Əsrin faciəsi Xocalı soyqırımından 29 il ötür

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımından artıq 29 il ötür. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalıda törədilən əməllər ümumbəşəri dəyərlərə tamamilə ziddir. Ermənilərin azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinin tarixi əsrləri əhatə edir. Hadisələri ardıcılıqla izləsək, görərik ki, Azərbaycanın başına gətirilən olaylar tarixdə, demək olar ki, eyni ssenari üzrə cərəyan edib. Artıq dərk edirik ki, ermənilər tarixən təkcə bizlərə qarşı deyil, bütün türk dünyasına qarşı torpaq iddiaları ilə çıxış edib. Belə ki, tarixi reallıqlar, bizə deməyə əsas verir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Cənubi Qafqazdakı tarixi ərazilərində etnik təmizlənmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkləri erməni daşnakları tərəfindən kütləvi surətdə qətlə yetirilmiş və ata-baba yurdlarından deportasiya edilmişlər.

Ötən əsrin ən böyük faciələrindən biri kimi tariximizdə iz salan Xocalı soyqırımı XX yüzillikdə insanlığa qarşı törədilən ən amansız faciələrdən sayılır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı xalqımızın növbəti faciəsini yaşadığı bir tarixdir. Soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirildiyi o qış gecəsinin dəhşətli anları, hər bir azərbaycanlının qan yaddaşına elə çökmüşdür ki, bu hadisələri kiminsə unutmağına inanmaq qeyri-mümkündür. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, XX əsrin sonunda bütün dünyanın gözü qarşısında törədilmiş, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifəsi olmuşdur: "Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür".

Xocalı soyqırımı təkcə bizlərin deyil, bütün bəşəriyyətin faciəsidir. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlanmışdır. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı "Xocalı soyqırımı günü" elan edilmişdir.

Bu il bizlər, Xocalı soyqırımının 29-cu anım ilini qeyd edirik.

Təbii ki, bu tarixi gündə törətdilən vəhşiliklər insanlarda erməni terrorizminə, onların işğalçılıq siyasətinə, insanlığa sığmayan əqidə və məsləkinə qarşı dərin nifrət hissi oyadır. Soyqırımı milli düşüncə tərzimizə, milli dəyərlərimizə, milli əxlaqımıza o dərəcə nüfuz etmişdir ki, faciənin törəmə tarixini keçmiş kimi qəbul edə bilmirik. Xalqın qan yaddaşında kök salmış hadisələr heç zaman bizi tərk etməyəcək və zaman-zaman ağrıdacaqdır.

Xatırladıq ki, yeddi min əhalisi olan Xocalı, erməni terrorçu qrupları keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasının tərkibində olan 366-cı alıyının köməyi ilə müxtəlif növ silahlardan atəşə tutularaq, yerlə yeksan edilmişdir. Qəddarcasına həyata keçirilmiş terror əməliyyatı nəticəsində, 613 nəfər şəhid olmuş, onlardan 56-cı xüsusi qəddarlıqla qətlə yetirilmiş, 487 nəfər ağır yaralanmış, 1430 nəfər əsir götürülərək amansız işgəncələrə məruz qalmış, onların 135 nəfərinin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə qocalar olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 27 ailənin hərəsindən yalnız bir nəfər sağ qalmışdır. Soyqırımı aktı zamanı öz torpaqlarını tərk etməyə məcbur olan Xocalı sakinləri ölkəmizin 40 rayonunda məskunlaşmışlar.

Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini - Xocalı soyqırımını törətdilər. Xocalıda terror əməliyyatının planı əvvəlcədən hazırlanmışdı. Xocalıda erməni terrorizminin amansızlığını təsdiq edən faktlardan biri də odur ki, terror əməliyyatı zamanı istifadəsi qadağan olunan xüsusi təhlükəli kütləvi qırğın silahlarından geniş istifadə olunmasıdır. Belə ki, vaxtilə Novosbirisk şəhərində "Suxoy" Hərbi-Sənaye Kompleksində baş konstruktor işləyən Mixail Poqosyan keçmiş SSRİ MN-in baş qərargahında ixtira etdiyi yeni mərmilərin radiusunu, hədəfdəymə məqamlarını sınaqdan çıxarmaq üçün ən gözəl coğrafi cəhətdən dəyərli yer-məkan Azərbaycanın qərb zonasını təklif etmişdir və Xocalı seçilmişdir. Xocalı şəhərində həyata keçirilən genişmiqyaslı soyqırımı zamanı SSRİ-nin hərbi-sənaye komplekslərində möhtəşəm yer tutan "T-80" tanklarının mühərriki, tərkibində kimyəvi silahlara məxsus başlığı olan mərmilər, Kalaşnikov avtomatına məxsus yeni güllələr, vərəm və "Sibir xorası" əleyhinə vaksinlər və zirehli geyimlər sınaqdan çıxarılıb. Beynəlxalq ictimaiyyət bu hadisə ilə yaxından tanış olsa da, təəssüflər olsun ki, vəhşiliklərə bəzi hallarda göz yumur.

Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri geniş şəkildə çatdırılır. Dünya insanı Xocalıda baş verən olayları layiqli və düzgün qiymətləndirir. Bu gün Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində, davamlı olaraq, addımlar atılır. Aparılan bu uğurlu siyasətin nəticəsidir ki, dünya ölkələrinin bir qismi tərəfindən Xocalı soyqırımının rəsmən tanınması barədə qərar qəbul edilib. Faciəni qətliam kimi tanıyan ABŞ ştatları - Texas ştatı, Nyu-Cersi ştatı, Corciya ştatı, Men ştatı, Nyu-Meksiko ştatı, Arkanzas ştatı, Missisipi ştatı, Oklahoma ştatı və başqa ştatları qətnamə qəbul ediblər.

Bildiyimiz kimi, belə bir faciəyə siyasi-hüquqi qiymət vermək istəməyən dövlətlər də var. Bu gün, təbii ki, Avropa dillərində çap olunan kitablar, çəkilən filmlər və s. Xocalı həqiqətləri ilə dünya ictimaiyyətini baş-başa qoyur. Beynəlxalq qurumlar qarşısında fikirlərimizi qətiyyətlə söyləyə bilirik. Xocalı soyqırımı dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə gerçəkləşən layihələrin artıq coğrafi məkanı ilbəil genişlənir. Bu, Azərbaycanın dünyada formalaşan imicinin məntiqidir.

Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın və bəşərin faciəsidir. Dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və layiqli cəzalarını almalıdırlar.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...