləntiləri var. Biri üçün Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqazda sülh və əmin-amanlığın yaradılması, bölgə ölkələrinin Avropaya daha sıx inteqrasiya olunması, demokratiyanın inkişafı, enerji resurslarının dünya bazarlarına təhlükəsiz daşınması, bir başqası üçünsə bölgə üzərindəki nəzarəti itirməməsidir.

İndiki halda, 44 günlük Vətən Müharibəsindən sonra, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan üçün də mənfi hal olaraq qəbul edilmir. Əslində ölkəmizin bölgənin inkişafı və davamlı sülh içində yaşaması ilə bağlı gözləntilərini nəzərə alsaq Azərbaycan tərəfi, sərhədlərin açılmasını və münasibətlərin normallaşmasını dəstəkləyə də bilər. Bir şərtlə ki, Ermənistan tərəfi revanşist fikirlərdən əl çəkməli və əsassız ərazi iddialarını ümumiyyətlə gündəmdən çıxarmalıdır. Bir şey də vurğulanmalıdır ki, bu Türkiyənin öz qərarıdır. Azərbaycan isə qardaş Türkiyənin verdiyi hər qərarda onu dəstəkləməyə davam edəcəkdir.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çox şaxəlidir və bütün sahələri əhatə edir. İki ölkə arasında imzalanmış strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə beynəlxalq aləmdə bir daha təsdiqlədi ki, Türkiyə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyinədir. Beynəlxalq platformalarda da iki ölkə sanki bir ölkə kimi hərəkət edir və hər ikisi bir-birini daim gözübağlı dəstəkləyir və dəstəkləməkdə də davam edəcəkdir. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi “Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq edir.

Rauf Əliyev

Pirallahı rayon İcra Hakimiyyəti yetkinlik yaşına

çatmayanların işləri və hüquqlarının

müdafiəsi üzrə komissiyasının məsul katibi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...