Prezident İlham Əliyev: "Həyat göstərdi ki, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik"
30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altında idi. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və ordumuzun güclənməsi Azərbaycanın Vətən müharibəsində döyüş meydanında öz sözünü deməsi ilə nəticələndi. Azərbaycan torpaqları işğaldan azad olundu. Artıq bu ərazilərdə yeni bir dövrə – inkişaf, quruculuq dövrünə qədəm qoymuşuq. Bu Zəfəri xalqımıza yaşadan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və ölkəmizin güclü ordusu oldu. Bu gün Azərbaycan bayrağı işğaldan azad olan Cəbrayıl şəhərində, Zəngilan şəhərində, Füzuli şəhərində, Qubadlı şəhərində Şuşada… dalğalanar. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan torpaqlarımıza səfər edərək, erməni vandallarının törətdiyi əməlləri bir daha xalqımıza göstərir və bu ərazilərdə görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verir. Əlbəttə ki, dağıntılara məruz qalmış ərazmlərimizi bütün dünya görmüş olur. Təbii ki, ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, ərazilərimizi viran qoysalar da, xalqımza məxsus din-mədəniyyət abidələrin dağıtmış olsalar da, tarixi həqiqət qələbə çalıb. Azərbaycan öz haqqına qovuşub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci Xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Bu ərazilərin hər birində erməni təcavüzkarlığı özünü göstərir. Dövlət başçısı "Yenə də azad edilmiş torpaqlardayıq" deyərək torpaqların bərpası prosesinə artıq başlanıldığın bildirib. Qeyd edib ki, bütün şəhərlərimizin baş planları hazırlanır: "Təqdim olunacaq, müzakirə ediləcək. Ondan sonra bərpa işlərinə start veriləcək".
"VANDALLAR, BARBARLAR İŞĞAL DÖVRÜNDƏ BÜTÜN BİNALARI SÖKÜBLƏR, TALAYIBLAR, DAŞLARI OĞURLAYIBLAR"
Dekabrın 1-i 2020-ci il tarixində Laçın rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapdı. Azərbaycan Prezidenti İlham Əliyevin 1 dekabr tarixində xalqa müraciətində Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu bildirmişdi. "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq" – deyən Cənab Prezident qeyd etmişdi ki, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı: "Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq". Bu gün Laçında da yeni həyat başlayır. Laçında abadlıq-quruculuq işləri həyata keçiriləcək. "Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik. Baxın mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Vandallar, barbarlar işğal dövründə bütün binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik", deyə bildirib.
"LAÇIN RAYONUNUN İŞĞAL ALTINA DÜŞMƏSİ STRATEJİ NÖQTEYİ-NƏZƏRDƏN ÇOX BÖYÜK MƏĞLUBİYYƏTİMİZ İDİ"
Xatırladaq ki, Laçının işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Onların öz doğulduqlara yerlərə göndərilməsi əsas məsələrdən biridir. Təbii ki, işğaldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb.Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Burada 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur. Bütün bunlar dağıdılıb. İlham Əliyev Laçın rayonunun Şuşadan sonra işğala məruz qalmış ikinci rayon olduğunu bildirib. Bildirib ki, hər bir rayonun itirilməsi böyük faciə idi: "İnsanlar həlak olub, insanların əmlakı dağıdılıb, insanlar öz dədə-baba torpaqlarından didərgin salınıb. Eyni zamanda, Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz idi. Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb… Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər". Vurğulamaq yerinə düşər ki, Ermənistan tərəfindən Laçının işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.
AZAD EDİLMİŞ TORPAQLARDA BİRİNCİ ELEKTRİK STANSİYASI İSTİFADƏYƏ VERİLDİ
"Həyat göstərdi ki, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik. Laçın rayonunu qaytarmaq fikirləri belə yox idi onların. Biz gəldiyim yolla gələrək, yol boyunca yerləşən bütün rayonları, kəndləri, şəhərləri azad edərək bax, buralara gəldik. Laçın rayonunun cənub hissəsini işğalçılardan azad etdik, Güləbird kəndini azad etdik", deyə dövlət başçısı bildirib. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri ilə zəngin olan bir diyardır. Cənab Prezident Laçın rayonunun ərazisində yerləşən Həkəri çayının gözəlliyini qeyd edərkən "Çayımızı da düşmən istismar etmişdir, təbiətimizi də istismar etmişdir. Biz buna son qoyduq, düşməni rədd etdik", deyə bildirib. Qısa bir zamanda bu ərazilərdə həyat öz axarına düşəcək. Necə ki, artıq Güləbird kəndində qısa müddət ərzində inşa edilmiş "Güləbird" Su Elektrik Stansiyasının açılışı oldu. Bu, azad edilmiş torpaqlarda birinci elektrik stansiyasıdır. Erməni qəsbkarlar işğal dövründə bu stansiyanı da darmadağın etmişdilər. İndi təxminən 7000 nəfər əhali elektrik enerjisi təmin olunacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
"BU TORPAQLARI DÜŞMƏNDƏN AZAD EDƏN MÜZƏFFƏR ORDUNUN ALİ BAŞ KOMANDANI KİMİ AZƏRBAYCAN BAYRAĞINI QALDIRMIŞAM…"
Artıq Azərbaycan xalqı öz dədə-baba yurdunu düşməndən azad edib. Tarixin səhifələri hər zaman yaddaşlardadır. Torpaqları satanlara qarşı olan nifrət heç zaman silinməz. "Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq, deyən Cənab Prezident bildirib ki, "Bax, durmuşam burada - Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB