Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf etməyə davam edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümündə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirərək işğalçı Ermənistanın 30 ilə yaxın dövrdə havadarlarına arxalanaraq işğalçılıq siyasətini davam etdirdiyini ancaq sonda rəzil duruma düşdüyünü, Azərbaycanın 44 günlük Vətən müharibəsində hərbi-siyasi qələbəsinin regionda və dünyada yeni reallıqlar yaratdığını, dövlətimizin uğurlu siyasəti nəticəsində regional əməkdaşlığa böyük töhfələr verdiyini əsaslı şəkildə beynəlxalq auditoriyaya çatdırmaqla işğalçı dövlətə və dünyaya mesajlarını ünvanladı.

Prezident İlham Əliyevin xarici media nümayəndələrinin suallarına təmkinlə ətraflı və dəqiq cavablar verməsi, hətta Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri belə əsaslı arqumentlərlə susdurması belə bir həqiqəti nümayiş etdirdi ki, real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğat hər zaman qalibdir. Xüsüsilə vurğulamaq istərdim ki, istər ölkə, istərsə də dünya ictimaiyyəti ölkə başçısının 44 günlük İkinci Qarabağ müharibəsində 30-a yaxın xarici Kütləvi İnformayiya Vasitələrinə verdiyi müsahibələri unutmayıb. Verilən müsahibələrin hər biri Azərbaycanın informasiya müharibəsində qələbəsinin təminatı idi.

Dövlət başçısı mətbuat konfransı zamanı suallara cavab verərkən bildirmişdir ki, Azərbaycanın yaratdığı yeni reallıqlar regionda əməkdaşlıq üçün tarixi fürsət yaradır, əgər bu fürsətdən doğru istifadə olunarsa, bütövlükdə regional və qlobal əməkdaşlıq baxımından olduqca əlverişli şərtlər yarana bilər. Ancaq Ermənistan yenə də revanşist cəhdlər edərsə, bu 90-cı illərdə olduğu kimi, yenidən onların özünütəcridinə gətirib çıxara bilər və nəticədə bu ölkə öz səhvlərini təkrar etməklə əməkdaşlıqdan kənarda qala bilər.

Mətbuat konfransında Azərbaycan və Türkiyə Respublikaları arasındakı münasibətlərlə bağlı da bir çox suallar səsləndirildi. Əlbəttə ki, bu başadüşüləndir. Çünki, hazırda Türkiyə və Azərbaycan arasındakı münasibətlər dünya üçün nümunə olabiləcək səviyyədədir. Türkiyə əks-hücum əməliyyatlarının ilk günündən son gününə qədər Azərbaycana açıq dəstəyini ifadə etdi. Türkiyədə istər hakimiyyət orqanları, istər müxalifət, istərsə də xalq tərəfindən ölkəmizə göstərilən dəstək hər birimizdə qürur və güvən hissi yaratdı. Dövlət başçımızın da dəfələrlə bildirdiyi kimi, əgər Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın prinsipial mövqeyi və açıqlamaları olmasaydı yəqin ki, bir çox dövlətlər bölgədə öz maraqlarının təmin etmək üçün mübarizəmizə müdaxilə etməyə çalışar və Ermənistana açıq dəstək göstərməkdən çəkinməzdi. Əslində az və ya çox bunlar oldu. Amma Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun qarşısı alınmaz gücü və xalqımızın sarsılmaz iradəsi sonda ədalətin bərpa olunmasına və haqqın zəfər çalmasına gətirib çıxardı.

Beləliklə, Türkiyə-Azərbaycan münasibətləri 44 günlük müharibə dövründə bir daha uğurla sınaqdan çıxdı. Post-müharibə dövründə də iki ölkənin münasibətləri yüksələn xətlə davam edir. Hazırda Ağdamda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Monitorinq Mərkəzində türk hərbçilər fəaliyyət göstərir. Qeyd edək ki, Monitorinq Mərkəzinin əsas məqsədi post-müharibə dövründə tərəflər arasında hər hansı qarşıdurmanın olmaması üçün nəzarət mexanizminin təşkil olunmasıdır. Yəni, işğaldan azad olunmuş ərazilərimizdə təhlükəsizliyin təmin olunmasında türk hərbiçilərinin də payı var. Əlbəttə ki, bu xalqımızda da güvən yaradan amil rolunu oynayır.

Aydındır ki, Türkiyə və Azərbaycan Respublikalarının birgə fəaliyyəti və bir-birinə olan dəstəkləri sadəcə müharibə dövrü ilə məhdudlaşmır. Hələ müharibədən öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosla görüşü zamanı da Türkiyəyə açıq dəstəyini ifadə etməkdən çəkinməmişdi. Ölkə başçımızın qəti və prinsipial mövqeyi qardaş ölkədə də məmnuniyyətlə qarşılanmış, iki ölkənin bir-birinə dəstəyi yüksək qiymətləndirilmişdi. Xatırladım ki, bu görüş müharibənin başlamasından təqribən 20 gün öncə baş vermişdi.

Qeyd edim ki, post-müharibə dövründə Türkiyə ilə Azərbaycan arasında hərbi sahədəki əməkdaşlıq genişlənməyə davam edir. Nəzər alsaq ki, müharibənin minimum insan itkisi ilə başa çatmasında türk istehsalı olan texnikaların xüsusi əhəmiyyəti oldu, onda bu addım olduqca təbiidir. Bir çox dünya səviyyəli hərbi ekspertlər də bunu vurğulayır ki, Azərbaycanın qələbəsində müasir hərbi texnikaların istifadəsinin mühüm rolu oldu.

Ölkə başçımızın mətbuat konfransında Türk və Azərbaycan Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin davam etdiriləcəyi ilə bağlı fikirləri də gözlənilən idi. Məlumdur ki, türk ordusu öz hazırlığına və texniki təchizatına görə regiondakı ən güclü ordudur, bununla yanaşı NATO-da 2-ci ən güclü ordudur. Azərbaycanın türk ordusu ilə hərbi təlimlər keçməsi Ordumuzun hazırlıq səviyyəsinin yüksəlməsində birbaşa rol oynayır. İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur.

Sonda, bir məsələyə də diqqət çəkmək istərdim ki, 30 ilə yaxın davam edən və hazırda Azərbaycanın haqq işinin bərpası ilə nəticələnən münaqişənin digər tərəfi olan Ermənistanda vəziyyət kritik həddədir. Ölkə, daxili münaqişələr və anlaşmazlıqlarla demək olar ki, çalxalanır. Ölkə başçımızın da dediyi kimi bədnam qonşumuzun bundan sonra düşdüyü vəziyyətdən çıxması və ölkənin gələcəyinin təmin olunması üçün Ermənistan hakimiyyəti bölgənin iki güclü ölkəsi olan Azərbaycan və Türkiyə ilə münasibətlərini düzəltməlidir. Əks təqdirdə Ermənistan bundan sonra da bütün regional müqavilələrdən və layihələrdən kənar olaraq öz məhvini izləməyə məcbur olacaq.

Arzu Abdullayev

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatında

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...