Abortların artması genefondumuza ağır zərbə vurur - ARAŞDIRMA

Abortların artması genefondumuza ağır zərbə vurur - ARAŞDIRMA

Hamiləliklərin yalnız yarısı doğuşla başa çatır, digər yarısı isə abortla

Tibbi texnologiyanın inkişafı və bununla paralel olaraq dünyada hökm sürən mənəvi deqradasiya prosesi son dövrlərdə yeni bir problemin əsasını qoyub. Bəşəriyyətin genefondunu məhv etməyə qadir olan bu problem süni abortlarla bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, abortların sayı getdikcə artır, xüsusən də qız uşaqlarının.

Süni abortlar dünyamızı hara aparır?

Abort 2 halda baş verə bilər.

1. Təbii abort. Hamiləliyin qısa vaxtdan sonra özbaşına və süni sürətdə pozulması zamanı. Özbaşına abort kəskin və xronik infeksion xəstəliklər, xronik zəhərlənmələr, rezus amili və s. nəticəsində baş verə bilər.

1. Süni abort isə dölə və ya hamilə qadının orqanizminə bilavasitə müdaxilə etməklə hamiləliyin bilərəkdən pozulmasıdır. Bu, əslində, bir insanın qəsdən qətlə yetirilməsidir, əlbəttə ananın xilas edilməsi halları istisna edilməklə.

Təbii abortlar nadir hallarda rast gəlinsə də, süni abort son vaxtlar bütün dünyada sürətlə yayılır. Bəzi ölkələrdə qadağan olunsa da, əksər ölkələrin qanunvericiliyi bu fakta görə cinayət məsuliyyət nəzərdə tutmur.

Bu gün dünyada mövcud olan dinlər də abortu qadağan edir. Yalnız doğuşun qadının həyatına təhlükə törədəcəyi və sağlamlığına zərər vuracağı halda bu, mümkün sayılır. Hesablamalara görə, abortların yalnız 1-2 faizində belə zərurət yaradır.

Tibbi araşdırmalara görə, ana bətnindəki embrionun ürək döyüntüləri 18 gündən sonra başlayır, 40 gün sonra baş beynə impulsların getdiyi müşahidə olunur, 6-7 həftədən sonra müstəqil hərəkətə başlayır. Oğlanlar ana bətnində 3 aydan sonra, qızlar isə 4 aydan sonra hərəkət edirlər.

Ümumiyyətlə, abortun ziyan və günahı barədə istər tibbi ədəbiyyatda, istərsə də hər hansı bir dində nə qədər danışılsa və müzakirə edilsə də dünyanın bir çox yerində qadınlar aborta üstünlük verməyə davam edirlər. Maraqlıdır ki, bununla da onlar hamiləlikdən qorunma üsulları arasında ən çətininə və ən təhlükəlisinə əl atmış olurlar. Halbuki, arzuolunmaz hamiləlikdən qorunmaq üçün dövrümüzdə lazımı qədər üsullar mövcuddur. Bu barədə yazının sonunda...

Dünyada qorxunc abort statistikası

Bu gün dünyada orta hesabla hər 1000 qadına il ərzində 35 abort düşür. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr müqayisə edilsə, ciddi fərq var. İnkişaf etmiş ölkələrdə bu göstərici hər 1000 qadın üzrə 35, inkişaf etməkdə olan ölkələrdə 15-dir.

Abortların sayına görə ən aşağı göstərici dinin hakim olduğu ölkələrdədir. Belə ölkələrdə il ərzində 1000 qadına 10 abort düşür. Digər ölkələrdə bu göstərici hər 1000 qadına 10-80 abort arasında dəyişir. Ümumiyyətlə, orta göstəricilərə əsasən, hər bir qadın ömründə ən azı bir dəfə abort etdirir.

ÜST-ün hesabatlarına görə, hər il dünyada 50 milyondan çox qadın abort olunur. Onların 20 milyonu qeyri-leqal abortlardır, bu hal qadın ölümü hallarının artmasına yol açır.

Abortların 78 faizi inkişaf etmiş ölkələrin, 22 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Hər il aborta baş vuran qadınları qitələr və bölgələr üzrə bölsək, onların 11 faizi Afrikanın, 58 faizi Asiyanın, 9 faizi Latın Amerikasının və Karib dənizi hövzəsinin, 17 faizi Avropanın, 5 faizi digər inkişaf etmiş ölkələrin payına düşər.

