UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq seminar keçirilib. Beynəlxalq tədbirdə millət vəkilləri Aqil Abbas, Elman Məmmədov, UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Portuqaliya, İngiltərə, İspaniya, Ukrayna, Gürcüstan da daxil olmaqla dünyanın 17 ölkəsindən nümayəndələr iştirak ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov 29 il öncə baş vermiş Xocalı soyqırımını dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi tələb olunan faciə adlandırıb. Xocalı soyqırımı haqqında Ermənistan “ziyalıları”nın yazdıqları “Xaç uğrunda”, “Ruhumuzun dirçəlişi” əsərlərində ermənilərin Xocalı əhalisinə qarşı törətdikləri vəhşilikləri diqqətə çatdıran rektor, həmin cinayətləri qələmə alan erməni “ziyalıları”nın bununla da Xocalı soyqırımını etiraf etmiş olduqlarını vurğulayıb.

44 gün ərzində davam edən Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və ordumuzun qəhrəmanlığı ilə Qarabağın işğaldan azad olunmasının Xocalıda soyqırıma məruz qalmış həmvətənlərimizin qisasının az da olsa alındığını deyən professor Ədalət Muradov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində, parlamentlərində Xocalı soyqırımının tanındığını diqqətə çatdırıb. Tədbirin keçirilməsinin əsas məqsədinin XX əsrin sonunda erməni faşistlərinin Azərbaycan ərazisində türklərə qarşı törətdiyi soyqırımın tanınması üçün dünya ictimaiyyətinə bir çağırış olduğunu bildirib.

Millət vəkili Elman Məmmədov ötən əsrdə Azərbaycanın dəfələrlə ermənilər tərəfindən soyqırıma məruz qaldığını vurğulayaraq, ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən söz açıb. Millət vəkili həmin vaxt erməni faşistləri tərəfindən günahsız insanların, uşaqların, qocaların, o cümlədən anasının qətlə yetirildiyini, bir çox ailələrin isə tamamilə məhv edildiyini bildirib. Xocalı ilə yanaşı, işğal dövründə soyqırıma məruz qalmış digər ərazilərimizdə ermənilərin törətdikləri kütləvi qırğınların dünyaya çatdırılması və cinayətkarların cəzalandırılması istiqamətində təbliğat işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas Xocalı soyqırımı zamanı baş verən hadisələrdən danışıb. Faciənin şahidi olmuş millət vəkili, soyqırım zamanı həlak olanların sayının daha çox olduğunu, bu faktların ermənilərin yazdığı əsərlərdə də əks olunduğunu deyib. Aqil Abbas 44 günlük müharibədə ermənilərin öz cinayət əməllərini dünya ictimaiyyəti qarşısında davam etdirdiklərini, dinc əhalini raket atəşinə tutduqlarını diqqətə çatdırıb. Azərbaycanın Vətən müharibəsində yalnız hərbi meydanda öz ərazilərinin işğaldan azad olunması uğrunda qəhrəmanlıqla mübarizə apardığını bildirib.

Sonra UNEC-in professoru Abbas Seyidov “Xocalı faciəsi Azərbaycan xalqına qarşı yönələn soyqırımdır” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirə qatılan İstanbul Universitetinin professoru Kutluk Kağan Sümer Xocalı soyqırımını bütün Türk dünyasının faciəsi adlandırıb. Azərbaycanın böyük zəfəri ilə bitən 44 günlük müharibənin də məhz ermənilər tərəfindən başlandığını diqqətə çatdıran professor, ermənilərin tarix boyu törətdikləri vəhşiliklərdən, təxribatlardan söz açıb.

Gürcüstan Dövlət Universitetinin professoru Otar Abesadze, tədbirin Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.

“Kiyev-Mohila Akademiyası” Milli Universitetinin professoru, Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyası İctimai Təşkilatının rəhbəri Fərhad Turanlı Xocalı soyqırımının tarixi, hüquqi və siyasi qiymətləndirilməsindən danışıb, Ukraynada Xocalı həqiqətlərinin ictimaiyyətə çatdırılması istiqamətində aparılan işlərdən bəhs edib.

Sonda Xocalı sakini, UNEC-in əməkdaşı Nərmin İbrahimova 29 il öncə Xocalıda yaşanan hadisələrdən danışıb, ailəsinin yaşadığı məcburi köçkün həyatından, faciənin törətdiyi psixoloji travmalardan söz açıb. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında gəncləri fəal olmağa çağırıb.

Beynəlxalq tədbir UNEC-in rəsmi facebook səhifəsində canlı yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə