Mənəvi normalara əsaslanan siyasət

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə ölkə rəhbərliyi tərəfindən daim xüsusi diqqət və qayğı göstərilmiş, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilmişdir. Xüsusilə, indi Azərbaycanın 44 günlük Vətən Müharibəsindən qalibiyyətlə çıxdığı bu günlərdə şəhid ailələrinə olan diqqət və qayğı hər zamankından da yüksəkdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bu kateqoriyadan olan şəxslər hərtərəfli sosial təminat sistemi ilə əhatə olunurlar. Belə ki, şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Ölkəmizdə şəhid ailələrinə sadəcə dövlətimiz deyil, xalqımız da xüsusi həssaslıqla yanaşır. Şəhidlərimiz cəmiyyət tərəfindən daim hörmət və ehtiramla yad edilir. Sadəcə bir faktı xatırlatmaq yerinə düşərdi ki, xalqımızın şəhidlərimizə olan ehtiramı başa düşülsün. 44 günlük Vətən Müharibəsindən cəmi 2,5 ay öncə Tovuz hadisələri zamanı, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutması və nəticədə baş verən gərginlik zamanı Ermənistan tərəfinin xain hücumlarının qarşısını alarkən qəhrəmancasına həlak olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və 5 hərbi qulluqçumuzun ictimaiyyət tərəfindən qarşılanması, onların dəfnlərinin hətta karantin dövrünə təsadüf etməsinə baxmayaraq xüsusi izdihamla müşayiət olunması bizə şəhidlərə verilən qiymətın hansı səviyyədə olmasından xəbər verir. Tovuz istiqamətində əsgərlərimizin qəhrəmanlıqla mübarizələrinə davam etdiyi vaxtda Bakıda izdihamlı aksiya keçirilmiş dövlətimizə və dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə dəstək nümayiş olunmuşdur. Həmin gün minlərlə vətənpərvər Azərbaycan gənci Şəhidlər Xiyabanına axın edərək müqəddəs and yerimizdə şəhidlərimizə ehtiramını göstərmiş və ərazi bütövlüyümüz bərpası uğrunda Ali Baş Komandandan gələn hər bir əmrə hazır olduqlarını bəyan etmişlər. Qeyd etdiyimiz kimi hadisələrin ölkə ərazisində karantin rejiminin tətbiq olunduğu zaman kəsiyinə təsadüf etməsinə baxmayaraq hüquq mühafizə orqanları da bu nümayişə dəstək vermiş, yolları açmış, nümayişçilərin təhlükəsizliyini təmin etmişdir. Əlbəttə ki, bu, ölkə başçımızın nəzarəti və göstərişi ilə təmin olunurdu. Ölkə başçımız xalqımızın istəklərinə həmişə olduğu kimi yenə diqqətlə yanaşırdı.

Bəli, bu hadisələr Azərbaycanın ən yaxın tarixinin ən yadda qalan anları idi. Xalqın birliyi, Ordusuna və Ali Baş Komandanına dəstəyi təbiidir ki, müharibə dövründə də ən yüksək səviyyədə davam etdi və bunun məntiqi nəticəsi olaraq Azərbaycan ərazi bütövlüyünü təmin edildi, 30 ildən sonra işğala son qoyuldu.

Bugünlərdə ölkə başçımız cənab İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlilləri ilə görüşüb və onlara mənzillərin təqdim olunması mərasimində iştirak edib. Görüş həmişəki kimi yadda qalan anlarla zəngin idi. Ancaq hesab edirəm ki, görüşün hər kəs üçün nümunə olan anı Azərbaycan Prezidentinin şəhid ailələrini hörmətini bildirdiyi an idi. Sitat: “Mən sizə öz hörmətimi bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam”. Həqiqətən də, hər birimiz üçün nümunə olan əsas an bu olmalıdır. Azərbaycan Prezidenti vurğulayır ki, Prezident olaraq şəhid ailələrinin yanındadır. Bu, dövlətin siyasətidir, bu Prezidentin şəxsi göstərişidir.

Vurğulamaq istərdim ki, Pirallahı rayonunda da şəhid ailələrinə diqqət və qayğı hər zaman ən yüksək səviyyədə olmuş, şəhidlərimizin ailələrinə və yaxınlarına həm rayon rəhbərliyi, həm də rayon ictimaiyyəti tərəfindən daim xüsusi həssaslıqla yanaşılmışdır. Onların gündəlik qayğılarının və problemlərinin həlli prioritet istiqamət olaraq qəbul olunmuşdur. Şübhə yoxdur ki, bundan sonra da bu davam edəcək, hətta daha da yüksək səviyyəyə qaldırılacaq.

Yəqin ki, hər kəs razılaşar ki, bugünün şəhidləri, qaziləri və əlilləri dünənin qayğısız gəncləridir. Hansı ki, bu gənclər hələ dünənə kimi məktəblərdə təlim-tədris prosesində iştirak edən, üniversitetlərdə imtahanlara girən ya da yaşadığı ərazidə gündəlik həyatına davam edən gənclərdir. Amma o gənclər Vətən Müharibəsində qəhrəmanlıq, şücayət göstərdilər. O gənclər sübut etdilər ki, Azərbaycan gənci vətənpərvərdir və ölkəsinin ərazi bütövlüyü uğrunda can verməyə hazırdır. Xüsusilə bildirmək istərdim ki, gənclərimiz sadəcə səngərdə əlində silahla yox, həm də arxa cəbhədə mübarizə aparırdı. Xarici ölkələrdə onlara göstərilən təzyiqə baxmayaraq aksiyalar keçirir, səfirliklərimizdə gecə-gündüz demədən növbə tutur, mənfur ermənilərin hər əməllərinə cavab vermək üçün istər sosial şəbəklərdə, istər digər platformalarda mübarizə aparırdı. Və bu öz nəticəsini verdi, Azərbaycan hər sahədə Ermənistanı qabaqladı və Zəfər qazandı. Bu qaçınılmaz son idi. Ölkə başçısının da dediyi kimi, son dövrlərdə gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi və bu nəsil torpaqlarımızı azad etdi. Biz, hər birimiz tam əminik ki, bundan sonra da Azərbaycan gənci öz ölkəsinin gələcəyi naminə çalışacaq və həyata keçirdiyi hər əməlində ölkəsinin mənafeyini öz şəxsi mənafelərindən üstün tutacaq.

Xəyalə Cavanşirli

Pirallahi rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə