Həm işləyib, həm uşaq böyütmək: necə etməli? - ARAŞDIRMA

Həm işləyib, həm uşaq böyütmək: necə etməli? - ARAŞDIRMA

Hər iki valideyni işləyən uşağın tərbiyəsi ilə kim məşğul olmalıdır?

Ana olan qadınların çoxu övladı doğulduğu vaxt iş həyatının tamamilə bitəcəyini və ya əvvəlki kimi olmayacağını düşünür. Bir çoxları da “əvvəl karyera, sonra uşaq” prinsipini əsas götürür. Düzdür, bu cür ailələr bizim cəmiyyətimizdə nisbətən azdır. Bizim cəmiyyətin spesifik xüsusiyyəti var- əksər ailələrimiz övlad sahibi olmağa tələsir. Mövzumuz, işləyən valideynlərin uşaqlarına necə baxması və bu cür ailələrdə uşaq psixologiyası və tərbiyəsinin necə tənzimlənməsi ilə bağlıdır.

Heç bir iş öz övladınla vaxt keçirməkdən daha vacib ola bilməz

Təəssüflər olsun ki, hər bir işdə sistemli və proqramlı davranmağı planlaşdıran insanlar bu məsələdə necə deyərlər “başısoyuqluq” edirlər. Bir çoxlarına elə gəlir ki, uşağa baxmaqla işləmək heç cür alına bilməz. Halbuki, oxuyaraq və ya işləyərək övlad dünyaya gətirən ailələrimiz də az deyil.

Hər iki valideynin işlədiyi ailələrdə bu problem həmişə var olub, amma bir çox ailələrdə valideynlər bunun öhdəsindən gəlir. Düzdür, valideynləri anlamaq olar, elə bir zamandır ki, yalnız ailə başçısının çalışması və qazandığı pul ilə ailə saxlamaq olmur. Bu halda ailənin xanımı da işə girir və ömür yoldaşına dəstək olur.

Amma bir çox ailələr də var ki, qadın ehtiyac olmadığı halda da işləmək üçün israr edir. Bu, pis hal deyil, qadın cəmiyyətdə yerini tutmaq istəyir, amma övladını tərbiyə etməklə də cəmiyyətə daha çox xeyir verə bilər.

Bu halda ailədə uşaq(lar) varsa, uşaq bağçasına və ya ailənin yaxınlarına əmanət edilir. Şübhəsiz ki, övladımız ən çox qiymət və önəm verdiyimiz varlıqdır. Amma onun gələcəyi üçün çalışarkən, maddi problemlərlə boğuşarkən övladımızın bizə nə qədər ehtiyac duyduğunu gözardı edirik.

Hazırda qadınlar, istər ailə büdcəsinə kömək məqsədi ilə, istərsə də həyat standartlarını yüksəltmək, peşə sevgisi, cəmiyyətdə yer qazanmaq, yeni insanlar tanımaq və həyat yoldaşı kimi yüksəlmək və s. kimi bir sıra səbəblərdən işləmək istəyirlər.

İşləyən qadınların böyük əksəriyyəti anadır. Nəinki qadının, eləcə də ata olan kişilərin də ailədə və uşaq tərbiyəsində önəmli rol oynaması vacibdir. Amma mütəxəssislər deyir ki, valideynlərdən birinin- çox vaxt ananın uşaq üzərində təsiri böyük olur. Uşaq daha çox anadan qayğı və diqqət tələb edir.

İşləyən ana: “Çalışan qadın ailəsinə vaxt ayıra bilmədiyini deyirsə, bu, bəhanədir…”

Qəhrəmanımız gənc ailədir. Ata, ana və oğulları. Ailəsi Sumqayıtda yaşayır, ata və ana işləyir. Ana Sumqayıt Dövlət Universitetində elmi işçidir, ata avtomobil profilaktoriyasında çalışır. Ana deyir ki, övladı anadan olandan sonra bir müddət işinə ara verməli olub: “Oğlum doğulandan sonra ona bir müddət özüm baxdım, amma məlum səbəblərdən işləmək məcburiyyətində idim. Ona görə də, onu anama və kiçik bacıma əmanət etdim. Oğlumla yalnız axşamlar və istirahət günləri ünsiyyətdə olurduq. Bu qədər az ünsiyyət nə məni, nə də oğlumu qane edirdi. Amma maddi problemlər işləməyə təhrik edir”.

Uşağın məktəbə gedib-gəlməsi, dərslərini hazırlaması və onunla zaman keçirilməsi barədə də danışdıq. Ana deyir: “Səhərlər tez oyanıram, axşam üçün yemək hazırlayıram, daha sonra səhər yeməyini hazır edirəm, yeyib evdən birlikdə çıxırıq, həyat yoldaşım maşınla oğlumuzu məktəbə aparır, daha sonra məni instituta qoyur, daha sonra özü işə gedir. Mənim işim axşam saat 6-da bitir, ona görə nahar fasiləsində atası uşağı məktəbdən götürür, nənəsigilə aparır və yenidən işə dönür. Axşam ya mən, ya da atası uşağı oradan götürüb evə gəlirik. Yeməyi əvvəlcədən hazırlayıb qoyuram, ona görə axşamlar o qədər də cox işim olmur, uşaqla vaxt keçirə bilirik, dərslərinə nəzarət edirəm, problemləri və istəkləri barədə danışırıq”.

Ata: “Evimizi kreditlə almışıq, hər ikimiz işləyərək ödəyə bilirik”

Ata deyir ki, indi ailə başçısı və oğul atası olmaq çətindir: “Oğlum bizimlə daha çox zaman keçirmək istəyir. Elə biz də bunu çox istəyirik. Amma təəssüf ki, çox işləməyə də məcburuq. Evimizi kreditlə almışıq, ödənişimizi hər ikimiz işləyərək ödəyirik. Amma bu, o demək deyil ki, övladımıza zaman ayırmırıq. Səhərlər və axşamlar onunla vaxt keçiririk, istirahət və tətil günləri gəzintiyə çıxırıq, onunla bol söhbət edirik, istəkləri ilə maraqlanırıq”.

Evin xanımı deyir ki, işləyən xanımların övladlarına zaman ayıra bilməməklərindən şikayət etməyə haqqı yoxdur: “Azərbaycan reallıqlarına görə bizim xanımlar o qədər də çox işləmirlər, ən çox işləyən xanım saat 17-dək çalışır. Böyük əksəriyyəti isə, müəllim, tərbiyəçi və tibb işçisidir ki, onların da çoxunun işi saat 14-15-də, uzağı 17-də başa çatır. Bundan sonra evinə və ailəsinə zaman ayırmağa kifayət qədər vaxtı var. Uşağa nənəsi, xalası, ya da kimsə baxa bilər, hətta anadan da yaxşı baxa bilərlər, amma ana qayğısına heç nə çatmaz. Uşaq bunu gözləyir, ana-ata nəvazişi həmişə lazımdır”.

İndi isə keçək balaca qəhrəmanımıza. 11 yaşı var, 4-cü sinifdə oxuyur. Ata-anasını çox sevdiyini deyir, bir də nənəsini: “Atamla anam işdə olanda evdə tək qalmayım deyə məni nənəmgilə qoyurlar, nənəgil yaxınlıqda olurlar. Nənəm məni çox istəyir, dərslərimə də kömək edir, dadlı yeməklər bişirir, dərslərini hazırlayıb qurtaranda həyətə gəzməyə çıxarır. Babam, xalam, dayım da mənə dərslərimdə kömək edirlər. Amma anam çox savadlıdır, o mənə hər şeyi öyrədir. Atam da ustadır, mənə bəzi şeyləri düzəltməyi öyrədir”.

Psixoloq: “Bütün günü işləyən ana övladının gözündə robotdan fərqli deyil”

Mütəxəssislər deyir ki, anası işləməyən uşaqlara nisbətən anası çalışan uşaqlarda bəzi problemlər olur. Bu, dərketmə, davranış və zəka kimi faktorlardır. Çünki ana zamanının çoxunu işə ayırır və nəticədə uşaqla vaxt keçirmir. Uşaqda qayğıya, nəvazişə ehtiyac sindromu yaranır.

Statistikaya görə, hər ikisi işləyən valideynlər övladlarının tərbiyələrinin doğru aparılmamasına səbəb olurlar. Çünki yalnız axşamdan-axşama uşağını görən valideyn ona qarşı mülayim və olduqca yumşaq olurlar ki, bu da uşağın tərbiyəsinə təsir göstərir.

Türkiyədə aparılan bir araşdırma isə çox təəccübləndirici bir nəticə ortaya çıxdı. Valideynləri işləyən uşaqların 85-90%-i belə bir vəziyyətdən şikayətçi deyil. Valideynləri işləyən uşaqların yalnız 10-15%i ana-ataları ilə daha çox vaxt keçirmək istədiyini söyləyib.

Psixoloq Xatirə Səfərova deyir ki, uşaqla keçirilən müddətin uzunluğundan keyfiyyəti vacibdir: “Ananın uşaq ilə birlikdə keçirdiyi müddət artdıqca keyfiyyəti azala bilər. Evdar xanımlar uşaqla daim bir yerdə olduqları üçün bir müddətdən sonra bu vəziyyətdən sıxıla da bilər. İşləyən analar isə ümumiyyətlə uşaqları ilə kifayət qədər vaxt keçirə bilmədiklərindən şikayətlənirlər”

Ekspert deyir ki, səhərdən-axşamacan işləyən ana övladının gözündə robotdan fərqli deyil: “Cəmiyyətimizdə elə qadınlar var, övladı olandan bir həftə sonra onu kiminsə himayəsinə verib işləyir. Br az dərinə getsən görərsən ki, ana bir müddət işləməsə də ailənin problemi yaranmaz. Amma bir çox qadın övladına zaman ayırmaqdansa işləməyi üstün tutur.”

Xatirə xanımın sözlərinə görə, qadınlar bunu cəmiyyətdəki mövqelərini itirməmək üçün edirlər: “Ümumiyyətlə bunun səbəbi çoxdur, amma ən geniş yayılmış səbəb qadının cəmiyyətdən geri qalma qorxusudur. Qadınlar hesab edir ki, evdə uşağa baxdığı müddətdə “korşalır” və yenidən işə başlayanda bir işə yaramaya bilər. Ona görə də tez-tələsik uşağı kiməsə tapşırır və işə qayıdır. Əminəm ki, qadın körpəsinin belə anlarda nə hiss etdiyini bilsə bu addımı atmaz.”

Uşağa kim tərbiyə verməlidir- ata, ana, yaxud nənə-baba?

Bütün uşaqlar anası və atası ilə daha çox vaxt keçirmək istəyir. Uşaqlar üçün oynamağa ən yaxşı tərəf müqabili valideynlərdir. Bizim cəmiyyətdə ata-uşaq münasibəti o qədər də dərin inkişaf etməyib. Təəssüflər olsun ki, atalar övladları ilə az zaman keçirir. Halbuki övladın yetişdirilməsi üçün hər iki valideynə ehtiyac var.

Tipik Azərbaycan ailəsində belə bir vəziyyət hökm sürür: Ata, ana və uşaq(lar)dan ibarət ailə. Ata işləyir, ana uşaqla məşğul olur. Axşam ata işdən gəlir, yeyir-içir, televizora baxır və ya qəzet, kitab oxuyur və yatır. Uşaqla zaman keçirmək heç ağlına da gəlmir. Yaxud: Ata və ana çalışır, uşaq baba, nənə və ya başqa bir qohumun (əmi, bibi və s.) himayəsində böyüyür. Uşaq yalnız axşamlar valideynlərinin üzünü görür. Amma uşağın nənəyə və ya başqa birinə əmanət edilməsi valideynlərin uşaq üzərində məsuliyyət hissini azaldır. Valideynlər, necə deyərlər, “arxayınlaşırlar”.

Uşağın nənəyə əmanət edilməsinin bəzi zərərləri də var. Bir gerçəklik də var ki, nənə-baba tərbiyəsi görən uşaqlar necə deyərlər “ərköyün” olur, dediyinin yerinə yetirilməsinə alışırlar. Amma bu o demək deyil ki, nənə-baba himayəsində böyüyən bütün uşaqlar bu cür olur.

Statistika və müşahidələr göstərir ki, ana-ata tərbiyəsi və qayğısı ilə böyüyən uşaqlar cəmiyyətdə daha çox seçilirlər. Belə uşaqlar həm məktəbdə, həm də sonrakı həyatında daha çox uğur qazanır. Çünki onu əhatə edən qayğını və bu qayğının ona verdiyi gücü hiss edir. İşinə övladından daha çox diqqət ayıran analar, düşünməyə dəyməzmi?...

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə