Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və onların mövcud qaydalara əməl etmələri müsbət nəticələrə gətirib çıxarıb. Hazırda Azərbaycan yoluxanların və vəfat edənlərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Azərbaycan dövləti infeksiyasının yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib.
Bütün bunlarla yanaşı, qarşıda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş uğurun qorunub saxlanmas, möhkəmləndirilməsi və bu bəladan qurtulmağını ən optimal yolu vaksinasiyadır. İndiki durumda xəstəlikdən yeganə xilas yolunun peyvənd olduğu nəzərə alsaq, vətəndaşların əvvəlki həyatlarına qayıtması üçün vaksinasiya prosesində aktiv iştirakı olduqca vacibdir. Artıq yanvarın 18-dən Azərbaycanda COVID-19 virusuna qarşı vaksinasiyaya başlanılıb. Vaksinasiya strategiyasına əsasən, birinci mərhələdə tibb işçiləri peyvənd olunub. Fevralın 8-dən isə ölkədə 65 və daha yuxarı yaşda şəxslərin peyvəndlənməsinə start verilib. Vaksinasiya dövlət hesabına könüllü aparılır.
Adil Qeybulla: "COVID-19 pandemiyası ilə mübarizədə ən optimal yol vaksinasiyadır"
Tibb üzrə elmlər doktoru, professor həkim Adil Qeybulla deyir ki, vaksinasiya olunmuş şəxslər karantin qaydalarına yenə də əməl etməlidirlər: "Artıq Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılacaq. Dünyanın bütün sağlamlıq mərkəzləri vaksinasiya prosesinə ciddi şəkildə nəzarət edir. Vaksinasiya prosesindən sonra baş verən bütün hallar qeydə alınır və ümumiləşdirilir. Dünya tarixində bəzi vaxtlarda vaksinasiya prosesində problemlər yaşandığı hamıya məlumdur. Bu baxımdan proses ciddi nəzarət altında saxlanılır. Vətəndaşlar gərək antivaksin kampaniyalarına qoşulmasınlar. Hesab edirəm ki, vaksinasiya prosesi pandemiyanın başa çatmasına xeyli kömək edəcək. Eyni zamanda vaksinasiya olunmuş şəxslər karantin qaydalarına yenə də əməl etməlidirlər".
Adil Qeybulla koronavirusa qarşı peyvənd olunub. Bu barədə o özü məlumat verərək bildirib ki, iynə yerində xəfif ağrıdan başqa heç bir diskomfort yoxdur: "Şübhəsiz ki, peyvəndləmə pandemiyanın sonu deyildir. Amma infeksiya zəncirinin qırılmasının, onun kaskad şəklində yayılmasının qarşısını almaq üçün vacib proseduradır. Biz bu yolla, kollektiv immunitetə və pandemiyanın sonuna tez və daha az itkilərlə yetişə bilərik. Peyvənd aktiv immunizasiya metodu olub infeksiyalarla mübarizə işində elmin nail olduğu ən effektiv vasitə olaraq qalır. Məhz kütləvi peyvəndləmənin nəticəsi olaraq, bu gün on minlərlə uşağın həyatına son qoyan, onları əlil edən skarlatina, difteriya, göy öskürək (boğmaca), qızılca, poliomielit kimi infeksiyalar yoxa çıxmış görünür. Peyvəndin köməyi ilə insanlıq tarixində pandemiyalar törətməklə təxminən 500 milyon insanın həyatına son qoyan təbii çiçək kimi xüsusi təhlükəli infeksiya yoxa çıxmış və Ümumdünya Səhiyyə Təşkilatından reyestrindən çıxarılıb".
A.Qeybulla insanları bu reallıqları nəzərə almağa çağırıb: "Pandemiyanın başlanğıcında bəzi insanların sürətlə yayılan infeksiyanı "yalan", "boş şey", "insanları məhv etmək metodu" və s. kimi primitiv səviyyədə cəfəng, əsassız və məntiqsiz təbliğatlarını yada salın. Təəssüflə qeyd etmək yerinə düşərdi ki, sonradan həmin infodemiya (dezinformasiya) hörgütünün bəzi üzvləri özləri də xəstələndilər, onların içərisində həyatlarını itirənlər də az olmadı. Ona görə də qətiyyən vaksin tərəddüdünə qoşulmayın, bu kampaniyanı bilərəkdən yayan və ya səmimi yanılanların təbliğatına uymayın. Peyvənd olunun, bundan qətiyyən çəkinməyin".
