Biləsuvar rayonunda Xocalı faciəsinə həsr olunmuş onlayn tədbir keçirilib

24 fevral 2021-ci il tarixdə Biləsuvar rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Biləsuvar rayon Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” mövzusunda onlayn tədbir keçirilib.

Tədbiri Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Biləsuvar rayon Qadınlar Şurasının sədri Ləman Yüzbaşova açaraq 29 il əvvəl erməni hərbi birləşmələrinin Xocalıda törətdikləri cinayətlərdən ətraflı söz açmış, həmin faciəni nəinki Azərbaycan xalqına, eləcə də bütün bəşəriyyətə yönəldilmiş soyqırım kimi dəyərləndirib.

Tədbirdə çıxış edən Biləsuvar rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirilən soyqırımın xalqımıza qarşı aparılan ən dəhşətli və qəddar faciələrindən biri olduğunu qeyd edərək, bu faciəni törətməklə ermənilərin xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq və tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istədiklərini bildirib.

F.Qürbətov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında sıx birləşən xalqımızın müqəddəs vətən torpağı uğrunda 27 sentyabrda başlayan savaşında Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü ilə düşmən bütün torpaqlarımızdan qovuldu və 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımız azad edildi. Bu gün savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur və onları ehtiramla yad edir.

Tədbirdə Milli Məclisin üzvləri Sevinc Fətəliyeva, Jalə Əliyeva, Bəhruz Məhərrəmov, YAP Biləsuvar rayon Təşkilatının sədr əvəzi Aqşin Bağırov, I Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant şəhid Orxan Əkbərovun anası həkim Sevil Abdullazadə, Qadınlar Şurasının üzvləri çıxış edərək həmin faciəli gecədə ermənilərin törətdikləri vəhşiliklər barədə danışıblar.

Tədbirdə Biləsuvar rayon Regional Mədəniyyət idarəsi tərəfindən faciə qurbanlarına həsr olunmuş ədəbi-bədii kompozisiya, Biləsuvar Rəsm qalereyasının və respublikanın taninmiş rəssamlarının əl işlərindən ibarət rəsm əsərləri nümayiş etdirilib

Bütün xəbərlər Facebook səhifəmizdə