Bu səfərlər “Böyük Qayıdış”ın ilk addımlarıdır

Son günlərin ölkəmiz üçün ən əhəmiyyətli hadisəsi ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birgə işğaldan azad olunmuş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəridir. Səfər bir çox əhəmiyyətli məqamlarla yadda qalan oldu. Bu adi bir səfər deyildi və dövlət başçısı işğaldan azad olunmuş torpaqlardan kifayət qədər ciddi mesajlar verdi, bununla yanaşı, təməlqoyma mərasimlərinə qatıldı, mühüm obyektlərin açılışında iştirak etdi. Əslində, bu səfəri “Böyük Qayıdış”ın ilk addımları kimi dəyərləndirmək olar.

Səfərin bizim üçün ilk əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan Prezidenti ölkə vətəndaşlarına, dədə-baba yurdlarından didərgin düşən yüz minlərlə insana bölgədə yaranmış vəziyyətlə bağlı məlumat verdi, görülən və görüləcək işlərdən söhbət açdı, hansı yeniliklərin həyata keçiriləcəyindən danışdı, o vaxt Qarabağın itirilməsinin səbəblərini göstərərək hamını bu tarixdən ibrət dərsi götürməyə səslədi..

Səfər boyu işğaldan azad olunan kəndlər barədə məlumat verən dövlət başçışı Zəngilanda olarkən, bildirdi ki, məhz Zəngilanda – daha dəqiq desək Ağalı kəndində birinci “ağıllı kənd” layihəsi icra ediləcək. Bununla yanaşı, Üçüncü Ağalı kəndində də “ağıllı kənd” layihəsi reallaşacaq.

Ölkə başçısı əvvəlki çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini bildirmişdi. Bunu dövlət başçısının “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına da aid etmək olar. Burada diqqət çəkən məqamlardan biri isə budur ki, inşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ mənbələrindən istifadə ilə əlaqədardır.

Azərbaycan Prezidentinin bu səfəri xüsusilə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndində Su Elektrik Stansiyasının açılışı ilə də yadda qaldı. Dövlət başçısının təbirincə desək, Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş artıq burada Su Elektrik Stansiyası istismara verilir. Bu SES-in istifadəyə verilməsi tarixi, əlamətdar hadisədir. Bu, işğaldan azad olan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Məlumat üçün bildirək ki, sözügedən stansiya 8 meqavat gücündədir və təxminən 7000 nəfər əhalini elektrik enerjisi ilə təmin edəcəkdir.

Bəlli olduğu kimi, erməni vandalları 30 il ərzində Qarabağın ekoloji cəhətdən zəhərlənməsi üçün hər cür iyrənc hərəkətləri törətmişdir. O cümlədən Bəsitçay Dövlət Qoruğunda da bənzər hərəkətlər edilmişdir. Mənfur düşmən qoruğun meşəlik ərazisinin yarısını məhv etmiş, ağacların kökünü, oduncağını yandırmışdır. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına ciddi zərbə vurulmuşdur. Ancaq , səfər çərçivəsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adıçəkilən qoruqda çinar ağacları əkmələrini, həmçinin Bəsitçaya balıq buraxmalarını bölgədə ekoloji məsələlərin öz həllini tapacağının ilkin siqnalları kimi dəyərləndirmək olar.

Şübhəsiz ki, qarşıdakı dövrdə bizi nəhəng layihələr və işlər gözləyir. Təbii ki, azad olunmuş ərazilərin minalardan təmizlənməsi ən vacib məsələlərdən biridir və hazırda bu sahədə işlər davam etdirilir. “Böyük Qayıdış”a artıq start verilib. İşlər sürətlə aparılır. Çox keçməz ki Qarabağ torpaqları yenidən dirçələr və cənnət məkana çevrilər.

Qarabağın azad edilməsi və böyük qayıdışın həyata keçirilməsi hər bir azərbaycanlı üçün tarixdən ibrət dərsi götürməyi tələb edir. Biz 28-30 il əvvəlki məğlubiyyətlərimizin acı nəticələrini düzgün təhlil etməliyik ki, gələcək nəsil də bunlardan yetərincə düzgün nəticə

çıxara bilsin. Bizlər unutmamalıyıq ki, bu məğlubiyyət tarixin bizə ibrət dərsi idi. Keçmişin səhvləri unudulmamalıdır ki, gələcəyə səhvsiz getmək mümkün olsun.

Xeyrulla Ağayev

“Neft Daşları” qəzetinin baş redaktoru

Bütün xəbərlər Facebook səhifəmizdə