Azərbaycan zaman-zaman dünyaya söz sənəti xəzinəsini nadir incilərlə zənginləşdirən böyük sənətkarlar bəxş etmişdir. Bunların sırasında böyük söz ustadı Nizami Gəncəvi yaradıcılığı möhtəşəmliyi, müdrikliyi və həyatiliyi ilə seçilir. Əbəs yerə deyil ki, 2021-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildi. Bu ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə olan münasibətin təzahürüdür.
2021-ci ildə qüdrətli söz və fikir ustadı, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı ilə Nizami Gəncəvi dünya miqyasında secilən simalardandir. Dərin fəlsəfi məzmunu yüksək poetik dillə, aydın, anlaşıqlı bir tərzdə oxucularına çatdıra bilən şairin yaşayıb-yaratdığı XII əsr mədəni-elmi nailiyyətlərlə zəngin bir dövr idi.
Nizami Gəncədə yaşasa da, özünü dünyanın söz hakimi hesab edir: O, təhsilini öz doğma şəhərində almiş, hələ çox gənc ikən ərəb, pəhləvi, fars və çox güman ki, yunan dilini də öyrənmiş, zəmanəsinin elmlərinə dərindən yiyələnmişdir. O dövrdə Gəncə şəhərində təhsil almaq üçün kifayət qədər geniş imkanlar var idi. Şair “Xəmsə”də adının İlyas, atasının adının Yusif, babasının adının Zəki Müəyyəd olduğunu göstərmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, Əfqanıstan, Hindistan, İran, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur.
Nizaminin yaradıcılığı, Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir. Onun, müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütün şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da, şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Nizami Gəncəvi Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də Gəncədə ərsəyə gətirmişdir.
Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Nizaminin "Xəmsə"yə daxil olan poemalar üzərində işləməyə başladığı XII əsrin sonuncu rübündə, Səlcuqların ali hakimiyyəti parçalanma dövrünü yaşayır, siyasi və sosial narazılıqlar isə artırdı. Lakin, fars mədəniyyəti, mərkəzləşdirilmiş hakimiyyətin mövcud olduğu dövrlə müqayisədə yerli hakimiyyətlərə parçalanma dövründə daha yaxşı inkişaf edir, fars dili isə əsas ədəbiyyat dili olaraq qalırdı. Nizaminin həyatı haqqında çox az məlumat saxlanılsa da, məlumdur ki, o, saray şairi olmamış, azad yaradıcılıq imkanı arzulamışdır. Buna baxmayaraq, Nizami əsərlərini müxtəlif sülalələrdən olan hökmdarlara həsr etmişdir. Nizami el gözündə düzlüyü ilə ucalır, qəlbinə, ilhamına düzlükdən güc alır.
Mənbələrdə göstərilir ki, Nizaminin xəmsəsində külli miqdarda atalar sözlərindən, zərbi-məsəllərdən və aforizm ifadələrdən istifadə etmiş və öz əsərinin bədii dəyərini artırmışdır. Həm də onun xalq yaradıcılığından, folklordan aldığı ifadələr, əsasən Azərbaycan xalqı ilə bağlı olmuşdur. Elə buna görə də, Azərbaycan xalqının adət və ənənələrini, dil və ifadə xüsusiyyətlərini bilmədən "Sirlər xəzinəsi"ndə aforizm və zərbi-məsəllərlə ifadə edilmiş dərin mənanı tamamilə qavramaq qeyri-mümkündür. Y.E.Bertels "Sirlər Xəzinəsi"nin bədii dilindən danışarkən göstərir ki, şair bu əsərində bədii sözün bütün həqiqi və məcazi mənalarından istifadə edir. Buna görə də, "Sirlər Xəzinəsi"ni dərindən başa düşmək üçün hərtərəfli, universal biliyə malik olmaq lazımdır. Y.E.Bertels "Sirlər Xəzinəsi"nin bir sıra beytlərinin Qərb və Şərq tədqiqatçıları tərəfndən doğru şərh edilmədiyini göstərmiş, dərin mənalı aforizmlərlə ifadə edilmiş beytləri açıb təhlil etmişdi. Bununla birlikdə Y.E.Bertels "Sirlər Xəzinəsi"ndə çətin anlaşılan təşbih və tərkiblərin işlədildiyini, şairin əsərin dilini bilərəkdən çətinləşdirdiyini qeyd edir. O, poemanın dili haqqındakı mülahizələri onu bu nəticəyə gətirir ki, "Sirlər Xəzinəsi" sadə xalq kütlələri üçün deyil, yüksək savadlı zadəgan təbəqə üçün yazılmışdır.
Əsərləri yüzilliklərdən bəri sevilə-sevilə oxunub bu gün də ürəkləri fəth edən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdəndir. Söz dünyasının günəşi, hələ saglığında əsərləri möcüzə sayılan Nizami özü də yaradıcılığının dəyərini yaxşı bilmişdir. Dahi sənətkar bədii fikir tarixini insan səadəti, mənəvi yüksəklik, mənalı ömür, azad və ədalətli cəmiyyət və. s. kimi əhəmiyyətini heç vaxt itirməyən ölməz ideyalarla zənginləşdirmişdir
Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.
Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdır.
1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başlayır. Həmin mərhələ bilavasitə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Onun təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.
Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
Nizami yaradıcılığının nəşri, tədqiqi və təbliği bu gün də diqqət mərkəzindədir və bu sahədə atılan hər bir uğurlu addım insanları böyük Azərbaycan şairinin ölməz bəşəri ideyalarına daha da yaxınlaşdırır, bəşəriyyətin xoşbəxtliyi uğrunda mübarizədə onun fikir dünyasına müraciət olunur. Nizami irsi xüsusilə şairin öz vətənində daha böyük məhəbbətlə öyrənilmiş, şairin dövrü, həyatı və yaradıcılığı dərindən və hərtərəfli tədqiq olunmuşdur. "Nizami Gəncəvi İli"də də dünya ədəbiyyatı xəzinəsinə nadir bir sıma kimi daxil olmuş görkəmli filosof, mütəfəkkir və söz sənəti mülkünün sultanı Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar kecirilən tədbirlərdə böyük ustadın sənət xəzinəsinə yenidən nəzər salınacaq, yetişən nəslə təqdim olunacaq.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB