2021-2025-ci illərdə bütün şəhid ailələri və müharibə əlilləri evlə təmin ediləcək

Ölkəmizin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə diqqət və qayğı ölkəmizdə hər zaman yüksək səviyyədə olmuşdur. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu qəbildən olan insanların problemləri ilə yaxından maraqlanır, və bu problemlərinin aradan qaldırılması üçün lazımi tədbirlər həyata keçirilir. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına Ölkə başçısının tapşırığına əsasən aidiyyəti qurumlar tərəfindən həyata keçirilən diqqət və qayğı mühüm bir vətəndaşlıq borcuna və vəzifəyə çevrilib. Bu isə cəmiyyətdə birliyin yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini, məhəbbətini gündən-günə artırır.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxış edərək, bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı daha sonra Vətən müharibəsindən qısa bir müddət keçməsinə baxmayaraq, Ramana qəsəbəsində belə gözəl şəhərciyin inşa edilməsinin, həmçinin Şağan qəsəbəsində reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra istifadəyə verilməsinin təsadüfi xarakter daşımadığını, bunun ölkəmizdə şəhid ailələri və müharibə əlillərinə dövlət siyasətində prioritet istiqamət kimi yanaşılmasının məntiqi nəticəsi olduğunu xatırladıb. Ümumiyyətlə, son 17 il ərzində 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il bu məqsədlə 1572 mənzil ayrılıb. Bu il isə 3 minə yaxın mənzil veriləcəyi nəzərdə tutulub.

Əlbəttə, dövlətin bu kateqoriyadan olan insanlara qayğısı bundan sonra da davam etdiriləcək. Azərbaycan Prezidenti görüşdə bu barədə deyib: “Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək”.

Tarix yazan xalqımız 44 günlük Vətən müharibəsində möhtəşəm bir qəhrəmanlıq salnaməsi ilə dünyaya səs saldı. Bu, o qəhrəmanlıq salnaməsidir ki, bu salnamə Azərbaycanın qəhrəman, igid, qorxmaz, mübariz oğullarının şücaəti nəticəsində ərsəyə gəlmişdir. Məhz həmin igidlər sayəsində Azərbaycanın uzun illərdir ki, düşmən tapdağı altında olan torpaqları işğaldan azad olundu və biz haqq savaşını qazandıq! Xalqımız bu möhtəşəm qələbəni məhz qəhrəman oğullarımıza - şəhidlərimizə və qazilərimizə borcludur. Ümumillilider Heydər Əliyev şəhid ailələri ilə görüşlərinin birində qeyd etmişdir: “Vətənin, ölkənin müdafiəsi uğrunda şücaət, qəhrəmanlıq nümunələri göstərmiş insanlar qiymətləndirilir və unudulmur. Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz”. Həqiqətən də belədir, dövlətimiz, xalqımız öz qəhrəman övladlarını unutmur onların adlarını daima uca tutur və yaşadır!

Respublikamızın hər yerində olduğu kimi, Pirallahı rayonunda da torpaqlarımızın bütövlüyü uğrunda şəhid və əlil olmuş insanların ailə üzvləri qayğı ilə əhatə edilir, onlarla daimi görüşlər keçirilir, problemlərinin həlli istiqamətində xeyli işlər görülüb. Rayon sakinləri Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, müharibə veteranlarına, Vətən müharibəsi iştirakçılarına göstərilən davamlı diqqət və qayğını yüksək qiymətləndirir.

Rüfət Əhmədov

YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...