Vətənpərvərlik, Vətənə, torpağa, xalqa bağlılıq duyğular duyğusudur. İnsanı zirvələrə, səmalara yüksəldir. Bütün qəlbinlə qəhrəmanlığa, fədakarlığa, məğlubedilməzliyə köklənirsən. Özünə inamın artır. Başlıcası isə mənsubiyyətinlə öyünürsən, haradan gəlib, hara getdiyini bilirsən.

Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr etmişik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Cavad xan, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur soydaşlarımızın, həmçinin çağımızın milli qəhrəmanlarının nümunəsi xalqımızın əzəli cəngavərliyinin əlvan tablolarıdır. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələn Vətən müharibəsi qəhramanlarından biri olan Xudayarın Vətən haqqında mahnısı hər bir azərbaycanlı üçün ana laylası qədər müqəddəs və şirindir.

Türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərləri, vətənpərvərlik tərbiyəsini hər bir zaman üçün vacib amil sayırdı. Unudulmaz dahi şəxsiyyətin bu barədə söylədiyi qanadlı fikirlər daim duyğu və düşüncələrimizin səmasında pərvaz edir, ürəklərimizin ən dərin guşələrinə şölə saçır: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, torpağa, millətə sədaqət, vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Əsrlərin o üzündən gələn bir deyim var: “Torpağı qoruyarsan, Vətən olar, qorumazsan, kəfən”. Vətənə sədaqət ən çətin anlarda belə adamların qüvvələrini azadlıq uğrunda mübarizəyə səfərbər edir. Vətən sevgisi, yurd təəssübü gənc nəslin milli mənlik şüurunun inkişafında əsas aspektləri müəyyənləşdirir.

Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətənpərvərliyi gənclər üçün parlaq nümunədir. Nəbzi daim Vətənin nəbzi ilə vuran dövlət başçımızın 18 il əvvəl hakimiyyətə gəldiyi ilk gündən qarşıya qoyduğu əsas vəzifələrdən biri torpaqlarımızı işğaldan qurtarmaq, yurd-yuvalarından didərgin salınmış soydaşlarımızı öz ata-baba torpaqlarına qaytarmaq və hər bir Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması olmuşdur.

Vətənpərvərlik konkret əməli işə söykənəndə, fədakar addımlarla müşayiət olunanda daha möhtəşəm təsir bağışlayır. İlham Əliyev məhz belə böyük vətənpərvərdir. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun nəşinin cəbhənin təmas xəttindən alınaraq Vətəndə torpağa tapşırılması, Macarıstanda bizim dövlət bayrağımızı təhqir etdiyinə görə erməni zabitini ölümlə cəzalandırmış Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması və dərhal azad edilərək dövlət təltifinə layiq görülməsi,... bu kimi digər faktlar hər birimizin qəlbini sonsuz vətənpərvərlik duyğuları ilə coşdurmuşdur.

Ötən ilin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti özünün daha bir yüksək keyfiyyəti ilə dünyanı heyrətləndirdi. Beynəlxalq təzyiqlərə və təhdidlərə baxmayaraq özünün uzaqgörənlik qabiliyyəti ilə yanaşı Ali Baş Komandan kimi sərkərdəlik bacarığını nümayiş etdirdi. Məhz bu bacarıq, düşünülmüş, düzgün qərarlar nəticəsində hazırlanan hərbi əməliyyatlar müharibənin gedişində uğurlarımızın əsasını təşkil etdi.

Çətin günlərdə insan bir daha dostunu, düşmənini tanıyır. Hər bir zaman qardaş ölkə olduğunu sübut edən Türkiyə Vətən müharibəsinin ilk günlərindən Azərbaycana dəstək və həmrəylik nümayiş etdirməklə təkcə regionda deyil, dünyada söz sahibi olan ölkə olduğunu sübut elədi. Bu qardaşlıq, mənəvi dəstək, həmrəylik və birlik müharibədən sonrakı dövrdə bölgədə sülhə nəzarət olunmasında və azad olunmuş torpaqlarda abadlıq-quruculuq işlərində uğurla davam etdirilir.

Abadlıq-quruculuq işləri isə dövlətimizin son illərdə həyata keçirdiyi islahatların davamı kimi əldə olunmuş yüksək təcrübə əsasında həyata keçirilir. XXI əsrin əvvəllərindən başlayaraq dünyanı bürüyən iqtisadi böhran inkişaf etmiş ən iri dövlətlərin yaşam tərzinə, fəaliyyətinə mənfi təsir göstərsə də, Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın bütün ölkələrini qabaqlayaraq dünyanı heyrətləndirməyi bacardı. Ölkədə aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən sosial layihələrin əsasında isə Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması durur. Layihələr Bakının ən gənc rayonu olan Pirallahı rayonunda da yüksək səviyyədə icra olunur. Yarandığı 8 il ərzində rayonun ictimai siması əsaslı şəkildə dəyişmişdir. Əsasən neft rayonu olan Pirallahı rayonunun yaradılması ölkə başçısı İlham Əliyevin fədakar neftçi əməyinə verdiyi qiymətdir. İlk öncə infrastruk layihələrin, enerji təminatının keyfiyyətinin artırılması istiqamətində aparılan işlər yerli sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına və rahatlığına səbəb oldu. Rayonun Bakının mərkəzi birləşdirən magistral yol xəttinin müasir standartlara uyğun çəkilişi ilə yanaşı rayon mərkəzi olan Pirallahı qəsəbəsini quru ilə birləşdirən körpünün salınması rayonda aparılan abadlıq-quruculuq işlərinin sürətlə həyata keçirilməsi üçün geniş imkanlar yaratdı. Yerli sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün məhəllədaxili istirahət guşələrinin və parkların salınması xüsusən yaşlı nəsil tərəfindən böyük sevinclə qarşılandı. Yarandığı ilk vaxtlardan rayon əhalisinin içməli su ilə fasiləsiz olaraq təminatı rayonda həyat səviyyəsinin yüksəldilməsi və əhalinin içməli su ilə bağlı mövcud olan probleminin aradan qaldırılmasına səbəb oldu. 4 tərəfdən su ilə əhatə olunan Pirallahı qəsəbəsi müasir görkəmi ilə rayona gələnləri valeh edir. Qəsəbənin hər bir küçəsi mərkəzləşdirilmiş kanalizasiya xətti və su xətti ilə təmin olunmaqla yanaşı asfalt yollarla mərkəzi magistral yola birləşdirilmişdir. Abadlıq-quruculuq işləri çərçivəsində rayon mərkəzi olan Pirallahı qəsəbəsinin ayrı-ayrı yerlərində istirahət guşələri, uşaqların əylənməyi üçün xüsusi yerlər ayrılmışdır. Yaşıllıqların artırılması ekoloji durumun yaxşılaşdırılması ilə yanaşı günü gündən inkişaf edən rayonumuza xüsusi estetik gözəllik bəxş edir.

Görülən işlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinin uğurlarından rayon əhalisinin bəhrələnməsi kimi qiymətləndirilə bilər. Rayonda işsizliyin aradan qaldırılması, rayon iqtisadiyatının inkişaf etrilməsi üçün Pirallahı rayonunda yaradılmış Sənaye Parkı və Yüksək Texnologiyalar Parkında istifadəyə verilən sənaye müəssisələri rayonda yerli əhalinin işlə təminatında mühüm rol oynamışdır. Ərazi və əhali sayına görə kiçik bir rayonda abadlıq-quruculuq işlərinin həcmi və sürətlə həyata keçirilməsi ölkə başçısının diqqətindən kənarda qalmamışdır. Fəxrlə qeyd etmək istərdim ki, yarandığı 8 il müddətində Azərbaycan Prezidenti cənab İlham Əliyevin biri Birinci vutse-prezident Mehriban xanım Əliyeva olmaqla 7 dəfə rayonumuza səfəri rayon ictimaiyyətinə göstərilən xüsusi diqqətin nəticəsidir.

Rayon ictimaiyyəti də ölkə başçısının xarici və daxili siyasətinə dəstək olaraq daim çağırışlara ilk qoşulanlar sırasındadır. Hər bir azərbaycanlı kimi rayon ictimaiyyətinin nümayəndələri də gözəl anlayır ki, hər bir xalqın dünya birliyinə sürətlə intreqrasiyasının kökündə, uğurlu daxili və xarici siyasətində, vətəndaşının sosial rifah halının yüksəldilməsinin əsasında onun liderinin düşünülmüş, uzaqgörən siyasəti, əzmkarlığı, qətiyyəti, siyasi təcrübəsi dayanır. Ulu Tanrının Azərbaycan xalqına hədiyyəsi Heydər Əliyev idisə, Heydər Əliyevin xalqımıza töhfəsi İlham Əliyev cənablarıdır. Hər bir azərbaycanlı öz liderinə olan sevgi və inamını Vətən müharibəsi dövründə göstərdiyi həmrəyliklə nümayiş etdirdi. Azərbaycanın hər bir bölgəsində olduğu kimi rayonumuzun əli silah tuta biləcək yüzlərlə sakini döyüşlərin ilk günündən ölkə başçısına müraciət edərək torpaqlarımızın azadlığı uğurunda gedən haqq-ədalət savaşında iştirak etmək arzusunda olduqlarını bildirdilər. Vətən müharibəsindəki Zəfər Qələbəmiz bir daha sübut etdi ki, xalqın seçimi olan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bundan sonra da dünyaya günəş kimi doğacaq, təkcə regionun deyil, dünyanın ən inkişaf etmiş bir ölkəsinə çevriləcək.

İlqam Əskərov,

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının aparat rəhbəri

Bütün xəbərlər Facebook səhifəmizdə