"Ermənilər bu vəhşilikləri tariximizi silmək üçün törədiblər" ÖZƏL-ŞƏRH
"Azərbaycanın işğal altında olan ərazilərinin 44 günlük müharibə nəticəsində azad edilməsindən sonra həmin bölgələrə xarici nümayəndələrin, Azərbaycanda olan xarici səfirlərin diplomatik heyətlərinin səfərləri təşkil olundu, həmçinin xarici jurnalistlər, məxsusi olaraq bölgə ilə bağlı səfər edən şəxslər erməni vandalizminin əyani şahidi oldular." Bu sözləri SİA-ya verdiyi açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova deyib.
Tarixçi alimin sözlərinə görə, o torpaqlar ki, 30 il ərzində işğal altında idi, ermənilərin nəzarəti altında idi, həmin torpaqların 30 il əvvəlki görünüşü ilə bu günkü mənzərə birmənalı şəkildə erməni xalqının tarixi abidələrə, maddi mədəniyyət nümunələrinə necə divan tutduğunun şahididir.
“Bu gün həmin ərazilərimizdə nəinki yaşayış üçün yararlı binanın qalmadığı, ümumiyyətlə, bir tikilinin belə tam olaraq saxlanılmadığı bir zamanda Ermənistan ərazisində azərbaycanlıların tarixi izlərini itirmək üçün ermənilərin törətdiyi vəhşilikləri təsəvvür etmək çətin deyil. Ermənilər bu gün yaşadıqları, yüz il əvvəl sahib olduqları dövlətin ərazisinin guya özlərinə məxsus olduğu barədə mifləri, "qədim tarixi" nə qədər yaşatmağa çalışsalar da həmin ərazilərin əzəli sahiblərinin Azərbaycan xalqı olduğu həqiqətdir. Azərbaycan xalqının mədəniyyət nümunələrinin, tarixi ədəbiyyata, səyyahların yazılarına, ayrı-ayrı fotoqrafların təsvirlərinə çokmüş bir yaddaş tarixi vardır. Bu tarixi yaddaşda, ədəbiyyatda, rəsmlərdə, fotoşəkillərdə yaşadırıq. İrəvan xanlığı, eyni zamanda, Çar Rusiyasi dönəmində ermənilərin həmin ərazilərə köçürüldüklərini bilirik. Sonrakı dövrdə, yəni XIX əsrdə və XX əsrin əvvəllərinə qədər, o cümlədən ötən əsrin müxtəlif dövrlərində Ermənistandan azərbaycanlıların zorla köçürülməsi faciəsini, Azərbaycan xalqına məxsus tarixi abidələrin məhv edilməsini, erməniləşdirilməsini artıq hər kəs bilir, bu artıq tarixdir və sənədləşdirilib. Mən qeyd eləmək istəyirəm ki, hələ 1902-ci ildə İrəvan Quberniyasının statistika qurumu yaddaş kitabçası çap etmişdi və həmin kitabçada İrəvan Quberniyası ərazisində mövcud olmuş 310 məscid haqqında məlumat verilirdi. İrəvan Quberniyasında mövcud olmuş 310 məsciddən 7-sinin İrəvan şəhərində olduğu göstərilirdi. Bu, hələ 1902-ci ilə aid olan bir informasiyadır. Həmin məscidlər, hansılar ki, İrəvan şəhərində mövcud olmuşdur, o məscidlərin adlarına diqqət yetirsək birmənalı şəkildə mənsubiyyətini də görəcəyik. Təbii ki, məscid islam abidəsidir, bu, orada müsəlmanların yaşadığının birbaşa şəksiz sübutudur. Adlara diqqət yetirək: Təpəbaşı məscidi, Şəhər məscidi, Zalxan məscidi, Göy məscid, Hüseynəli xan məscidi, Hacı Novruzəli bəy məscidi, Qala məscidi, Sərdar məscidi, Dəmir bulaq məscidi, Hacı Cəfər bəy məscidi və sair. Bunlar birmənalı şəkildə, hətta məscidlərin şəxsiyyət adları ilə adlandırılması özü bu məscidlərin kim tərəfindən inşa edilməsinin, kimə məxsus olmasının bir gösrəticisidir. Ona görə də qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində ermənilərin məskunlaşdırılması, sonradan isə orada dövlət qurmaları o ərazilərin tarixi sahibinin kim olduğunu heç cür inkar edə bilməz”, deyə Firdovsiyyə Əhmədova bildirib.
Tarixçi alim xüsusilə xatırladıb ki, Ermənistan ərazisində qeydə alınan Azərbaycan memarlığının, arxitektura abidələrinin siyahısına Sovet dövründə nəşr olunmuş ədəbiyyatlarda, həmin dövrdə erməni nəşrlərində, dövlət arxivində də rast gəlmək mümkündür: “XX əsrin 40-cı, 50-ci illərinə aid olan siyahılarda İrəvan şəhərində sadaladığımız məscidlər barədə informasiya verilir, onların inşa tarixi göstərilir. Digər bölgələrdə, yəni İrəvan xanlığının digər ellərində, Ermənistan SSR-nin rayonlarında minarələr, məscidlər barəsində də informasiyalar vardır. İrəvan şəhərinin özündə kifayət qədər nüfuzlu, kubar nəslin tanınmış nümayəndəsi Pənah xan Bakinskinin evi, mülkü barəsində informasiya verilir. Yəni, bu, Ermənistan SSR zamanında belə Azərbaycan memarlığının arxitektura abidələri barəsində elmi informasiya, rəsmi informasiya ədəbiyyatda kifayət qədər geniş yer alır. Bütöv bir xanlığın ərazisi ermənilər tərəfindən mənimsənilib. Yəni, bəylərbəyliyi dönəmində də bu, Qafqazın azsaylı inzibati ərazi vahidindən bütöv bir vahid idi. İrəvan Quberniyası dönəmində ermənilər havadarlarının yardımı ilə bütöv bir xanlığın ərazisini mənimsəmək üçün burada yerli xalqa, yəni azərbaycanlılara məxsus olan tarixi abidələri, maddi-mədəniyyət nümunələrini yer üzündən silməyi qarşılarına məqsəd qoymuşdular. Bunun da yolu onları məhv etməkdən, zor gücünə ata-baba yerləridən qovmaqdan, yer üzündən silməkdən keçirdi. Əsasən bu, 1918-1920-ci illərə təsadüf edir. Çünki, həmin dönəmdə əzəli Azərbaycan torpaqlarında erməni dövləti yaradıldı və Ararat Respublikası dönəmində Daşnaksütyun partiyası hökuməti hakimiyyətdə idi və daşnakların terror, etnik təmizləmə siyasəti yer adlarına, tarixi abidələrə, müsəlmanlara məxsus olan dini abidələrə qarşı yönəlmişdi. İnsanlar kütləvi şəkildə məhv edilir, yerlərindən qovulurdular və onlara məxsus olanlar ya mənimsənilirdi, ya məhv edilirdi. Sovetlər dönəmində özünü çox qabarıq biruzə verən bu siyasət Sovetlər biriliyinin dağılması ərəfəsində yeni bir məzmunda ortaya çıxdı. Nəhayət sonuncu dalğada 250 mindən çox azərbaycanlı əzəli yurdlarını tərk etdilər, ondan sonra isə qalan nə kimi tarixi-memarlıq abidələrə var idi, hansı ki əvvəlki dönəmdə Azərbaycan xalqına mənsubluğunun izlərini özündə yaşadırdı, həmin abidələr də ermənilər tərəfindən məhv edilmişdir”, deyə Firdovsiyyə Əhmədova əlavə edib.
Bu gün ermənilər çalışırlar ki, Ermənistan ərazisinin guya özlərinə məxsus olduğunu sübut etsinlər. Süni tarix yazırlar, saxta yolla ermənilərə aid memarlıq abidələri "aşkar" edirlər. Amma fakt faktlığında qalır ki, indi inşa ediləcək müasir abidələr təbii ki, tarixi ruhu, tarixi məzmunu özündə əks etdirməyəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB