"Srebrenitsa anaları" Ağdamda

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycana gələn “Srebrenitsa anaları” İctimai Birliyinin üzvləri işğaldan azad edilmiş Ağdam şəhərində olublar. SİA xəbər verir ki, “Srebrenitsa anaları” Ağdamda erməni vəhşiliyinin nəticələri ilə yaxından tanış olub, viran qoyulmuş ərazilərə baxıblar. Bosniya və Herseqovinadan olan analar Xocalı sakinlərinin qətliam edildiyi, bir hissəsinin isə xilas olunduğu Şelli kəndi yaxınlığına, faciə qurbanlarının meyitlərinin gətirildiyi Ağdam şəhər məscidinə və onların dəfn edildiyi Şəhidlər xiyabanına gedib, 29 il əvvəl ermənilər tərəfindən törədilən soyqırımı haqqında daha ətraflı məlumatlanıblar.

“Srebrenitsa anaları” Birliyinin sədri Munira Subaşiç deyib: “Mən Serbiyada olan hadisələrin qurbanıyam. 1995-ci ildə Serbiyada 22 yaxın qohumumu, o cümlədən həyat yoldaşımı və oğlumu itirmişəm. O vaxt özümə söz vermişdim ki, hadisə barədə hər yerdə danışacağam, səsim hər yerdə eşidiləcək. Həm Haaqa tribunasında, həm məhkəmələrdə, beynəlxalq təşkilatlarda öz səsimizi ucaltdıq. Həm Bosniya xalqı, həm də Azərbaycan xalqı eyni faciəni yaşayıblar”.

Qeyd edək ki, Bosniya və Herseqovinanı təmsil edən “Srebrenitsa anaları” Hərəkatının üzvləri də 1995-ci ildə serblər tərəfindən törədilən soyqırımına məruz qalıblar. Həmin ildə Srebrenitsada üç gün ərzində 10 mindən çox insan, o cümlədən 570 qadın və 1000-dən çox uşaq öldürülüb. Bu soyqırımının günahkarları cəzalandırılıb və dünya bu soyqırımını tanıyır. Avropa İttifaqı 11 iyul tarixini Srebrenitsa Qurbanlarının Anım Günü kimi təsis edib. Həmin ərazidə böyük memorial kompleksi inşa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...