“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları qələbəyə öz töhfələrini verdilər”

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları qələbəyə öz töhfələrini verdilər”

Pərviz Aslanov: “Xidmət öz çevikliyi və məhsuldarlığı ilə ona göstərilən diqqət və qayığının əbəs yerə olmadığını sübut etdi”

“Ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən illər ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti böyük inkişaf yolu keçərək hərb quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib”.
Bunu 44 günlük Vətən Müharibəsinin iştirakçısı jurnalist Pərviz Aslanov döyüş təəssüratlarını bizimlə bölüşərkən deyib. O, əlavə edib ki, müasir dünyanın tələbləri ilə ayaqlaşması üçün ötən il Azərbaycan Respublikası Prezidenti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam izaladı: “Sərəncama əsasən vahid elektron informasiya sistemində təhlükəsizliyi, texniki və proqram vasitələri sahəsində əsaslı dəyişiklik apara bilməsi məqsədilə Azərbaycan Respublikasının ehtiyat fondundan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə maliyyə vəsaiti də ayrıldı”. Pərviz Aslanovun sözlərinə grə, hazırda SHXÇDX müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi Silahlı Qüvvələrlə cəmiyyət arasında bir növ körpü rolunu oynayır: “Ordumuzun Qarabağda başladığı əks hücum əməliyyatları ilə əlaqədar Ali Baş Komandanın elan etdiyi qismən səfərbərlik zamanı bu Xidmət öz çevikliyi və məhsuldarlığı ilə ona göstərilən diqqət və qayığının əbəs yerə olmadığını sübut etdi. Cəmi bir neçə günə, hətta deyərdim ki, ilk günlər bir neçə saata qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirərək, ehtiyyatda olan hərbi qulluqçularımızın orduya səfərbər olmasını təmin etdi. Sözsüz ki, burada ictimaiyyətin hərbi vətənpərvərlik ruhu da əsaslı rol oynadı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlərdəki bölmələrinin qarşısında görünməmiş izdihamın şahidi olduq. Qismən səfərbərliyə cəlb edilən insanlarla yanaşı, könüllü olaraq orduya yola düşməyə gələnlər də Xidmətin həyətinə toplaşmışdılar. İzdihamdan yaranan gərginliyə baxmayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları üzərlərinə düşən vəzifənin öhdəsindən lazımınca gəldilər və qələbəyə öz töhfələrini verdilər. Müharibə zamanı isə daima yaxınları cəbhədə olan vətəndaşlarla sıx əlaqəni təşkil etməklə, onları vəzifə səlahiyyətləri çərçivəsində məlumatlandırdılar. Mən də ehtiyyatda olan zabit kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, onlara gələcək xidmətlərində uğurlar arzu edirəm”.
Qeyd edək ki, Pərviz Aslanov 1975-ci ildə Ağdam rayonunun Baş Qərvənd kəndində anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinə Beynəlxalq Jurnalistika ixtisası üzrə qəbul edilib. O vaxtlar fəaliyyət göstərən BDU-nun hərbi kafedrasını bitirərək Motoatıcı tağım komandiri ixtisası üzrə leytenant rütbəsi alıb. 2001-2003-cü illərdə zabit kimi həqiqi hərbi xidmətə çağırılaraq, baş leytenant rütbəsi ilə tərxis edilib. Sonralar Naxçıvan Dövlət Universitetini Magistr dərəcəsi üzrə bitirib. Əmək fəaliyyətinə 1996-cı ildə “Ədalət” qəzetində müxbir olaraq başlayıb. “525-ci qəzet”, “Gömrük xəbərləri”, İctimai Televiziya və Radio Yayımları Şirkəti kimi kütləvi informasiya vasitələlərində çalışıb. Hazırda “Lider” Televiziyasında redaktor vəzifəsində fəaliyyət göstərir: “Ordumuz hərbi əməliyyatlara başlayandan 2 gün sonra, yəni sentyabrın 29-da, mən də ehtiyyatda olan zabit kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon şöbəsinə çağırıldım. Bu çox xoş bir hiss idi. Çünki, təxminən 2 ay əvvəl mən də çoxları kimi, səfərbərlik xidmətinin rayon şöbəsinə könüllü yazılmışdım. İndi isə hərbi əks hücum əməliyyatları başlamışdı və mən də qismən səfərbərlik çərçivəsində xidmətə çağırılmışdım. Təbii ki, elə həmən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdamın Quzanlı qəsəbəsində yerləşən şöbəsinə getdim. Və elə gecə ilə bizi Beyləqandakı “N” saylı hərbi hissəyə göndərdilər. Bir neçə gün təminat üçün xırda yerdəyişmələrdən sonra bizi, yəni səfərbərliyə cəlb edilmiş zabitləri Füzuli istiqamətində apardılar. Hərçənd ki, yerdəyişmələrimiz ancaq gecələr olurdu, lakin yenə də yol boyu vətəndaşların hərbçi aparan nəqliyyat vasitələrinə necə də böyük həvəs və çılğınlıqla dəstək olduqlarının şahidi olurduq. Nəhayət ki, Füzuli istiqamətindəki döyüş mövqelərinə çatdıq. Mən İctimai Televiziyada işləyərkən, bir neçə il ardıcıl “Salam əsgər” verilişinin aparıcısı və redaktoru olmuşam. Daima ictimaiyyətin, əsasən də gənclərimizin hərbi vətənpərvərlik ruhunun yüksək olmasına nail olmağa çalışmışıq, kollektiv olaraq. Lakin əsl vətənpərvərlik hissinin, döyüş ruhunun nə demək olduğunu cəbhəyə düşdüyüm ilk gündəcə anladım. Bizim illərlə çalışdığımıza, Vətən Müharibəsi cəmi bir neçə günə nail olmuşdu. Ən çox da həqiqi hərbi xidmətdə olan gənclərimizin döyüş ruhu məni valeh etmişdi. Xatırladım ki, bunlar əsasən 18-20 yaşlı əsgərlər idi. Bu istiqamətdə döyüşlər ağır gedirdi. Çünki düşmən uzun illər yüksəkliklərdə möhkəmlənmişdi. PUA-larımızın, artilleriyamızın dəqiq atəşləri belə düşməni tutduğu mövqeni tərk etməyə asanlıqla vadar edə bilmirdi. Buna baxmayaraq ordumuzun əzmkarlığı, hərbçilərimizin qorxmazlığı sonda öz sözünü dedi. Bir neçə gün gedən ağır döyüşlərdən sonra, düşməin yerləşdiyi yüksəkliyi ələ keçrdik”.
Pərviz Aslanov əlavə edib ki, ümumiyyətlə, ön xətt yarıldıqdan sonra, düşmən yalnız geri çəkilə bilmək üçün müqavimət göstərməyə çalışırdı: “Bu əməliyyatdan sonra xidmət etdiyim bölmə Hadrut, Xocavənd, Cəbrayıl, Qubadlı istiqamətlərində əsasən müdafiə xarakterli və taktiki tapşırıqlar yerinə yetirdi. Əməliyyatlarda iştirak etdiyimiz yerlərin dəqiq adları heç kəsə bəlli deyildi, tam məxfi şəraitdə hərəkət edirdik. Harada olmağımızdan asılı olmayaraq, düşmən tərəfindən intensiv artilleriya zərbələrinə məruz qalırdıq. Müxtəlif qorunma yerləri seçirdik, cavab atəşi ilə yüngül atıcı silahlar olan mövqeləri susdururduq. Qətiyyən tanımadığımız və bələd olmadığımız ərazilərdə, qeyd etdiyim kimi, görüntü verməmək üçün qaranlıqda və işıqsız hərəkət edirdik. Nəqliyyat vasitələrilə daşınma həmişə mümkün olmurdu. Bu, şəxsi heyətin təhlükəsizliyi baxımından daha təhlükəli idi. Ona görə də olduqca çətin relyefə malik ərazilərdə piyada uzun mənzillər qət etməli olurduq. Nəhayət. Yuxarı komandanlıqdan növbəti istiqamətin Şuşa şəhəri olduğunu öyrəndik. Gecə ilə yerləşdiyimiz meşə, Daşaltı kəndinin üstü idi. Demk olar ki, ilk dəfə idi ki, hara getdiyimizi dəqiq demişdilər”. Həmsöhbətimiz deyir ki, təkcə Şuşa adı isə hər kəsi kövrəltmişdi: “Bölmələrimiz xırda döyüş qruplarına ayrıldılar. Buna baxmayaraq, hər kəs eyni istiqamətdə hərəkətə başladı. Başqa cür mümkün də deyildi. Çünki, hər tərəf düşmən mövqeləri idi. Hava işıqlaşanda məhşur “Cıdır düzü”nün sıldırımları və Şuşanın televiziya qülləsi göründü. Bu bam başqa bir hiss idi. Hərçənd ki, müxtəlif istiqamətlərdən düşmənin artilleriya zərbələri davam edirdi, yenə də imkan daxilində əlverişli mövqe tapıb, qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirməyə çalışırdıq. Bu əməliyatda və ümumiyyətlə döyüş boyu Xüsusi Təyinatlılarımızın şücaətinin düşmənin müdafiəsini qırmaqda müstəsna rolu oldu. Şuşa döyüşlərində hərəkət etdiyimiz relyef və ümumi şərait, ağır texnika və hava hücumu vasitələrindən aktiv istifadə edilməsinə imkan vermədi. Əməliyyatlarda iştirak etmiş hərbçi kimi tam əminliklə deyə bilərəm ki, Şuşa şəhəri yalnız yüngül silahlarla silahlanmış canlı qüvvənin qəhrəmanlığı sayəsində düşməndən azad edildi. Düşmənin təslim olmasına bir gün qalmış isə, üzərimizdə cavabdehlik daşıyan Polkovnik, adının qeyd edilməsi məncə düz olmazdı, bölmələrin döyüş tapşırığını çatdırarkən qəlpə yarası aldı. Dediyim kimi, düşmən dayanmadan artilleriya zərbələri endirirdi və yaralıları təxliyyə etmək olduqca çətin bir proses idi. Qəlpə yarasının isə qanaxması çox olur. Hələ orta məktəbdə öyrəndiyim üsulla onun yarasında olan güclü qanaxmanı dayandıra bildim və artilleriya zərbələrinin tezliyini qiymətləndirərək şəxsi sürücüsü ilə polkovniki təxliyə etdik. Həmən gecə düşmən təslim oldu. Bu ilin yanvarın 1-də isə mən ordudan tərxis edildim və yenidən “Lider” televiziyasında öz işimə qayıtdım...”.

Bütün xəbərlər Facebook səhifəmizdə