İlham Əliyev işğaldan azad olunmuş torpaqlara qalib Ali Baş Komandan kimi səfər edir

Uzun illər düşmən tapdağı altında qalan əzəli torpaqlarımız, nəhayət ki, Ali Baş Komandan İlham Əliyev cənablarının eləcə də, mübariz xalqımızın dəmir yumruq kimi birləşməsi nəticəsində 44 günlük müharibə ilə geri alındı. Torpaqlarımız 30 ildir ki, məruz qaldıqları erməni vandalizmindən can qurtardı və öz doğma sahiblərinə qaytarıldı. Bundan sonra dövlətimiz və xalqımız qarşısında duran əsas məsələ igidlərimizin canı-qanı bahasına işğaldan azad etdiyi həmin əraziləri dirçəltmək, o torpaqlara həyatın, canlılığın qaytarılmasını təmin etməkdir. Bu istiqamətdə artıq bir çox addımlar atılmış, əməli fəaliyyətə start verilmişdir.

Müharibənin aktiv dövrünün bitməsindən hələ 3 aydan bir qədər artıq müddət keçməsinə baxmayaraq artıq həmin torpaqlarda quruculuq və infrastruktur işləri reallaşdırılmağa başlanılmışdır. Belə ki, 14 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olmuş, bir sıra təməl qoyma mərasimlərində və açılışda iştirak etmişlər. Burada Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin, Güləbird Su Elektrik Stansiyasının təməlini qoymuş, Bəsitçay Dövlət Təbiət Qoruğuna baş çəkmiş və bir sıra vacib açıqlamalar vermişdir.

Ölkə başçısı səfəri zamanı çıxışında vurğulamışdır ki, torpaqların bərpası prosesi artıq başlamışdır. Bəli, hazırda ölkə başçısı cənab İlham Əliyevin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanmaqda və sürətli şəkildə infrastruktur layihələri icra olunmaqdadır. Belə ki, 14 fevral tarixində, müharibənin aktiv dövrünün bitməsindən cəmi 3 aydan bir qədər artıq müddət keçdiyi halda ölkə başçısının iştirakı ilə ilk infrastruktur layihəsi istifadəyə verildi. Sözügedən stansiya 8 meqavat gücündə olmaqla, təxminən 7000 nəfər əhalini elektrik enerjisi ilə təmin edəcəkdir.

Əminliklə deyə bilərik ki, ölkə başçısının işğaldan azad olunmuş rayonlara hər səfəri xalqımızda dərin məmnunluq və qürur hissi yaradır. 30 ildir ki, həsrətini çəkdiyimiz torpaqlarda ölkə başçımızın qalib ordunun Ali Baş Komandanı kimi səfər etməsi, orada açıqlamalar verməsi hər birimizin qəlbinin fərəhlə döyünməsini səbəb olur.

Azərbaycan Ordusu işğal altında olan torpaqları canı, qanı bahasına işğaldan azad etdi. Ali Baş Komandan cənab ilham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun qarşısı alınmaz gücü və Azərbaycan xalqının bir yumruq kimi birləşərək Ordusuna və onun ali baş komandanına qeyd-şərtsiz dəstəyi Ermənistanı təslim olmağa və kapitulyasiya aktına imza atmağa məcbur etdi.

Böyük qürur hissi ilə bildirmək istərdim ki, rayonumuz da bu prosesdə iştirak etmiş, Vətən Müharibəsinə igidlər göndərmiş, şəhidlər vermişdir. Vətən müharibəsi başlanan gündən etibarən rayon üzrə 56 sakinimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərliyə cəlb olunmuşdur. Səfərbərliklə gedən rayon sakinlərindən hər biri böyük şücaət və qəhrəmanlıq göstərmiş, onlardan 13 nəfəri ümumilikdə 19 medalla təltif olunmuşdur. Təəssüf ki, qalibiyyət itkisiz ola bilməz. Rayonumuz da bu müharibədə itki verdi. İki gəncimiz vətən uğrunda şəhid oldu. Əlbəttə ki, onların ailələri və bizlərə əmanət etdikləri övladları daim hər birimizin nəzərində olacaqdır.

Bildirmək istərdim ki, Pirallahı rayonu gənc rayondur. Yaradılmasından cəmi səkkiz il keçib. Ancaq rayon yarandığı gündən aparılan ilk abadlıq-quruculuq tədbirləri sırasında 3-ü Milli Qəhrəman olmaqla 39 şəhidimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə onların hər birinin şəkillərinin əks olunduğu “Vətən uğurunda abidə kompleksi”nin inşa edilməsi olmuşdur. O cümlədən, abidə kompleksinə artıq 44 günlük Vətən Müharibəsində iştirak etmiş və şəhid olmuş 2 hərbiçimizin də şəkilləri həkk olunmuşdur. Bununla yanaşı, şəhidlərdən yeddisinin adı küçələrə, ikisinin adı isə məktəblərə verilmişdir. Şəhid ailələrimiz daim Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən digər təşkilatların diqqətində saxlanılmışdır. Onların hər biri daim hər birimiz üçün əziz və doğmadır. İndiyə qədər olduğu kimi, bundan sonra da şəhidlərimizin əziz xatirəsi qəlblərimizdə yaşayacaq, şəhid ailələrinə qayğı və diqqət davam etdiriləcəkdir. Ölkə başçısının dediyi kimi, qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı. Allah şəhidlərimizə rəhmət etsin!

Xəyalə Cavanşirli

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...