Qubada koronovirusa qarşı mübarizə tədbirləri davam etdirilməkdədir

Qubada koronovirusa qarşı mübarizə tədbirləri davam etdirilməkdədir

Dünyada sürətlə yayılan COVİD-19 virusuna qarşı bütün dünya dövlətləri, o cümlədən Azərbaycan mübarizəyə başladı. Koronovirusa qarşı mübarizə işində ölkəmizdə hal-hazırda müsbət dinamika müşahidə olunmaqdadır. Belə ki, bu xəstəlik meydana çıxandan dərhal sonra ölkəmizdə bütün lazımı qabaqlayıcı tədbirlər görüldü ki, bunun nəticəsində Azərbaycan bu vəziyyətdən az itkilərlə çıxır. Bu işdə fədakar Azərbaycan həkimlərinin bütün tibb işçilərinin çox böyük əməyi vardır. Məhz həkimlərimizin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir.

Bu gün ölkəmizdə 46 xəstəxana ancaq koronovirus xəstələrinə xidmət göstərir. Eyni zamanda, testlərin keçirilməsi ilə əlaqədar Azərbaycanda uğurlu addımlar atılır və adambaşına düşən testlərin sayına görə ölkəmiz dünya miqyasında qabağcıl yerlərdədir. Qısa müddət ərzində ölkəmizdə test laboratoriyalarının sayı 5 dəfə artırılıb. Hal-hazırda 45-ə çatdırılıb. Bundan başqa ölkəmizə yeni təcili tibbi yardım maşınları gətirilib ki, xəstə vətəndaşlarımıza lazımı tibbi xidmətin, təcilin yardımın göstərilməsi üçün bu maşınların çox böyük əhəmiyyəti vardır.

Bundan başqa ölkəmizdə 9 modul tipli xəstəxana istismara verilib. Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən Azərbaycana həkim briqadaları gətirilib ki, onlar da koronovirus xəstələrini müalicə edirlər. Bir sözlə, bu gün ölkəmizdə insanların sağlamlığının qorunması üçün bütün lazimi tədbirlər görülür. Cənab Prezident İlham Əliyevin dediyi ki, - bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır. Azərbaycan koronovirusla mübarizə tədbirləri ilə bağlı dünya səviyyəsində öz müsbət töhfələrini verməkdədir. Belə ki, Qoşulma Hərəkatının sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sesiyanın keçirilməsinə dair təşəbbüsü dünya dövlətləri tərəfindən dəstəklənmişdir. Dünyanın 130-a qədər BMT –yə üzv dövlətləri tərəfindən bu təşəbbüsün dəstəklənməsi, beynəlxalq ictimaiyyət

tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan bir daha özünü dünya dövlətləri arasında rüsvay etdi, əsl irticaçı mahiyyətini göstərmiş oldu. Dünya dövlətləri tərəfindən İlham Əliyevin təşəbbüsünü, vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulandı.

Tarix boyu bütün epidemiyalara qarşı mübarizə vaksinasiya yolu ilə aradan qaldırılıb. Bu gün artıq bu prosses dünyada başlayıb. Cənab Prezident bu vaksinasiya prossesində bütün dünya dövlətləri üçün bərabərlik prinsipinin olmasını vurğulayıb. Dünyada olduğu kimi Azərbaycanda da 2021-ci ilin yanvarın 18-də COVİD-19 qarşı vaksinasiya prosesinə başlanılmışdır. Çin istehsalı olan “CoronaVAC” vaksini ilə birinci mərhələdə risk qrupuna aid şəxslərə-səhiyyə işçilərinə, 65 yaşdan yuxarı şəxslərə və hüquq –müdafiə orqanları işçiləri peyvənd olunacaqdır. Artıq 500 minə yaxın səhiyyə işçisi bu vaksinlə peyvənd olunub. 2-ci mərhələdə isə ən azı 1 xroniki xəstəliyi olan 50 yaş və daha yuxarı şəxslərə, təhsil, sosial sektor, Asan xidmət, DOST mərkəzlərində və ictimai xidmətdə çalışanlara peyvənd vurulacaq.

Ölkəmizdə, o cümlədən rayonumuzda koronovirusa qarşı mübarizə tədbirləri davam etdirilməkdədir. Belə ki, 21 mart 2020-ci il tarixdə koronovirus COVİD-19 –la əlaqədar YAP Quba rayon təşkilatı "sağlamlığımız milli həmrəyliyimizdir" aksiyasına qoşularaq qərargah yaratmışdır. YAP Quba rayon təşkilatı gəncləri və könüllüləri bu aksiyada fəal iştirak edərək köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkərək, onlara dəstək olmuş, koronovirusdan qorunma üsullarını onlara izah etmişlər və lazımı gigiyenik vasitələri çatdırmışlar. YAP Quba rayon təşkilatının könüllüləri Əmək və Əahalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə imkansız ailələrə ərzaq yardımlarının çatdırılmasında fəal iştirak etmişlər. Quba rayon icra hakimiyyəti və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə küçələrdə, inzibati binalarda mütəmadi olaraq dezinfeksiya işləri aparılıb.

Hal-hazırda rayonda vaksinasiyanın koronovirusdan xilas olmağın yeganə yol olması barədə təbliğat işlərinin aparılmasında YAP Quba rayon təşkilatı gəncləri fəallıq göstərirlər. Bu izahat təbliğat işləri koronovirus başa çatana qədər davam etdiriləcəkdir.

Artıq görülmüş tədbirlər öz müsbət təsirini göstərməkdədir. Belə ki, hazırda koronovirusa yoluxanların sayında azalma baş verməməkdədir, eləcə də sağalanların sayı yoluxanların sayından dəfələrlə çoxdur. Çox keçməz ki, ölkəmiz bu gözəgörünməz düşmənə də qalib gələr necə ki, Vətən müharibəsində Şanlı Zəfər qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün xəstələrə, o cümlədən koronovirus xəstələrinə şəfa diləyirik. Sosial şəbəkələrdə koronovirusla bağlı mübarizə tədbirlərinə həqiqəti əks etdirməyən, böhtan xarakterli yazıları ilə kölgə salmağa çalışanlar bilsin ki, Azərbaycan hakimiyyəti onların dediklərinin əksi olaraq hər zaman öz xalqının yanındadır və onun sağlamlığı naminə bundan sonrada bütün lazimi, zəruri tədbirləri həyata keçirəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə