"Müasir gənclik açıq-saçıq geyinmək demək deyil" PSİXOLOQ ƏSAS MƏTLƏBLƏRƏ TOXUNDU

Son günlər gənclər arasında depressiya və intihar halları durmadan artır. Əsasən də yeniyetmələr problemlərin həlli yolunu başqa istiqamətlərdə tapmağa çalışırlar. Bəs gəlin görək bu yanlışlıq nədən qaynaqlanır və müasir gənclik anlayışı necə olmalıdır? SİA olaraq məsələ ilə bağlı psixoloq Aytən Ələkbərovanın fikirlərini öyrəndik.

Psixoloq Aytən Ələkbərova problemlərin həll yolunu bu cür izah etməyə çalışıb: "Hal-hazırda yaşadığımız pandemiya şəraiti bizi gənclərdən "uzaqlaşdırıb". Online (onlayn) vebinar və seminarlar da istənilən nəticəni vermir. Bu gün intiharların artması informasiya çoxluğundan irəli gəlir. Övladlarımız azadlığı mənfi mənada dərk edirlər. Abituriyent dövründə ailə tərəfindən gənclərə olunan basqılar, valideynlər arasındakı münaqişələr və boşanma halları, başqaları ilə müqayisə olunmaq da onları intihara sürükləyir. 13-14 yaşlı uşaqlarda özünəqapanıqlıq cinsi tərbiyənin düzgün alınmamasında özünü göstərir. Nəticədə, özgüvən azalır və şəxsiyyət kiçilir. Şəxsiyyətin böyüdülməsi və kiçildilməsi şizofren xəstəliyinə aiddir. Lakin, bu o demək deyil ki, bizim gənclərimizin hər biri şizofren xəstəliyindən əziyyət çəkir. Şizofreniyanın yaranması 15-25 yaş aralığındadır. Əgər bu dönəmdə valideyn övladının özgüvənini yerlə yeksan etsə, uşaq özünü heçkim hesab edəcək. Bəzi valideynlər düşünür ki, onlar öz uşaqlarının psixoloqudur. Bu fikir tamamilə yalnışdır. Çünki, o övladını qonşu gözündə görə bilməz".

Depressiya məsələsinə gəldikdə isə psixoloq bildirib ki, onun yaranması insanın psixi halətinin pozulmasından irəli gəlir: "Uşağın ruhuna həddindən artıq müdaxilə özünəqapanıqlıq yaradır. Əsasən intihar edən insanların çoxu da bu xarakterdədir. Bu zaman müəllim və valideynlər arasında həyəcan təbili çalınmalıdır. Özünəqapanıqlıq 2 gündən artıqdırsa, artıq bu ciddi haldır. Depressiyada olan insan düşdüyü vəziyyəti dərk edirsə, psixoloqa müraciət edərək özü-özünü xilas edə bilər. İnsanlar daha çox yaz-payız depressiyasından əziyyət çəkir. Payızda vəziyyət daha da kəskinləşir.

Abituriyentlərdə olan həyəcan məsuliyyət əlamətidir və bu bizi qorxutmamalıdır. Psixoloqlar həyəcanı çox olan abituriyentdən əla nəticə əldə edir və aralarında anonimlik olması şərtdir. Onlar pasientdə psixiatrik vəziyyəti görüb onu dərman alüdəçisinə çevirməməli, həkimlərin yerinə dərman təyin etməməlidirlər. Dərmanların özünəməxsus dozası olur ki, bu çoxluq təşkil edəndə pasienti şoka sala bilər. Online seanslarla pasientin problemini 100/100 təyin etmək olmur".

A.Ələkbərova həmçinin deyib ki, müasir gənclik geyim tərzi və cinsəl düşüncələrlə ölçülməməlidir: ""Mən gəncəm", "istədiyim kimi hərəkət edə bilərəm", "gecə 12-dən sonra evə gələrəm" düşüncələri müasirlik deyil. Komendant saatının ən faydalı tərəfi insanların saat 9-da evdə olması və cinayətlərin azalması idi. Çünki, kriminal hadisələr daha çox gecə həyatında baş verir.

Ümumiyyətlə, psixiatr və psixoloq tamam fərqli anlayışlardır. Psixiatrlar Azərbaycan Tibb Universitetinin məzunlarıdır və xəstəni dərman müdaxiləsi ilə müalicə edirlər. Sırf psixoloqa isə əsasən sağlam ruhlu insanlar müraciət edir və onları narahat edən neqativ düşüncələrdir. Psixoloq və psixiatrlar birləşən zaman ortaya əla nəticələr çıxır. Psixoloji problemlərin yaranma səbəblərindən ən əsası şübhə, paxıllıq və kin-küdurətdir. Şübhə mərəzdir və insanı məhvə doğru aparır. İnsanlar paxıllıqla qibtəni ayırmağı bacarmırlar. Qibtə insanın rahatlığıdır. Paxıllıq isə qarşısındakında hətta düz olsa belə, səhv axtarmaqdır".

Psixoloq onu da əlavə edib ki, bütün bəşəriyyət boyu qadağan olunan elementlər insana daha maraqlı olur: "Cinsi azlığın nümayəndələrindən də psixoloqlara müraciət edənlər az deyil. Onların orqanizmasında olan problem bir növ xəstəlik hesab olunur və müalicəsi demək olar ki, mümkün deyil. Bu məsələdə əsas problem hormonlardır. Burda da valideyn əsas rol oynayır. Uşağı vaxtında androloq, ginekoloq və psixoloqa müayinə etdirmək lazımdır. Onlara cinsi tərbiyəni uşaq yaşlarından aşılamalıyıq. Azyaşlıların telefonda oynadığı qanlı savaş oyunları onlara mənfi təsir edir və bu hallar ona adi gəlir".

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...