Abortların səviyyəsinin artması ən çox inkişaf etmiş ölkələri narahat edir. Çünki abortlara baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə (məsələn, İran, Hindistan, Türkiyə, Pakistan) əhalinin artımı sarıdan problem yoxdur. Ancaq inkişaf etmiş ölkələrdə (məsələn, Almaniya, Rusiya, Amerika, Fransa və s) vəziyyət əksinədir, çünki bu ölkələrdə əhalinin sayının ili-ildən azalması müşahidə olunur.

Azərbaycanda abortlar: statistika nə deyir?

BMT-nin Əhali Fondunun məlumatlarına görə, Azərbaycanda hamiləliklərin 50 faizə yaxını diri doğuşla başa çatır, digər yarısı isə abortla dayandırılır. Bu həddən artıq yüksək göstəricidir. Tədqiqatda qeyd edilir ki, süni abortla dayandırılan hamiləliklərin sayı qadının yaşı və hamiləliklərin sıra nömrəsi artdıqca daha da yüksəlir. 34-35 yaş arası qadınlar arasında hamiləliklərin dörddə üç hissəsi abortla nəticələnir.

Azərbaycanda abortlar əsas etibarilə ailəli qadınlar tərəfindən 2-ci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə olunur. İlk hamiləliklərin yalnız 2 faizi abortla nəticələnir, lakin 5-ci və daha sonrakı hamiləliklərdə bu göstərici 83%-ə qalxır. Ailədə olan uşaqların sayı artdıqca abortu həyata keçirən qadınların faizi də çoxalır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə 37 308 abort qeydə alınıb. Abortlardan 49-u 15-17 yaş qrupuna, 1 406-sı 18-19 yaş, 7 101-i 20-24 yaş, 11 617-si 25-29 yaş, 10 947-si 30-34 yaş, 6 188-i 35 və yuxarı yaşda olan qadınlar arasında qeydə alınıb.

Bəzi məlumatlara görə, son dövrlərdə məktəbyaşlı qzılar arasında abortların sayı kəskin artıb və bu rəsmi statistikaya düşmür. Bu isə, artıq problemin başqa tərəfi- mənəvi-əxlaqı məsələlərlə bağlıdır. Hərçənd, onların müəyyən bir hissəsi zorlama nəticəsində bu yola əl atır. Lakin şüurlu şəkildə bakirəliyin pozulmasına imkan verən yeniyetmə və gənc qızların abortu haqda həkimlər dəfələrlə mətbuatda danışıb.

Abortun əsas səbəbləri nədir?

Düzdür, abort əksər hallarda qadının öz istəyi ilə reallaşır. Amma inkar etmək olmaz ki, bu addıma bəzən qadını ailədə də təhrik edirlər. Bu vəziyyət çox vaxt qadının həyat yoldaşından gizlədilir. Amma bəzən kişinin də belə istəyi olduğu halları faktır. Bir çox qadınlar körpəsini dünyaya gətirmək istəyində olsa da, onu zorla həkimə aparırlar.

Azərbaycan qanunvericiliyində aborta məcbur və təhrik etməyə görə 115-ci maddənin 2-ci və 3-cü hissələrinə görə islah-əmək koloniyalarında cəza verilir.

Əksər ölkələrdə abortu gerçəkləşdirməzdən əvvəl qadının yazılı razılığı alınır ki, sonradan heç bir narazılıq yaşanmasın. Amma ölkəmizdə bir çox həkimləri yalnız alacağı pullar maraqlandırır.

Sosial problemlər və ailə gəlirlərinin azalması da abortların artmasına rəvac verir. Bir çox ailələrdə əsasən 3-cü uşağın dünyaya gəlməsi məqbul sayılmır.

Digər tərəfdən, Azərbaycan ailələrində belə bir baxış hökm sürür ki, əgər 1-ci övlad qız olubsa, 2-cisi mütləq oğlan olmalıdır. Əgər müayinə zamanı dünyaya gələcək 2-ci uşağın da qız olacağı məlum olarsa, o halda mütləq əksəriyyət aborta üstünlük verir.

Nəticədə, son illərdə doğulan uşaqların say nisbətində qızların çəkisi xeyli azalıb. Qız uşaqlarına belə münasibət gələcəkdə ölkəni demoqrafiq böhranla qarşılaşdıra bilər.

Abortun hansı fəsadları olur?

Dünyanın bəzi ölkələrində abort qadağan edilib. Azərbaycanda isə, belə qadağa yoxdur. Məsələ burasındadır kı, əgər ölkəmizdə hətta abort qadağan edilərsə belə, qadınlar və onların ailələri buna əhəmiyyət verməyərək ara həkimlərinin-mamaçaların xidmətlərindən ev şəraitində istifadə edəcəklər.

Düzdür ölkəmizdə müayinə zamanı uşağın cinsinin valideynə deyilməsi qadağan olunub, lakin görünən odur ki bu qadağaya elə də riayət edilmir. Abortların artması və oğlan uşaqlarının çox doğulması da bunu təsdiq edir.

Abortun vurduğu ziyanlardan biri də gələcəkdə anormal, fiziki və əqli qüsuru olan uşaqların doğulmasıdır. Çünki abort zamanı uşaqlığın divarı tibbi alətlərlə o qədər zədələnir ki, bu da öz növbəsində növbəti hamiləlik üçün bir çox problemlər yaradır. Anaların əvvəllər tez-tez abort etməsi ilə əlaqədar hər il minlərlə uşaq vaxtından qabaq doğulur və bu uşaqlar çox zəif və qüsurlu olur.

Heç kimə sirr deyil ki, Azərbaycan ailələrində oğlan uşaqlarının xüsusi yeri var. Onun dünyaya gəlişi böyük bir hadisə, sevincdir. İş o yerə çatıb ki, "qızım oldu" deyən kişilərə dost-tanışları "canın sağ olsun" deyir.

Axı bu (və bu kimi digər) bədbəxt və savadsız gənclər bilməlidir ki, uşağın cinsiyyətinin təyini ananın "günah"ı deyil, uşağın qız və ya oğlan doğulması kişidən asılıdır. Hər halda bunu dünya elmi təsdiqləyir.

Çıxış yolu nədədir?

Arzuolunmaz hamiləlikdən qorunmaq üçün bu gün kifayət qədər istər tibbi, istərsə də təbii təbabət yolu ilə müxtəlif üsullar var. Axı qədimdə abort anlayışı olmayıb. Qadın hamilədirsə, körpəsini dünyaya gətirməli idi. Əgər ailədə daha uşaq istənilmirsə, bunun tədbiri əvvəlcədən görülürdü. Cəmi bir dəfə təbii yolla görülən tədbir qadını 5-6 ay hamiləlikdən qoruyur. Misal üçün, əgər qadın 3 qram zəfəran yesə, 7 ay müddətinə hamilə qala bilməz. Başqa təbii vasitələr də var ki, istəyənlər tibbi ədəbiyyatdan bunları əldə edə bilərlər.

Ümumiyyətlə, həkimlər hamiləlikdən qorunmaq üçün ən güvənli üsul kimi uşaqlıqdaxili "spiral"ları məsləhət görürlər. Həkimlər "spiral"ları müxtəlif müddətə, yəni qadının öz istəyinə görə müəyyənləşdirirlər. Əgər yaxın 5 il müddətinə qadın hamilə qalmaq istəmirsə, 5 illik "spiral" götürə bilər ki, bu da 50 manata başa gəlir. Amma abortların qiyməti "spiral"a görə ödənilən pulla müqayisə edilə bilməz.

Tibbi dildə "mini abort" deyilən 1-2 aylıq rüşeymin məhv edilməsinə görə həkim-ginekoloq ən azı 100 manat tələb edir. Bu qiymət dölün böyüklüyü ilə bərabər böyüyür. Bəzi həkimlər pula görə hətta 5 aylıq körpəni də doğrayırlar. Bu xidmətə görə isə 200-300 manat pul tələb edilir. Abortların artmasının ən böyük zərəri genefondumuza dəyir.

Doğulmamış cana qıymaqla və Tanrının yaratdığını məhv etməklə qazanılan günahın böyüklüyündən isə danışmağa dəyməz. Fotosunu yazıya əlavə etdiyimiz heykəl hər şeyi aydın ifadə edir...

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə