Türkiyə-Azərbaycan münasibətləri regionda sülhün təminatıdır

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Azərbaycan və Türkiyə dövlətləri arasında həmrəylik, dostluq, qarşılıqlı yardım münasibətləri dünya ölkələrinə nümunə olacaq dərəcədə inkişaf etmişdir. İki ölkə arasında münasibətlərin inkişafı ümumilikdə türk dünyasının daha sıx şəkildə bir araya gəlməsinə öz töhfəsini verir. Türk dünyasının liderlərindən olan Atatürkün "Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimiz" ifadəsi xüsusilə Qarabağ münaqişəsinin həllində öz əksini tapdı. Dünya birliyində güc sahibi olan Türkiyənin mənəvi dəstəyi diplomatik mübarizədə düşmən üzərində qələbə çalmağımızda mühüm rol oynadı. Ümumilikdə Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı təkcə region üçün deyil, dünyada münaqişə zonası olan bölgələr üçün də sülhə nail olmağa nümunədir. Münaqişə zonasında hərbi əməliyyatlar bitsə də bölgədə sülhə əməl olunmasında sülhməramlı qüvvələrin tərkibində rus hərbçiləri ilə yanaşı Türkiyənin də iştirakı bir daha Azərbaycana göstərilən mənəvi və siyasi dəstəyin təzahürüdür. Bölgədə artıq icrasına başlanılan və planlaşdırılan layihələrin icrasına Türkiyə şirkətlərinin cəlb olunması isə ölkələrimiz arasındakı iqtisadi əlaqələri daha möhkəmləndirəcək.

Artıq Türkiyə-Azərbaycan dostluq münasibətləri, birliyi dünya ölkəri tərəfindən öyrənilir. İki ölkə arasındakı həmrəylik, birlik vətəndaşlarımızın ölkə başçısı İlham Əliyevin ətrafında birləşərək nümayiş etdirdiyi həmrəylikdə də özünü göstərdi. Bu həmrəylik tarix boyu özünün ən yüksək həddinə çatdı. Ölkə başçısına xalqın inamı, sevgisi isə cənab İlham Əliyevin Prezident seçildiyi ilk gündən etibarən öz vətəndaşının rifah halının yaxşılaşdırılmasını özünün həyat amalı seçməsi, verdiyi vədlərin hamısına əməl etməsindən irəli gəlir.

İnsanın öz səhvlərini başa düşməsi üçün vaxt lazım olur, insan nə qədər mükəmməl olsa bir o qədər tez başa düşər, ömrünün sonuna kimi səhvini anlamayanlar var. Mənfur düşmənimiz Ermənistana 30 ilə yaxın bir müddətdə öz səhvlərindən əl çəkməyə dəvət etdik. Ölkədə siyasi liderin olmaması regiona marağı olan dövlətlərin bölgədə öz maraqlarını həyata keçirmək üçün Ermənistandan bir alət kimi istifadə edərək onu daha çıxılmaz vəziyyətə salması ilə nəticələndi. Müharibə dövründə isə Qardaş Türkiyədən fərqli olaraq Ermənistanın havadarları yalnız münaqişəni qızışdırmağa, yalançı, əsassız erməni böhtanlarının təbliğatı ilə məşğul oldular. Ermənistanın məğlubiyyəti qaçılmaz olduqda isə “havadarlıq” missiyalarının başa çatması ilə kifayətləndilər.

Regionda cərəyan edən hadisələr, Azərbaycanın Zəfər Qələbəsi, bu Qələbənin və ümumilikdə uğurlarının arxasında dayanan iqtisadi inkişaf, Ermənistan xalqı üçün tarixin ən önəmli dərsi kimi qiymətləndirilməlidir. Düşmən ölkədə düzgün aparılmayan daxili siyasətlə yanaşı xarici siyasətin də səhv qurulması Ermənistanı dünya birliyindən təcrid formasına gətirdi.

Vətən müharibəsi dövründə, döyüşlərin, hərbi əməliyyatların qızğın şəkildə getdiyi bir vaxtda dəfələrlə Ermənistanı sülhə dəvət edən Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev humanist addımlar ataraq bundan sonra öz səhvlərini başa düşdüyü təqdirdə bölgədə Azərbaycanın rəhbərliyi ilə aparılan iqtisadi layihələrdə iştirak edəcəyinə, pay sahibi olmasına şərait və imkanlar yaradılacağı barədə mesajlar verir.

Azərbaycan ilə sülh şəraitində yaşamaq, məkrli planlarından əl çəkməklə Ermənistan həm də Türkiyə ilə ikitərəfli münasibətlərin inkişafında, iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq Türkiyə-Ermənistan sərhədlərinin açılmasına ümid edə bilər. Sərhədlərin açılması isə Erməınistanın bundan sonrakı dövrdə bölgədə yürütdüyü siyasətdən, Azərbaycana qarşı olan münasibətdən asılı olacaq.

Özünün ən yüksək həddinə çatan, əzəli və əbədi olan Türkiyə-Azərbaycan münasibətləri, türk və Azərbaycan xalqları arasındakı qardaşlıq bundan sonra daha da inkişaf edərək regionda sülhün qorunması və möhkəmləndirilməsi ilə yanaşı region ölkələrinin iqtisadi cəhətdən inkişafına yardımçı olacaqdır. Bu münasibətlərin isə əsasında hər iki ölkə liderinin uzaqgörən siyasəti, qardaşlıq və dostluğu dayanır.

Loğman Müslümov

Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin

müavini (dini qurumlarla işin təşkilatçısı)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...