Professor A.Qeybulla COVID-19 virusuna qarşı vaksinasiya haqqında danışarkən deyib ki, peyvəndin nəticələri bir-iki ay müddətində məlum olacaq: "Çünki peyvənd tarixində çox hadisələr olub. Məsələn, Amerikada donuz qripinə qarşı peyvəndləmə zamanı problem ortaya çıxdı, denqi qızıdrımasına qarşı peyvənddə də oxşar hal baş verdi. 2009-cu ildə qlobal qrip pandemiyasına qarşı 31 milyon insan peyvənd olundu, ciddi problemlər görüldü. Buna görə də peyvəndin nəticələrini müəyyən müddətdən sonra görə biləcəyik. Lakin bu zənciri qırmaq üçün peyvəndləmə aparılmalıdır".
Professorun fikrincə, hazırda dövlət səviyyəsində alınan peyvəndlərin parametrləri haqqında nəsə demək çətindir: "Yəqin ki, daha geniş məlumat ictimaiyyətə açıqlanacaq. Çindən alınan peyvəndlərin keyfiyyət parametrlərinə şübhə etməyə ehtiyac yoxdur. Çünki bu peyvəndlərin əksəriyyəti kifayət qədər nüfuzlu laboratoriyalarda hazırlanır. Ən əsası odur ki, peyvənd tərəddüdünə qoşulmamaq, peyvənd əleyhinə çıxış etməmək, əksinə, peyvəndə isti yanaşmaq lazımdır. Çünki biz hər şeyi özbaşına buraxsaq, daha çox itkilərlə üz-üzə gələ bilərik. Hesab edirəm ki, müxtəlif çeşidli peyvəndləri mərhələli şəkildə ala bilərik. Peyvəndləmə zamanı hanslısa vaksini özünü daha yaxşı göstərə bilər. Bu, ilk təcrübələrdir. Yəqin ki, yaxın müddətdə daha dəqiq nəticələr olacaq".
Aydın Əliyev: "Mən hesab edirəm ki, insanlarda vaksinə qarşı inamsızlığı yaradanlar təxribatçılardır"
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev bildirib ki, hazırda vaksinlərlə bağlı həddindən artıq neqativ fikirlər yayılmaqdadır: "Mən hesab edirəm ki, insanlarda vaksinə qarşı inamsızlığı yaradanlar təxribatçılardır. Bunu yayanlar bizi, ölkəmizi istəməyənlərdir. Bu yanlış dezinformasiyalar dünyanın rahat yaşamasını istəməyən qüvvələr tərəfindən insanlara təlqin olunur. Vaksin öldürülmüş, zəiflədilmiş virusdur, yaxud da virusun hansısa hissəciyindən istifadə edilərək yaradılıb. Peyvənd nə qədər ziyanlı olsa belə, bizim istifadə etdiyimiz McDonald’s, KFC, Fryday, cipsi, broyler toyuqları, dönər, şaurma, kolbasa-sosiska, sardelka, konservləşdirilmiş qida məhsulları, spirtli içkilər, siqaret və digər bu kimi qida məhsulları və zərərli vərdişlərimizin verdiyi zərərdən qat-qat zərərsizdir".
A.Əliyev bildirib ki, aktiv koronavirus insan orqanizminə düşəndə 100 adamdan 90-nı bunu yüngül keçirir, yerdə qalan 10 nəfər orta ağır və ağır keçirir: "Bəs necə ola bilər ki, aktiv yox, öldürülmüş virus bizim bədənimizə yeridilsin və bu, bizim üçün təhlükəli olsun? Bu sadəcə absurddur. Mən istənilən dövlət qurumunu ən sərt şəkildə tənqid edirəm. Amma vaksin məsələsində tənqid etmək yox, bir-birimizə dəstək olmalıyıq. Bir ildir təhsil dayanıb, insanlar xeyir iş edə bilmir, iqtisadiyyat çökür, iş yerləri bağlanıb. Biz bu durumdan çıxmaq, adam kimi əvvəlki həyatımıza qayıtmaq istəyiriksə, mütləq vaksinasiya olunmalıyıq. Bəzisi deyir vaksin sonsuzluq yaradır, bəzisi deyir adamı öldürür, bütün bunlar təxribat xarakterilə insanların beyninə bilərəkdən salınıb. Əgər vaksində şübhəli bir şey olsa, mən də həkim kimi etirazımı, mövqeyimi bildirərəm. Özüm və ailə üzvlərim də mütləq şəkildə vaksinasiya olunacağıq. İnşallah, vaksinasiya başlayana qədər bir problemimiz olmazsa, mən peyvənd olunmağımı videoya çəkib paylaşacam".
Bir sözlə, vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsi vacibdir. Çünki COVID-19 bəlasından xilas yolu vaksinasiyadan keçir.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB