Qəzənfər Ağayev Sovet İttifaqı Qəhrəmanının məzarını ziyarət edib
Astara Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bu gün anım günündə Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevin məzarını ziyarət edib, önünə əklil qoyub.
Mirzə Ağamurad oğlu Cəbiyev 1925-ci ildə Astara rayonunun Hamoşam kəndində anadan olub. 1943-cü ildə Alman faşistləri ilə müharibəyə gedib, Belarusiya cəbhəsində Berlinə qədər döyüşmüş, qəhrəmanlıqlar göstərib. Ən böyük qəhrəmanlığı isə 1945-ci ilin 6 aprelində Keniqsberq şəhəri ətrafındakı döyüşlərdə olub. O, komandiri olduğu bölmə ilə düşmənə güclü müqavimət göstərərək, itkilərə məruz qoyub, şəhərin ən hündür qalasına qələbə bayrağını sancıb. Bu qəhrəmanlığa görə Mirzə Cəbiyev ən yüksək ada - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Mirzə Cəbiyev 10 fevral 1978-ci ildə Bakı şəhərində xəstəxanada müalicə alarkən vəfat edib, qış ayı olduğu üçün nəşini rayon mərkəzindən 40 kilometr aralıda yerləşən Hamoşam kəndinə aparmaq mümkün olmayıb, Astara şəhərində dəfn edilib.
İllər sonra ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Taxtanakəran-Toradi yolu asfaltlaşdırılıb, doğmalarının xahişi ilə qəhrəmanın nəşi Hamoşam kəndinə gətirilərək torpağa tapşırılıb. Qısa bir zamanda rayon icra hakimiyyətinin yaxından köməkliyi ilə Mirzə Cəbiyevin qəbirüstü abidəsi yüksək səviyyədə götürülərək ətrafı abadlaşdırılıb. Qəhrəmanın doğmaları, ağsaqqallar, bütün kənd ictimaiyyəti bu nəcib və xeyirxah əmələ görə rayon rəhbərliyinə minnətdarlıq ediblər.
İcra başçısı qeyd edib ki, Mirzə Cəbiyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ən gənc azərbaycanlı olub. O, müharibədən qayıdandan sonra dinc quruculuq illərində müxtəlif vəzifələrdə çalışıb, uzun illər doğma kəndində təsərrüfat rəhbəri kimi nümunəvi fəaliyyət göstərib, Hamoşam kəndinin inkişafında böyük əmək sərf edib. Onun altmışıncı illərdə böyük çətinliklə, heç bir texnikadan istifadə olunmadan, yalnız əllə mürəkkəb relyef şəraitində yerləşən Hamoşam kəndinə ilk avtomobil yolu salmasını isə ikinci qəhrəmanlıq kimi qiymətləndirmək olar.
İcra başçısı Mirzə Cəbiyevin nəinki yaşadığı kənddə, rayonda və bütün Respublikada tanınan hörmətli simalardan biri olduğunu, ulu öndər Heydər Əliyevin onu şəxsən tanıdığını, şəxsiyyətinə böyük hörmət və ehtiram bəslədiyini diqqətə çatdırıb. Qeyd edib ki, Mirzə Cəbiyevə dəfələrlə şəhərə köçmək, böyük vəzifələrdə işləmək təklif edilsə də, o, doğma kəndindən ayrılmayıb, kənd camaatının rahat yaşaması üçün o vaxt mümkün olan hər şeyi edib. Ona görə də bütün sağlamlığını, mənalı həyatını doğma kəndinin inkişafına sərf edən qəhrəman eloğlumuzun elə bu kənddə torpağa tapşırılması ilə yəqin ki, bu gün ruhu da şaddır. Bütün nəsillər bilməlidir ki, ömrünü Vətəninə həsr edən, eli-obası üçün fədakarlıq göstərən insanlar heç vaxt unudulmur və unudulmayacaq.
Mirzə Cəbiyevin şərəfli ömür yolu burada yaşayan gənclər üçün bir nümunədir. Təsadüfi deyil ki, Hamoşam kəndinin Qarabağ müharibəsində verdiyi şəhidlərdən biri - Əliyev Çinar Mühəddin oğlu Qəhrəmanın doğma nəvəsidir.
Qəzənfər Ağayev Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevin xatirəsinin doğmaları ilə yanaşı bütün onu tanıyanlar tərəfindən daim yad ediləcəyini, ehtiramla anılacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB