Peyvənd olunub, salamat yaşayın - ŞƏRH

Peyvənd olunub, salamat yaşayın - ŞƏRH

Hamı normal həyata qayıtmaq istəyir. Uşaq bağçaları, məktəblər, ali təhsil ocaqları açıldıqca, ümid yaranır ki, tez bir zamanda digər məhdudiyyətlər də aradan qaldırılacaq. Buna nail olmaq üçün isə, peyvənd olunmaq gərəkdir. Bununla həm özünüzü, həm də ətrafdakıları yoluxmadan qoruyacağsınız və özünüzü, sevdiklərinizi, xalqımızın ümumi sağlam gələcəyi naminə peyvənd olunub, salamat yaşamaq.

Məlum olduğu kimi, cari ilin yanvar ayının 18-dən ölkəmizdə vaksinasiya başlayıb. Sözügedən məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin həkim-epidemioloqu Bənövşə Abdullayevanın sözlərinə görə, ilk olaraq risk qrupuna daxil olan şəxslərə vaksin vurulur. İndiyədək tibb işçiləri və digər risk qrupuna daxil olan insanların vaksinasiyasında heç bir problem olmayıb. Həmin insanların səhhətlərində heç bir əks effektlər aşkarlanmayıb. Artıq 65 yaşdan yuxarı şəxslərin də peyvənd olunmasına start verilib. Bu proses də qaydalara uyğun davam edir. İnsanlar könüllü şəkildə qeydiyyatdan keçərək, vaksinasiya olunur. Hələlik bu yaş kateqoriyasına aid insanların da səhhətində heç bir ciddi fəsad baş verməyib. Vaksinasiyaya başlayan ilk ölkələrdənik. İnsanların sağlamlığı naminə dövlətimiz hər zaman zəruri və təxirəsalınmaz addımlar atıb. Bu vaksinasiya da dövlət vəsaiti hesabına və könüllülük prinsipinə əsaslanır. Bütün dünyada olduğu kimi Azərbaycanda da vaksinasiya prosesi uğurla davam edir. Azərbaycan ölkə rəhbərinin iradəsi ilə əhalisinin sağlamlığı naminə bütün imkanlarından istifadə edərək buna nail olub.

Sosial şəbəkələrdə vaksinlə bağlı yalan şaiyələr

İlk vaxtlar virusla olduğu kimi, indi də vaksinlə bağlı bəzi insanlar arasında əsassız yanaşmalar var. Bu da bəzi qüvvələrin çirkin niyyətindən irəli gəlir. Bu, bütün dövrlər üçün də xarakterikdir. Virusun ilk yayıldığı dövrlərdə də insanların inamsızlığını müşahidə edilib və düzgün olmayan informasiyalar yayıblar. Ancaq bu gün bütün sahələrdə uğurlu inkişaf prosesi gedir. Ona görə də insanların prosesləri daha dəqiq araşdırıb, ən doğru olanı seçməsi tövsiyə olunur.

Bənövşə Abdullayeva: "Hər kəsi qorxub-çəkinmədən vaksinasiya prosesində aktiv olmağa səsləyirəm"

Həkim-epidemioloqu Bənövşə Abdullayeva onu da bildirib ki, vaksin yeni bir məsələ deyil. Uzun on illiklər Polimeritdən, Vərəmdən və digər kütləvi yoluxucu xəstəliklərdən insanları qoruyan vaksin olub. Vaksin sayəsində indi Difteriya, Polimerit, Göy Öskürək xəstəliyi yoxdur. Bu gün Azərbaycan öz imkanları ilə əhalisini vaksinlə təmin edir. Bunu edə bilməyən dövlətlər də var. Ümumdünya Səhiyyə Təşkilatı da çalışır ki, o kateqoriyadan olan ölkələrdə də əhalinin vaksinləşməsini həyata keçirsin. Vaksinasiya əsas şərtdir. İnsanlar yalan şayiələrə inanmasın. Vaksinasiya iki mərhələdə keçirilir. Hər bir mərhələdə insan ciddi yoxlanışdan keçir. İnsanın qanında antitellər yaranıbsa, ona vaksin vurulmur. Vaksin vurulan şəxslə bağlı yüz faizlik bir qaranti mövcud deyil. Bu, bütün dünyada belədir. Amma ən pis halda belə vaksin virusun öldürücü qabiliyyətini zəiflədir. Vətəndaşlar bilməlidirlər ki, vaksinasiya prosesi hər zaman bəzi infeksion, o cümlədən digər yoluxucu xəstəliklərin qarşısını almaqda xüsusi rola malik olub. Belə ki, uşaq yaşlarından suçiçəyi, qızılca, məxmərək kimi xəstəliklərə qarşı peyvənd olunmaqla onlardan qorunuruq. COVID-19 əleyhinə vaksin pandemiyadan qurtulmağımızın yeganə yoludur. Həmin vaksinin vurulması qaydaları var və hər kəs peyvənd olunmur. Peyvənd vurulması üçün həkim müayinəsi və göstərişi vacibdir. Xroniki xəstəliklərin aktivləşməsi dövründə olanlar, onkoloji xəstəliklərdən əziyyət çəkənlər, 18 yaşadək uşaqlar, vaksinin tərkibindəki maddələrə qarşı allergiyası olanlar, hamilələr, südvermə prosesində olan qadınlar vaksinasiyadan kənarda qalırlar. Vaksinin inyeksiya yerində qızartı, ağrı olması, baş ağrısı, yorğunluq, halsızlıq, yüngül temperatur kimi yan təsirləri ola bilər. Ciddi yan təsirlərə də çox nadir hallarda rast gəlinir. Ölkəmizdə üç həftədən çoxdur vaksinasiya aparılır. Bu müddət ərzində ciddi yan təsirlər qeydə alınmayıb: "Digər bir tərəfdən, vaksin vurduranlar arxayınlaşmamalı, qoruyucu vasitələrdən, gigiyena qaydalarından imtina etməməlidirlər. Vaksinasiyadan kənarda qalanları nəzərə alaraq pandemiya bitənədək maska taxılmalı, gigiyena qaydalarına əməl olunmalı, sosial məsafə prinsipləri gözlənilməlidir. Xatırlatmaq istərdim ki, peyvəndin ikinci dozası birincidən 21-28 gün sonra vurulur. Qanda antitellər isə ilk dozadan təxminən bir ay sonra yaranır. Vaksin vurulandan sonra xəstəliyə yoluxma ehtimalı az da olsa var. Bu zaman xəstəlik ağırlaşma olmadan yüngül keçirilir. Peyvənddən sonra yaranan qoruyuculuq individual olsa da, əmələ gələn immunitetin 6 aya qədər qaldığı deyilir. Pandemiyanın aramızdan getməsi üçün əhalinin 60-70 faizində immunitet formalaşmalıdır ki, hazırda bunu da yalnız vaksinasiya ilə etmək mümkündür. Hər kəsi qorxub-çəkinmədən vaksinasiya prosesində aktiv olmağa səsləyirəm".

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə