Xocalı faciəsinin dünyaya tanıdılmasında YAP-ın rolu

Öncə xalqımızın başına gətirilən növbəti faciə olan Xocalı soyqırımı qurbanlarının xatirəsi bu gün təkcə ölkəmizdə deyil, bir çox xarici ölkələrdə də ehtiramla yad edilir. Dünya azərbaycanlıları və ölkəmizin ləyaqətli dostları bu soyqırımın tanıdılmasında böyük əzm və qətiyyət göstərirlər.

Əminik ki, bu faciə yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin tarixində ən qanlı hadisələrdən biri kimi yaddaşlarda qalacaqdır. İnsanlıq əleyhinə bu ağır hərbi cinayəti törətmiş şəxslər tezliklə hüquqi müstəvidə öz layiqli cəzalarını alacaqlar. Bu gün Azərbaycan ordusunun Ali Baş Komandanın əmri ilə ərazi bütövlüyümüzü təmin etməsi və böyük zəfərlə bitən Vətən müharibəsindəki qalibiyyətimiz buna böyük zəmin yaratmışdır.

Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası funksionerləri və partiyanın hər bir üzvü də istər ölkə daxilində, istərsə də xarici ölkələrdə aparılan kampaniyalarda aktiv iştirak edərək Xocalı faciəsinin daha geniş auditoriyaya çatdırılması işində yaxından iştirak etmişdir. Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasından sonra, onun təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi. Bu dövrdən etibarən ölkə miqyasında və ölkəmizdən kənarda Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə başlanıldı. 2008-ci ildə isə Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyasına start verildikdən sonra keçirilən ardıcıl tədbirlər, müxtəlif xarici ölkələrin siyasi və ictimai dairələri ilə aparılan izahat işləri nəticəsində Xocalı soyqırımı barədə həqiqətlərin dünyada tanıdılması geniş vüsət aldı. Bu sahədə səfirliklərimizin, diasporumuzun və xüsusilə də gənclərimizin, o cümlədən xaricdə təhsil alan tələbələrimizin əhəmiyyətli rol oynadığını qeyd etmək olar.

Bu prosesdə Yeni Azərbaycan Partiyasının üzvləri də yaxından iştirak etmişdir. Beləki, 2012-ci ildə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar fevralın 26-da Türkiyənin İstanbul şəhərinin tarixi Taksim meydanında izdihamlı yürüş-mitinq keçirilmişdir.

Qardaş ölkədə 175 mindən çox insan 20 il bundan əvvəl erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı Azərbaycanın haqq işinə dəstək vermək üçün İstanbulun mərkəzinə - Taksim meydanına toplaşmışdır. Türkiyə hələ bu cür izdihamlı yürüş-mitinq yaşamamışdı. "Bir millət, iki dövlət – Xocalıya ədalət!" şüarı altında İstanbulun Qalatasaray liseyinin önündən başlayan aksiya Taksim meydanına istiqamət götürdü.

Əllərində Azərbaycan və Türkiyə ilə yanaşı, bir çox ölkələrin dövlət bayraqlarını, Xocalıda qətliam törədənləri və onları dəstəkləyənləri, indiyədək Xocalı soyqırımına lazımi siyasi-hüquqi qiymət verməyən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yuman beynəlxalq təşkilatları qınayan ifadələr yazılmış plakatlar tutan insanlar "Biz hamımız xocalılıyıq", "Xocalıya ədalət!", "Bir millət, iki dövlət", "Erməni yalanlarına son!", "Qarabağ bizimdir, bizim də olacaq!", "Erməni cavab verəcəkdir", "Qəlbimiz də Xocalı", "Azərbaycan xalqı tək deyil!" və s. şüarları səsləndirirdilər. Bu kampaniyanın iştirakçıları və təşkilatçıları sırasında Yeni Azərbayan Partiyasının əsas funksionerləri və gənclər birliyinin yüzlərlə üzvü də iştirak etmişdir.

Xocalı soyqırımının 27-ci il dönümü ilə əlaqədar fevralın 26-da Bakıda partiyamızın sədri Prezident cənab İlham İlham Əliyevin başçılığı altında keçirilən ümumxalq yürüşündə də partiyanın çoxminli üzvləri iştirak etmiş, bu yürüşün məqsəd və məramının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında da yaxından iştirak etmişdir.

Hər il Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə partiyanın gənclər birliyi üzvləri ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərinə, səfirliklərə, beynəlxalq təşkilatların ofislərinə faciəylə bağlı əyani formativi və saytlar, həmçinin müxtəlif xarici ölkələrin senatorlarına, ombudsmanlarına, dövlət rəsmilərinə virtual şəkildə Xocalı faciəsi haqqında təqdimatlar, bukletlər və s. göndərmişdir.

Doğrudur, bir sıra beynəlxalq kütləvi informasiya vasitələri və beynəlxalq təşkilatların nümayəndələri bu faktı təsbit etsələr də, dünya ictimaiyyəti uzun müddət bu faciədən bixəbər və ona biganə qalmışdı. Hətta Ermənistan rəhbərliyinin Xocalıda məhz dinc əhaliyə divan tutmasını etiraf etməsi və buna haqq qazandırması belə dünya ictimaiyyətinin lazımi reaksiyasına səbəb olmamışdı. Bəlkə də, bu biganəliyin nəticəsidir ki, Xocalı soyqırımından bir neçə il sonra bəşəriyyət dünyanın müxtəlif bölgələrində insanlıq əleyhinə törədilmiş yeni ağır cinayətlərə şahidlik etməli oldu.

Hörmətli Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası soyqırımın ildönümləri ərəfəsində xüsusilə intensivləşsə də, əslində, bu sıradan olan ayrı-ayrı tədbirlər bütün il boyu təşkil edilir. Bu prosesdə Yeni Azərbaycan Partiyasının üzvləri, xüsusən gəncləri də təmsil olunurlar.

Yeni Azərbaycan Partiyasının hər bir üzvü Xocalı faciəsinin dünyaya tanıdılmasına öz vətəndaş məsuliyyətini dərindən dərk edir və bu işi öz müqəddəs vəzifəsi kimi yerinə yetirir. Bu faciə hamımızın ağrısıdır və hər bir azərbaycanlı istər Xocalı faciəsində, istərsə də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və xoşbəxt gələcəyi uğrunda şəhid olanların ruhu qarşısında məsuliyyət daşıyır.

Aqşin Bağırov

YAP Biləsuvar rayon təşkilatının sədr əvəzi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...