“Xocalı faciəsi qan yaddaşımızdır” - Videokonfrans

Bu mövzuda YAP Kürdəmir rayon təşkilatı və rayon Gənclər və İdman idarəsi videokonfrans keçirib

Fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Kürdəmir rayon Gənclər və İdman İdarəsinin və YAP Kürdəmir rayon təşkilatının gənclər birliyinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda videokonfrans keçirilib. Anım tədbirindən öncə Xocalı soyqırımı şəhidlərinin, eləcə də dövlətimizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canından keşmiş, şəhid olmuş gənclərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə Kürdəmir rayonunda məskunlaşan Xocalı rayonundan olan məcburi köçkün ailələri ilə görüşdə olaraq konfrans iştirakçıları ilə canlı bağlantı yaradan Kürdəmir rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edən YAP Kürdəmir rayon təşkilatının sədri Ağalı Kərimli və Xocalı faciəsinin canlı şahidləri olanlar xocalılar bildirdilər ki, Xocalı soyqırımı insanlıq tarixinə ən dəhşətli hadisələrdən biridir. Xocalı faciəsi öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayətdir. Amma biz bu il Xocalı soyqırımının ildönümünü xüsusi bir tarixi şəraitdə qeyd edirik.

29 ildən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. 2020-ci ilin 8 noyabr tarixi Azərbaycan tarixinə Zəfər tarixi kimi qızıl həriflərlə yazıldı. Sentyabr ayının 27-dən başlayan 44 günlük Vətən müharibəsi işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Qısa zaman kəsiyində düşmənin darmadağın edilməsi ilə Xocalı qurbanlarının, həmçinin birinci Qarabağ müharibəsində həyatlarını itirən insanların hamısının qisası alınmış oldu. Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildən başlayaraq hər il ölkəmizdə 26 fevral - “Xocalı soyqırımı günü” qeyd olunur və Xocalı qurbanlarının xatirəsi yad olunur. Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəyə çevirən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində də böyük qətiyyət nümayiş etdirir.

Tədbirdə cıxış edən YAP Kürdəmir rayon təşkilatı Gənclər birliyinin sədri Rauf Abuşov bildirib ki, Ermənilərin Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçiriblər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edib. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulub . Xocalı faciəsi bəşər tarixində görünməyən Xatın, Xerosima və Sonqmi faciələrini öz dəhşəti və insanlığa sığmayan hadisələri ilə geridə qoydu.

Tədbirdə cıxış edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev bildirib ki, tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı ermənilər tərəfindən soyqırımına məruz qalıb. 1992-ci ilin o soyuq fevral gecəsində Ermənistan silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi ilə Xocalı sakinlərinə qarşı törətdikləri dəhşətli soyqırımı aktı insanlığa qarşı vəhşiliyinə, qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşüb. Xocalı qətliamı Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi oldu. Xocalı soyqırımı tarixə erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izi kimi yazıldı. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

“Azərbaycan Gənclik platforması” təşkilatının Kürdəmir rayonu üzrə koordinatoru Mətanət Gülməmmədova, şəhər 4 saylı tam orta məktəbin müəllimi Mehdi Quliyev, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xəyyam Məlikov, Reqional Asan Xidmət mərkəzinin könüllülər üzrə məsul işçisi Seymur Məlikov bildiriblər ki, Xocalı faciəsi dünyada analoqu olmayan soyqırımı aktı kimi tarixə düşüb. Tarixi həqiqətləri dünyaya çatdırmaq isə ümummilli lider Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində həyata keçdi. Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 28 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları ilə uzun illər gizli saxlanılan bu ümumxalq faciəsi öz hüquqi-siyasi qiymətini aldı, tarixi yaddaşımız bərpa olundu. Ulu Öndər Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edib, hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulayıb. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış Ümummilli Liderimiz, eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirib.

“Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla və layiqincə yerinə yetirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası sayəsində artıq dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın idarə olunan siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız vəziyyəti artıq dəyişmişdir: “Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəkdir. O gün gələcəkdir”.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi ilə qeyd etmək lazımdır.

Aparılan “Xocalıya ədalət!” kampaniyası nəticəsində bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pislədilər”.

İnsanlığa qarşı vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 29 il keçir. Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...