Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir Sədaqət Vəliyeva

“Şəhid ailələri və müharibə əlillərinə qayğı daim Azərbaycan dövlətinin diqqəti mərkəzindədir. Onların mənzil-məişət və iş problemlərinin həlli, avtomobillərlə təminatı, aylıq təqaüdün və birdəfəlik ödəmələrin vaxtlı-vaxtında verilməsi göstərilən qayğının əyani təzahürləridir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva SİA-ya açıqlamasında deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin ardıcıllığının nəticəsində şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, veteranların problemləri kompleks şəkildə həllini tapır: “Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib. Təkcə keçən il 1572 mənzil verilib. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Prezident İlham Əliyev göstərişinə əsasən həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Dövlət Bakı, Sumqayıt və Abşeron rayonunda nəzərdə tutulan işləri bu ilin sonuna qədər tam icra edəcək. Bununla yanaşı, digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi də davam etdirilir. Elə yalnız Ramana qəsəbəsində inşa edilmiş kompleksdə doqquzmərtəbəli 30 bina tikilib ki, bu da ümumilikdə 1512 mənzildən ibarət. Eyni zamanda, dövlət başçısının cari ilin yanvar ayında imzaladığı Sərəncama əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Bütün bunlarla yanaşı, şəhid ailələrinə və müharibə əlillərinə verilən müavinət və təqaüdlər bu ilin yanvar ayından 50-70 faiz artırılıb. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir”.

“Həmçinin, ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstəriləcək” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, qazilərə tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcək. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək: “Bütün bunlar bir daha onu göstərir ki, şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir və Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...