Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında oldular. Ölkə başçısının işğaldan azad olunmuş rayonlara budəfəki səfəri bir çox aspektdən xüsusilə yadda qalan oldu. Belə demək olar ki, səfər- Böyük Qayıdışın ilk ayaq səsləri idi. Səfər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması həm siyasi, iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edirdi. Qeyd edək ki, ölkə başçısı səfər zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu, Güləbird Su Elektrik Stansiyasının açılışını etdi və Bəsitçay Dövlət Təbiət Qoruğuna baş çəkdi.

İlk olaraq tikintisinə start verilən Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev vurğuladı ki, bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək.

Azərbaycanı Naxçıvanla birləşdirən dəmiryolu xəttinin çəkilişi gələcəkdə tranzit yükdaşımanın miqyasını artıracaq, iqtisadi ticarət əlaqələrini gücləndirəcək, Azərbaycanın büdcəsinə maliyyə gəlirlərinin gəlməsinə səbəb olacaq. Böyük İpək yolunun tam bərpası təmin ediləcək və bu ərazidən keçən dəmir yolu xətti Azərbaycanın Türkiyə ilə maneəsiz gedişini təmin edəcəkdir.

Ölkə başçımızın daha əvvəl bəyan etdiyi kimi işğaldan azad olunan ərazilərimizdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları reallaşdırılacaq. Bu istiqamətdə ölkə ictimaiyyətinə ilk dəfə "ağıllı kənd" layihəsi barədə müjdə verən dövlətimizin başçısı bildirib ki, birinci "ağıllı kənd" layihəsi Zəngilanın erməni işğalı nəticəsində dağıdılmış Ağalı kəndində reallaşdırılacaq və kənddə layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri- yəni 5 komponent üzrə aparılacaq. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Daha sonra Prezident İlham Əliyev Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının (SES) açılışında iştirak etdi. Qeyd edək ki, bu, işğaldan azad olunan rayonlarda dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. “Güləbird” SES-nin istifadəyə verilməsi ilə 7 min nəfər elektrik enerjisindən faydalanacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Sonda ölkə başçısı Laçının işğal altına düşməsinin Azərbaycan üçün faciə olduğunu bildirdi. Həqiqətən də Laçının işğalı strateji baxımdan böyük məğlubiyyət idi. Ölkə başçısı onu da qeyd etdi ki, Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Sitat: “Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər”.

Bəli, onlar hakimiyyət üçün bu torpaqları satıblar. Ali Baş Komandan və Azərbaycan Ordusu isə torpaqlarımızı işğaldan azad edib, öz doğma sahiblərinə qaytarıblar. Bugün Azərbaycan Prezidentinin həmin torpaqlarda olması, orada infrastruktur layihələri həyata keçirməsi, oradan xalqımıza və bütün dünyaya səslənməsi əlbəttə ki, bütün dünyaya mesajdır. Mesaj isə açıq-aydındır. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Qarabağı cənnətə çevriləcək.

Rüfət Əhmədov

YAP Pirallahı rayon təşkilatı Gənlər Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə