Qarabağ probleminə Qalib Nidası qoyulduğu kimi, pandemiyaya qarşı mübarizədə də bir olmalıyıq
2020-ci il çətinliklər ili olsa da, sonda tarixə Qələbə ili kimi düşdü. Birlikdə, həmrəylik göstərərək 2020-ci il noyabrın 10-u Azərbaycan əzəli torpağı Qarabağına qovuşdu, tarixi ədalət bərpa olundu, bütövləşdik, Qarabağın Azərbaycanımıza aid olduğunu dünyaya sübut etdik. Həmçinin də, əsrin bəlası olan, bütün dünya üçün bir nömrəli problem olan COVİD-19 pandemiyası bir çox ölkənin sarsılmaz görünən iqtisadiyyatını iflasa uğratdı, aparıcı Avropa ölkələrinin səhiyyə sisteminin acizliyini üzə çıxardı, iqtisadiyyatı və sənayeləri tənəzzülə uğratdı. Real fakt budur ki, COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu. Şübhəsiz ki, ilk gündən hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxartmağa çalışır.
Qeyd edək ki, postsovet məkanı da koronavirus pandemiyasından əziyyət çəkən bölgələr sırasındadır. Lakin bu ərazilərdə vəziyyət fərqlidir. ÜST-ün məlumatına görə, MDB məkanındakı vəziyyət bəzi Avropa ölkələrindən və ABŞ-dan daha nikbin görünür. Bu baxımdan, bölgənin lider dövlətlərindən olan Azərbaycanın pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir. Məsələ ondadır ki, Azərbaycanda koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə həyata keçirildi.
Prezident Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət və atılan zəruri addımlar tektonik fəlakət zamanı öz sözünü deyə bildi
Neft sektorunun inkişafı iqtisadiyyatın bütün sahələrinə təsir göstərdi. Azərbaycanda bütün sahələrdə sabitlik təmin edildi, əhalinin məşğulluq problemləri müsbət həllini tapdı və sadə vətəndaşın rifah halı iqtisadi inkişafının əsas prioritetlərindən birinə çevrildi.
Koronavirus pandemiyası başlamazdan öncə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə kölgə iqtisadiyyatına qarşı ciddi tədbirlər görüldü, şəffaflıq təmin edildi və dövlət orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi təmin edildi, dövlət xidmətləri sahəsində mərkəzləşdirilmiş elektron məlumat sistemi yaradıldı. Bir sözlə, Prezident Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət və atılan zəruri addımlar tektonik fəlakət zamanı öz sözünü deyə bildi. Prezident Əliyevin vaxtında apardığı islahatlar və tədbirlər ilk növbədə ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına nail olmaq idi və fors-major situasiyada bu addımlar önəmini göstərdi. Pandemiya zamanı Prezidentin keçirdiyi müşavirələr, vətəndaşlara ayrılan sosial yardım, vergi güzəştləri, sahibkarlara dəstək, sosial həssas qruplara dəstək və atılan digər addımlar Azərbaycan nümunəsinin başlıca göstəricisidir.
Koronavirusa qarşı aparılan mübarizədə nümayiş etdirilən müsbət və inamlı nəticələr onu sübuta yetirdi ki, bu gün Azərbaycan dövləti yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirir, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyi verir.
Bu, hər ölkənin bacara biləcəyi məsələ deyil
Bəli, bu, hər ölkənin bacara biləcəyi məsələ deyil. Ölkə başçısı pandemiyaya qarşı mübarizədə bir sıra mühüm addımlar atdı. Hər zaman olduğu kimi, bu çətin günlərdə də dövlət öz vətəndaşının yanında oldu. Ümumiyyətlə, ölkəmizdə, sözün əsl mənasında, vətəndaş-dövlət etimadı mövcuddur. Biz Koronavirusla Mübarizəyə Dəstək Fondunun nümunəsində bunun bir daha şahidi olduq. Bundan əlavə, epidemiyanın fəsadlarından əziyyət çəkən sahibkarlar da unudulmadı, dövlətin onlara öz maliyyə dəstəyini göstərməsi bir daha təsdiq etdi ki, Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır, xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir, bu sevginin, qayğının, mərhəmətin bariz təcəssümüdür. Koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri və eləcə də bundan sonra nəzərdə tutulan genişmiqyaslı proqramlar Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikirlərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahının fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ölkəmizə Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr vaxtında gətirilərək tibb müəssisələrinə təhvil verilməsi, yeni laboratoriyalar formaslaşdırılması, qısa zamanda modul tipli xəstəxanaların qurulması dövlətin hər zaman öz vətəndaşının yanında olmasının təcəssümüdür. Nəticədə sağalanların sayı yoluxanların sayını üstələdi və biz müsbət dinamika əldə etdik. Azərbaycanda COVID-19 ilə mübarizədə əldə olunmuş nailiyyətlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilmiş, ölkəmiz bu mübarizədə nümunəvi ölkələr siyahısına daxil edilmişdir. Eyni zamanda dövlətin həkimlərə, səhiyyə işçilərinə xüsusi diqqəti də bu sahəyə marağı artırıb. Səhiyyə sistemində çalışan insanlar daim dövlətin qayğısı ilə əhatə olunub. Prezidentin Sərəncamı ilə tibb işçilərinin sosial müdafiəsi gücləndirilib, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 misli qədər əlavələr müəyyən edilib. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Yeni Çağrı Mərkəzi yaradılıb, koronaviruslu xəstələrin müalicəsinə cəlb olunmuş həkimlərə və tibb personalına psixoloji dəstək göstərilməkdədəir. Həmçinin, Prezident İlham Əliyevin adından və bilavasitə nəzarəti altında həyata keçirilən və iqtisadiyyatın bütün həssas sahələrinə dövlət dəstəyi göstərməyə yönəlmiş geniş fəaliyyət də xüsusi qeyd edilməlidir. Bunlara iş yerlərinin qorunması, koronavirus pandemiyasından zərər görən fərdi sahibkarlara maddi dəstək, o cümlədən vergi güzəştləri və vergi tətilləri verməklə sahibkarların vergi yükünü yüngülləşdirmək, kreditləri stimullaşdırmaq və ən əsası əhaliyə birbaşa sosial dəstək göstərmək kimi tədbirlər daxildir. Pandemiya zamanı iş yerlərinin qorunması, koronovirusdan zərər görən fərdi sahibkarlara maddi dəstək, o cümlədən vergi güzəştləri və vergi tətilləri verməklə Azərbaycan hökuməti sahibkarların vergi yükünü yüngülləşdirmək, kreditləri stimullaşdırmaq və ən əsası əhaliyə birbaşa sosial dəstək göstərmək baxımından mühüm addımlar atır. Eyni zamanda, pandemiyaya qarşı qoruyucu vasitələrin azlığı bir çox ölkədə ciddi problemlər yaratdığı halda, Azərbaycan hökuməti öz vətəndaşlarını koronavirusla mübarizədə istifadə olunan bütün qoruyucu vasitələrlə tam təmin edə bildi.
Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Azərbaycanda tibbi maskalar istehsal edən müəssisə açıldı. Bu müəssisənin istehsal həcmi gündə 250 min ədəd təşkil edir. Eyni zamanda, ölkədə dezinfeksiyaedici məhsullar, spirt və digər qoruyucu vasitələr istehsal olunur, bununla da pandemiyada bu məhsulların xarici idxaldan asılılığı minimuma endirilib.
Vətəndaşların məsuliyyəti - bu vəziyyətdən az itkilərlə
Bu gün dövlətin görmüş olduğu önləyici tədbirlərin nəticəsi olaraq koronavirusa yoluxma sayında azalma müşahidə olunması, ilk öncə vətəndaş məsuliyyətinin göstəricisidir. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın regionlara səfəri, bir sıra açılış tədbirləri, əhali ilə keçirilən səmimi görüşlər zamanı bu qlobal bəla ilə mübarizə aparmaq üçün xalqa müraciətləri, irəli sürülən tələblər və verilən tövsiyələr pandemiya dövrünün həm də ən böyük maarifçilik işi kimi əvəzsizdir.
Xilasımız vaksinasiyadan keçir
Mütəxəssislərin fikrincə, dünyada pandemiyaların bitməsinin üç yolu var: ya virus özü-özünü öldürəcək qədər mutasiyaya uğramalı, ya kollektiv immunitet formalaşmalı, ya da ən effektiv yol hesab olunan vaksinasiya tətbiq olunmalıdır. Virusun özünü məhv edəcək dərəcədə mutasiyası hələlik mümkün deyil. Araşdırmalara əsasən, bəzi mutasiyalar yoluxmanın daha sürətlə artmasına və şaxələnməsinə səbəb olur. Nəticədə infeksiyanın yayılmasının qarşısını almaq çətinləşir, səhiyyə sistemi dərin böhranla üz-üzə qalır. İndiki durumda ən perspektivli variant vaksinasiya hesab olunur. Vaksinasiya süni yolla immunitetin yaranmasını sürətləndirir. Bununla koronavirusa yoluxma zənciri qırılır, infeksiyanın kütləvi yayılma prosesi səngiyir. Artıq bir çox ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesinə başlanılıb. Ölkəmizdə yanvarın 18-dən etibarən koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsinə start verilib. Peyvəndləmə dövlət hesabına könüllü aparılır. Birinci mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətin peyvəndlənməsi həyata keçirilir. Fevralın 1-dən başlanılması planlaşdırılan ikinci mərhələdə tibbi cəhətdən yüksək risk qrupuna (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar) daxil olan şəxslər, 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olanlar, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) vətəndaşların vaksinasiyası nəzərdə tutulur.
İndiki nailiyyətlər yumşalmalar fonunda bizi arxayın etməməlidir. Gözəgörünməz düşmən dünyada indiyədək 2 milyondan çox insanın həyatına son qoyub.
Peyvəndləmənin könüllü olmasına baxmayaraq, vətəndaşların prosesdə aktiv iştirakı ən qısa zamanda, hətta cəmi bir neçə ay ərzində normal həyata qayıtmağımızın təminatı ola bilər. Bizim üçün yaradılan bu unikal şansdan maksimum faydalanıb, əvvəlki günlərimizə qaldığımız yerdən davam edə bilərik. Unutmamalıyıq ki, əsrin bəlasından xilasımız vaksinasiyadan keçir. İkinci qurtuluş yolu yoxdur! Qarabğağ problemiz Qalib Nidasını qoyduğu kimi, pandemiyaya qarşı mübarizə də bir olmalıyıq!
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB