Xocalı faciəsinin 29-cu ildönümü Bolqarıstanda anılıb

Azərbaycanın Bolqarıstandakı Səfirliyi və Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Ohridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə video formatda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rauf Əliyev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri üzrə şöbəsinin müdir müavini Cahid Quliyev, Bolqarıstanda Azərbaycan icmasının nümayəndələri, Müqəddəs Kliment Ohridski adına Sofiya Universitetində “Azərbaycan multikulturalizmi” və “Azərbaycan dili” üzrə təhsil alan bolqar tələbələr, Bakı Slavyan Universitetində fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzinin nümayəndələri, eləcə də Universitetin bolqar dili üzrə təhsil alan tələbələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska konfrans iştirakçılarına Xocalı faciəsi barədə bolqar və Azərbaycan dillərində məlumat verərək bu qanlı faciənin Azərbaycan tarixində yerindən bəhs edib.

Azərbaycanın Bolqarıstandakı Səfirliyinin müvəqqəti işlər vəkili Vüsalə Sadıqova çıxış edərək Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı mülki əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən birinin və Birinci Qarabağ müharibəsi gedişatının ən faciəvi səhifəsinin Xocalı şəhərinin işğalı ilə əlaqədar olduğu bildirib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanın vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələnən Xocalı soyqırımının insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, eləcə də bir sıra digər beynəlxalq konvensiyaların ciddi şəkildə pozulması olduğunu söyləyib.

Diplomat əlavə edib ki, hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin soyqırımını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul ediblər. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xocalı soyqırımını kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul ediblər.

V.Sadıqova Azərbaycanın dinc əhalisinin məqsədyönlü şəkildə hədəfə alınması və onlara qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsinin Ermənistan tərəfindən İkinci Qarabağ müharibəsi dövründə də davam etdirildiyini vurğulayıb. O, döyüş əməliyyatların getdiyi cəbhə bölgəsindən xeyli aralıda yerləşən, Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisini və mülki infrastrukturunu məqsədli şəkildə hədəfə alan Ermənistanın, 1992-ci ildə olduğu kimi 2020-ci ildə də eyni qəbildən olan terror taktikasına əl atmasını qeyd edib.

Sonda V.Sadıqova Xocalı soyqırımını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılmasının həm regionda davamlı sülhün təmin olunması, həm də bu kimi cinayətlərin bir daha təkrarlanmaması baxımından vacib olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rauf Əliyev çıxış edərək Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralında Xocalı şəhərinin işğalı zamanı şəhərin darmadağın edilərək dinc əhaliyə qarşı törədilən misli görülməmiş vəhşiliklər barədə bəhs edib. Deputat davam edib ki, Ermənistan tərəfindən törədilən vəhşiliklər İkinci Qarabağ müharibəsində də davam etmişdir. Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə, Tərtər şəhərlərinin dinc əhalisinə qarşı etdiyi raket hücumları nəticəsində onlarla insanın həlak olduğu barədə məlumat verib. O, ölkəmizin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun düşmənə layiqli cavab verərək torpaqlarımızın 30 il davam edən işğalına son qoyduğunu diqqətə çatdırıb. Deputat həmçinin 44 günlük zəfər müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizin yerlə-yeksan edilməsi, mədəni, tarixi və dini irsimizin məhv edilməsini xüsusilə vurğulayıb.

Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, dünya ölkələrinin Xocalı soyqırımı ilə bağlı həqiqətlər barədə məlumatlandırılması baxımından bu kimi tədbirlərin vacibliyindən söz açıb. R.Əliyev həmçinin Bolqarıstanlı həmkarları ilə münasibətlərdə Xocalı soyqırımı da daxil olmaqla, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə davamlı məlumat verdiyini söyləyib. Bu soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılmasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının rolundan danışıb.

Sonda R.Əliyev Azərbaycan-Bolqarıstan arasında əlaqələrinə diqqət çəkərək ölkələrimiz arasında uğurla davam edən əməkdaşlıq barədə məlumat verib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri üzrə şöbəsinin müdir müavini Cahid Quliyev çıxış edərək müxtəlif ölkələrdə Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar silsilə anım tədbirlərinin təşkil edildiyini bildirib. O, dinc azərbaycanlılara qarşı törədilən bu amansızlıqların dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin bu məsələdə xarici ölkələrdə diaspor nümayəndələrimizə hər zaman dəstək göstərməyə hazır olduğunu əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...