Bu yaxınlarda Xətai rayon Qaçaq Nəbi küçəsindəki 5, 7, 9 nömrəli binaların 17 nəfər sakini adından SİA-nın elektron poçtuna şikayət ərizəsi daxil olmuşdu. Əməkdaşımız hadisə yerində olub və sakinlərlə görüşüb.
Problemin kökündə bir məsələ dayanır. Sakinlər ticarət köşkünün qanunsuz olaraq insanların daim istifadə etdikləri yolun üstündə qoyulmasından narazıdırlar. Qeyd edirlər ki, bu üç binanın sakinləri, məktəb uşaqları, eyni zamanda təqaüddə olan insanlar bu yoldan keçərək ağacların altında əyləşib istirahət edirlər.
Lakin Xətai rayon 75 nömrəli Mənzil İstismar Sahəsinin (MİS) rəisi Miryavər Seyidov və evlərin alqı-satqısı xidmətində işləyən Nüsrət adlı şəxs tez-tez bu əraziyə gəlib baxış keçirirlər. Məlum oldb ki, həmin Nüsrət və Miryavər Seyidov şəhid adından istifadə edərək həmin yerə ticarət köşkü yerləşdirmək istəyirlər.
Maraqlı burasıdır ki, adları çəkilən hər iki şəxs 75 nömrəli MİS-in ərazisini özəlləşdiriblər. Sakinlərin şikayəti əsasında 75 nömrəli Mənzil İstismar Sahəsinin rəisi ilə görüşməyi qərara aldıq. Söhbət əsnasında rəis Miryavər Seyidovla müxbirimiz arasında bu dialoq yaşanıb:
- Bəli, mənim də xəbərim var, şəhid ailəsidir, icazəni alıb və oraya ticarət köşçü qoyulmalıdır.
- Hörmətli Yavər müəllim, bu məsələdən niyə Xətai Rayon İcra Hakimiyyətinin və Mənzil Təsərrüfat Birliyinin xəbəri yoxdur?
- Yaxşı olar ki, bir Nüsrət müəllimlə görüşəsiniz.
- Nüsrət müəllim kimdir?
- Nüsrət müəllim bizim ərazidə evlərin alqı-satqısı ilə məşqul olur...
75 nömrəli Mənzil İstismar Sahəsinin rəisi Miryavər Seyidov müxbirimizin suallarına cavab vermək əvəzinə ev alqı-satqısı ilə məşqul olan dəllalın yanına göndərməyi məsləhət bildi.
Sonra Miryavər Seyidov əməkdaşımıza: "Hörmətli müxbir sizin yazdığınıza heç kim məhəl qoymayacaq", deyib və məsləhət görüb ki, özümüzü çox yormayaq.
Nə deyirik ki, siz ticarət köşkü açmaqda olun, biz də yazmağımızda. Görək, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev buna nə deyəcək? Hər kəs bilir ki, İcra hakimiyyətinin başçısı qısa müddət ərzində rayonunun inkişafında böyük işlər görüb, qanunsuz tikililərə də qarşı daim barışmaz olub. Mətbuatda da bu barədə dəfələrlə yazılar hazırlamışıq. Lakin səndemə, icra başçısının gördüyü işlərə kölgə salanlar da var imiş. Ümidvarıq ki, Xətai rayon Qaçaq Nəbi küçəsi 5, 7, 9 nömrəli binaların sakinləri tezliklə sevincli xəbər eşidəcəklər. Haqq-ədalət zəfər çalacaq.
Mövzuya qayıdacağıq.
Məmmədhəsən MƏMMƏDOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB