“Dəmir Yumruq” bu dəfə oxucu müzakirələrində

Siyasi analitik Elxan Şahinoğlunun qələmə aldığı “Dəmir Yumuruq” adlı kitabı məziyyət və göstəricilərinə görə geniş oxucu marağına səbəb olacaq

Bəşəriyyətin tanınmış söz-sənət dühalarının “Kitab böyük müəllimdir”, “Beşikdən qəbrədək oxumaq lazımdır”, “Kitab bilik mənbəyidir” və sair kəlamları oxumağın, təhsilin insanın kamilliyində əhəmiyyətli rola malik olduğunu nümayiş etdirir. Bu baxımdan demək olar ki, bütün cəmiyyətlərin kitaba olan marağı, oxumağa verdiyi dəyəri qələmə alınan maraqlı kitablarla ölçülür. Yazılan kitab nə qədər oxunaqlı olarsa, oxucunun müəllifə olan hörmətini artırmaqla yanaşı, eyni zamanda kitaba olan sevgini də, yüksəltmiş olur. Yaxından tanıdığım qələminə, politoloji yanaşmalarına, şəxsiyyətinə böyük hörmət, rəğbət bəslədiyim siyasi analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun qələmə aldığı “Dəmir Yumruq” kitabı da məziyyət və göstəricilərinə görə oxucu sevgisi qazanacaq kitablardan olacağı şübhəsizdir.

“Dəmir Yumruq” adlandırılan kitabda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Ermənistanın qeyri-konstruktiv siyasəti, Azərbaycanın Vətən müharibəsi dönəmində əldə etdiyi hərbi, siyasi, diplomatik qələbələri sadə, anlaşılan dildə oxucuya çatdırılır. Kitabda müəllif qürur hissi ilə qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı Azərbaycan xalqının birlik nümayiş etdirərək müqəddəs savaşın qələbə ilə baş çatmasında mühüm rol oynadı. Vətən müharibəsində cəmiyyətin bütün təbəqələrinin nümayiş etdirdiyi birlik, xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafinda sıx birləşməsi Azərbaycanın gücünün bütün dünyaya nümayişi oldu. Müəllif xalqımızın qürur mənbəyi olan Şuşanın işğaldan tam azad edilməsinin Ermənistanın diz çökərək, təslim olmasına və bununla da Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətli şəkildə həll edilməsinə imkan yaratdığını qeyd edir. Kitabda noyabrın 10-da imzalan üçtərəfli bəyanat haqqında geniş və əhatəli məlumat verilir, eyni zamanda Vətən müharibəsi zamanı və müharibdən sonra sual doğuran bir sıra məsələlərə aydınlıq gətirilir. Müəllif haqlı olaraq qeyd edir ki, Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra, Azərbaycanı uğurlu, firəvan həyat gözləyir.

Əminəm ki, E.Şahinoğlunun qələmə aldığı “Dəmir Yumruq” kitabı kirtabsevərlərin stolüstü kitabına çevriləcək.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə